23:36 20 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
2210

Yaxın gələcəkdə müharibələrinin gedişi və nəticəsi bu gün intensiv şəkildə formalaşan və təkmilləşən süni intellektli döyüş robotlarının effektivliyindən asılı olacaq.

BAKI, 13 avqust — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiyanın Aerokosmik Qüvvələri (AKQ) 2021-ci ildən çox məqsədli zərbə dronlarını almağa başlayacaq. Bu barədə "Krasnaya Zvezda" qəzetinə müsahibəsində AKQ baş komandanının müavini Sergey Dronov bildirib. 

O qeyd edib ki, "pilotsuz aviasiyanın tətbiqinin effektivliyi Suriya Ərəb Respublikasında xüsusi əməliyyat zamanı təsdiqlənib. Pilotsuz uçan aparatlardan istifadə qanunsuz silahlı birləşmələrin obyektlərinə yüksək dəqiqliklə zərbə vurmağı təmin edib".

Rusiyanın yaxınmənzilli və ortamənzilli pilotsuz uçan aparatları pilotlu aviasiyanın imkanlarını genişləndirilmək və problemləri həll etmək üçün hələ ki "ikinci rollarda" xidmət göstərir. Pilotsuz təyyarələrin vahid informasiya məkanında hərbi pilotlarla inteqrasiyası artır və perspektivdə "ağıllı" dronlar daha çox inkişaf edəcək.

Rusiyanın çoxməqsədli pilotsuz uçan aparatları 2021-ci ildən etibarən hava kəşfiyyatını müstəqil şəkildə apara və "düşmən obyektlərini strateji dərinlikdə yüksək dəqiqliyə malik döyüş sursatları ilə vura biləcək".

General Dronov tezliklə AKQ-nin döyüş heyətinə daxil olacaq dronların "adlarını" açıqlamayıb. Lakin məlumdur ki, ağır "Oxotnik" dronu əməliyyat hazırlığına 2024-cü ilə çatacaq. Rusiyanın digər iki pilotsuz təyyarəsi isə "Altius" və "Orion" dronlarıdır.

"Orion"

Pilotsuz "Orion" 8000 metrə qədər hündürlüklərdə fəaliyyət göstərir, ən azı 24 saat yanacaq doldurmadan 250 kiloqrama qədər faydalı yüklə (aparatın çəkisi 1100 kiloqramdır) havada qala bilir. Uzunluğu 8 metr, qanadlarının uzunluğu 16 metrdir. Dron APD-110/120 porşenli mühərrik və diametri 1,9 metr olan ikiqat AV-115 pəri ilə təchiz olunub.

Döyüş tətbiqi radiusu idarəetmə prinsipindən asılıdır (yerdəki operator və ya öz proqram təminatı olmaqla). Aparat yüksək dəqiqlikli raketləri daşıya və düşmən ərazisinin dərinliklərində hədəfləri vura bilir. Dron Suriyada öz zərbə potensialını inamla reallaşdırıb. Çinin "Huanqiu Shibao" nəşrinə görə, Suriyada Rusiyanın 80-ə yaxın müxtəlif modifikasiyalı dronu yerləşdirilib.

Yayılmış videogörüntülərdən birində "Orion" Hama əyalətinin şimalındakı Zaka şəhərində yaraqlıların dayaq məntəqəsini vurur.

"Orion" zərbə dronunun (eləcə də Rusiyanın digər ağır dronlarının) raket-bomba silahları haqqında açıq mənbələrdə minimal informasiya var. Lakin fevralda "Taktiki Raket Silahları" Korporasiyasının Baş direktoru Boris Obnosov jurnalistlərə pilotsuz təyyarələr üçün yüngülləşdirilmiş arsenalın – yəni çəkisi 50 kiloqramdan 100 kiloqrama qədər olan xüsusi kiçik həcmli döyüş sursatlarının hazırlanması barədə danışıb.

"Orion" əhəmiyyətli tədqiqat və inkişaf yolunu qət edib və uğurla istismar olunur. "Orion" layihəsi 2011-ci ildə Rusiya Müdafiə Nazirliyinin sifarişi ilə başlayıb, uçuş sınaqları 2016-cı ildə, bomba silahları ilə uçuş sınaqları isə 2018-ci ildə başlayıb.

