05:05 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
7601

ABŞ Avropaya öz maye qazını sataraq ilk növbədə cari deyil, perspektivli tədarüklər haqqında düşünür. Söhbət yeni mayeləşdirmə zavodlarından və onların zəmanətli müqavilələrlə təmin olunmasından gedir

BAKI, 29 sentyabr — Sputnik, Aleksandr Sobko. Son zamanlar "Şimal Axını 2" layihəsinin tikintisinin tamamlanması ilə bağlı problemlərin fonunda kütləvi informasiya vasitələrində tez-tez belə bir fikir səslənir: "Rusiyadan tədarük olmasa, Avropa Amerikanın bahalı maye qazı üçün həddindən çox pul ödəyəcək". Bu tezisin tənqidçiləri gülərək iddia edirlər: “Baxın, Amerikanın həmin maye qazı Avropanın qaz birjasında digər ölkələrin qazı ilə eyni qiymətdə (indi isə, ümumiyyətlə, çox aşağı qiymətlərlə) satılır”.

Kim haqlıdır? Həyat, həmişə olduğu kimi sadə sxemlərdən ibarət deyil. Gəlin hər şeyi aydınlaşdıraq.

Əvvəla xatırladaq ki, "Şimal Axını 2" ümumiyyətlə Ukrayna tranzitinin çox hissəsini əvəz etmək üçün tikilir və gələcəkdə Rusiya qazının ixracında əhəmiyyətli artım gözləmək lazım deyil. Ukraynadan tranzit üçün dörd il müddətinə (ildə 40 milyard kubmetr) ödəniş edilib. "Şimal Axını 2" isə 55 milyard kubmetr gücə malik olacaq. Yəni, bu mərhələdə "Şimal Axını 2"nin tikintisinin həmişəlik və ya qeyri-müəyyən müddətə dayandırılması yalnız "Qazprom"un maliyyə itkilərinə gətirib çıxaracaq.

ABŞ tərəfinin "Şimal Axını 2" üçün çətinliklər yaradaraq öz maye qazına yeni bazar əldə etməyi planlaşdırdığına dair tezis o deməkdir ki, bloklanmış "Şimal Axını 2"nin ardınca Ukrayna tranzitinin özü də dayanmalıdır.

Mülahizə aparmağa davam edək. Bu, Amerikanın maye qazına kömək edəcəkmi?

Birincisi, istənilən halda qaz (və maye qaz) bahalaşacaq – bazardan çıxarılacaq 50 milyard kubmetr qaz dünya ticarəti üçün kifayət qədər əhəmiyyətli həcmdir. Daha yüksək birja qiymətləri isə qaçılmaz olaraq Amerika maye qazının satışında rentabelliyin artmasına gətirib çıxaracaq.

İkincisi və ən əsası. Burada xatırlatmaq lazımdır ki, ABŞ cari maye qaz ixracı çərçivəsində istənilən halda mayeləşdirmə üçün zəmanət haqqını alır. Treyderlər aşağı qlobal kotirovkalardan əziyyət çəkir. Yəni, Birləşmiş Ştatların artıq tikilmiş zavodlardan maye qazın satışını hansısa şəkildə stimullaşdırmağa ehtiyacı yoxdur.

Daha vacibi isə yeni layihələrdən gələn maye qaz üzrə müqavilə bağlamaqdır. İdxalçıların Amerikadan maye qazı almadıqları, lakin mayeləşdirmə üçün məcburi rüsum ödədikləri bir vəziyyətdə kimisə müqavilə bağlamağa razı salmaq çətin olacaq. Reallaşmayan layihələr isə hələ çoxdur. Avropa bazarı burada faydalı olardı.

Əslində haqqında danışdığımız ziddiyyət elə bundan yaranır. Bəli, hazırda Amerika maye qazı istənilən digər ölkələrdən göndərilən qaz həcmləri kimi Avropada həqiqətən də aşağı qiymətlərlə satılır. Bazarda böhran var, məhsulları isə haradasa satmaq lazımdır, zavodlar artıq tikilib və treyderlər "mayeləşdir, ya da ödə" şərti ilə satınalma müqavilələri bağlayıblar.

Digər tərəfdən də Avropa başa düşməlidir ki, ucuz Amerika qazı artıqdır və başqa bir şəraitdə bu qaz adətən daha gəlirli olan Asiya bazarlarına gedəcək. Zəmanətli qaz tədarükü istəyirsiniz? Onda uzunmüddətli müqavilə bağlayın və daha çox ödəyin.

Digər tədarüklə müqayisədə Amerika maye qazı nə qədər baha olacaq?

Burada qeyd etmək lazımdır ki, hazırda qaz qiymətinin üç əsas formalaşma variantı mövcuddur: (1) spot qiyməti, (2) neftə bağlı qiymət və (3) Amerika maye qazı üçün ABŞ daxilində qazın qiymətinə əsaslanan və mayeləşmə haqqı əlavə olunmaqla təyin olunan qiymət.

Hesab edilir ki, bazar normaya qayıtsa, qazın birja qiyməti min kubmetrə təxminən 200 dollar təşkil edəcək. Neftin bir barelinin 50 dollar olacağı halda neftə bağlı qaz qiyməti də təxminən belə olacaq.

Bəs Amerika maye qazı hansı qiymətə göndəriləcək?

Onun qiyməti ABŞ daxilində qazın (dəyişkən) qiymətindən, mayeləşmə xərclərindən və Avropaya çatdırılma qiymətindən asılıdır.

Əgər 2013-cü ilin əvvəlində Amerika maye qazı digər ölkələrin qaz tədarükdən daha ucuz görünürdüsə, indiki şəraitdə indi o baha başa gəlir (o vaxt neft və spot bazarında maye qaz daha bahalı idi).

Daha bir sual. Avropa niyə məhz Amerikanın maye qazını almalıdır? Niyə Qətərdən və ya Rusiyadan yox? Üstəlik yaxın zamanlarda Qətər qazının bir hissəsi birja qiymətləri ilə satıla bilər. Ümumiyyətlə, Avropa mümkün defisiti istənilən qazla əvəz edə bilər.

Yekunlaşdıraq.

Birincisi. Rusiya qazının Amerika maye qazı ilə əvəzlənməsi yalnız iki şərtin eyni vaxtda yerinə yetirilməsi halında mümkündür: "Şimal Axını 2" layihəsinin bağlanması və Ukrayna tranzitinin dayandırılması. Bu halda Rusiya ixracının məhdudlaşdırılması bütün qaz bazarında qiymətləri artıracaq.

İkincisi. İstənilən halda, Amerika maye qazı bazarda digər qazlardan 10-30 faiz baha və hətta bəlkə də eyni qiymətə olacaq — hər şey Amerikanın daxili qaz qiymətlərindən asılıdır. Lakin ABŞ-dan maye qaz tədarükü üzrə uzunmüddətli müqavilələr bağlamaqla Avropa ABŞ-ın daxili qaz qiymətləri ilə bağlı bütün riskləri öz üzərinə götürür.

Öz növbəsində indi Avropada gördüyümüz ucuz Amerika (və digər ölkələrin) maye qazı bazarda qazın artıqlığının nəticəsidir: treyderlər onu sataraq Amerikadan maye qaz satınalmaları üzrə müqavilələrdən dəyən zərəri ən azı qismən kompensasiya etməyə çalışırlar.

Və sonuncusu. Avropaya öz maye qazını sataraq, ABŞ ilk növbədə cari deyil, perspektivli tədarüklər haqqında düşünür. Söhbət yeni mayeləşdirmə zavodlarından və onların zəmanətli müqavilələrlə təmin olunmasından gedir. Zavodların tikintisi təxminən dörd il çəkir və Ukrayna ilə qüvvədə olan tranzit müqaviləsi məhz bu vaxt bitəcək.

Əsas mövzular