"Orion" pilotsuz uçuş aparatlarının kütləvi istehsalına 2019-cu ilin avqustunda start verilib. İstehsalçı şirkət ("Kronştadt" qrupu) bir qədər əvvəl bildirib ki, "Orion"un ixrac variantı zərbə dronu olacaq. Bu məlumat artıq Rusiyanın hərbi-texniki əməkdaşlıq sahəsində tərəfdaşlarını maraqlandırıb. Əlbəttə ki, "Orion"un uğurlu startını Rusiyanın rəqibləri də hiss ediblər.

"Altius"

Uzaqmənzilli "Altius" ağır turbovint pilotsuz uçuş aparatı avtomatik rejimdə ilk uçuşunu 2019-cu ilin avqustunda həyata keçirib. 28,5 metr qanad uzunluğu və 11,6 metr korpus uzunluğu olan bu maşın iki sutka 250 km/saat sürətlə 12 min metrə qədər hündürlüklərdə 2 tona qədər döyüş yükünü daşıya və 10 min kilometrədək məsafəni qət edə bilər. Kompozit materiallarından istifadə etməklə yaradılmış dronun öz çəkisi müxtəlif məlumatlara görə beş tondan altı tona qədərdir.

Süni intellektə malik pilotsuz "Altius" operatorun iştirakı olmadan pilotlu təyyarələrlə qarşılıqlı fəaliyyət göstərə bilər: məsələn, Su-57 qırıcısının daha güclü radarından hədəfləri almaqla.

Rusiya hərbi hava və hərbi dəniz qüvvələrini "ağıllı" və ağır "Altius" dronu ilə silahlandırmağı planlaşdırılır. Mənbələr bildirib ki, kəşfiyyat modifikasiyasında "Altius" uzaqmənzilli radiolokator və ən yeni optik-elektron avadanlıqla təchiz olunacaq. Zərbə modifikasiyası isə gəmi əleyhinə raketləri daşıya biləcək. Ən yeni pilotsuz təyyarə Ural Mülki Aviasiya Zavodunda istehsal edilir.

Böyük uçuş məsafəsi və müddəti olan dronların havada hökmranlığının artması, zərbə-kəşfiyyat dronlarının fəal tətbiqi və "intellektuallaşdırılması", hərbi mütəxəssislərin və döyüş robotlarının birgə əməliyyatlarını qaçılmaz bir tendensiyaya çevirir. Rusiya Silahlı Qüvvələrinin pilotsuz uçan aparatlarla kütləvi şəkildə təchiz edilməsi onların döyüş tətbiqi səmərəliliyini nəzərəçarpacaq dərəcədə artırmağa, potensial təcavüzkarın havada, quruda və dənizdə qarşısında maneələr yaratmağa imkan verəcək.

Bununla yanaşı Rusiya 2022-ci ildə daha bir ağır pilotsuz təyyarəni təqdim etməyi planlaşdırır. Bu, 40 saata qədər havada qalmağı bacaran "Sirius" dronudur.

"Sirius" saatda 295 km sürətlə 10 min kilometrədək məsafəni 12 min metrədək yüksəklikdə qət edə və bir ton faydalı yük daşıya bilər.

Rusiya Federasiyasının Aerokosmik Qüvvələrinin "ağıllı" kəşfiyyat-zərbə aviasiyasının inkişafı mövcud və perspektivli aviasiya vasitələrinin effektivliyini əhəmiyyətli dərəcədə artırmağa və şəxsi heyət itkisini azaltmağa imkan verəcək.

Qorxmaz və "məğlubedilməz" robotlaşdırılmış dronlar getdikcə daha çox pilotlu aviasiyanın funksiyalarını öz üzərinə götürür. Yaxın gələcəkdə müharibələrinin gedişi və nəticəsi bu gün intensiv şəkildə formalaşan və təkmilləşən süni intellektli döyüş robotlarının effektivliyindən asılı olacaq.

Əsas mövzular