03:03 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
14522

Rusiya Hərbi Dəniz Qüvvələrinin hərbi gəmilərində və sualtı qayıqlarında quraşdırılmış hipersəs raket sistemləri dəniz döyüş taktikasını və dünya okeanındakı güc balansını köklü şəkildə dəyişdirəcək.

BAKI, 16 aprel — Aleksandr Xrolenko, hərbi şərhçi, Sputnik. Rusiya Federasiyasının müdafiə sənayesindəki mənbənin "Rossiya Seqodnya" informasiya agentliyinə verdiyi məlumata görə, "Sirkon" hipersəs raketinin nüvə sualtı qayığından ilk sınaq atışları 2024-2025-ci illərə planlaşdırılır.

"Sirkon" raketlərinin beşinci nəsil nüvə sualtı qayıqlarına quraşdırılması planlaşdırılır. Bu raketlər "Qranit" və "Oniks" komplekslərinin gəmi əleyhinə raketlərini əvəz edəcək. Suüstü hərbi gəmilər isə plana uyğun olaraq bu hipersəs silahı daha tez – 2022-ci ildə alacaqlar. Bəlkə də bundan da tez. Gəmi əleyhinə "Sirkon" raketinin Admiral Qorşkov freqatından gələcək sınaq atışları onun kütləvi istehsalını daha da yaxınlaşdırır.

Bu texnologiya sahəsində Rusiya dünyanın ən inkişaf etmiş ölkələrini qabaqlayıb. Raketin sınaqları 2016-cı ilin yazından bəri davam edir və 2017-ci ilin aprelində "Sirkon" səs sürətini səkkiz dəfə aşıb. Bu raketlərin 9 Max sürətində (səs sürətindən doqquz dəfə daha sürətli) uçacağı və hədəfləri 1000 kilometrdən çox məsafədə vuracağı məlumdur. Təsadüfi deyil ki, ABŞ-da bu raketi nüvə təhlükəsindən qorunmaq üçün "asimmetrik" silahın yaradılması işində "kvant sıçrayışı" adlandırıblar. Pentaqon isə öz sualtı qayıqları üçün hipersəs raketlərini yalnız 2028-ci ilə əldə etməyi planlaşdırır.

Mövcud və perspektivli raketdən müdafiə sistemləri doqquz Max (10789 km/saatdan çox) sürəti ilə uçan 3M22 "Sirkon" raketinin qarşısını ala bilmirlər. Hipersəs silahlar 21-ci əsrdə müharibənin gedişatını və nəticəsini müəyyən edəcək texnologiyalardır.

"Sirkon" hipersəs raketləri sadə və çətin hava şəraitində gecə və gündüz stasionar yerüstü və dəniz hədəflərini (idarəetmə mərkəzlərini, arsenalları, hava limanlarını və liman qurğularını) məhv etmək üçün nəzərdə tutulmuş yüksək dəqiqlikli "Kalibr" qanadlı raketlərin geniş imkanlarını tamamlayacaq.

Döyüş istifadəsi

"Sirkon" hipersəs raketi yalnız mövcudluğu ilə müdafiə taktikasında və texnologiyalarında əsaslı dəyişiklikləri diktə edir. Bu raket Rusiyanın ərazi sularından təhlükəsiz məsafənin böyüməsini təmin edir, manevr üçün əməliyyat sahəsini əhəmiyyətli dərəcədə azaldır.

Hərbi qarşıdurma vəziyyətində potensial düşmənin aviadaşıyıcı gəmi qrupları "Sirkon" raketinin atəş sahəsindən kənarda – yəni Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərindən və sualtı qayıqlarından 1000 km-dən çox aralı məsafədə durmalı olacaqlar. Göyərtə aviasiyasının isə sadəcə əməliyyat ərazisinə qədər məsafəni qət etmək və gəmiyə qayıtmaq üçün kifayət qədər yanacaq olmaya bilər. Perspektivdə (2025-ci ildən sonra) göyərtəsində "Sirkon" raketləri olan Rusiya sualtı qayıqlarının yüksək görünməzlik xüsusiyyəti dünya okeanının istənilən yerində potensial düşmənin aviadaşıyıcı qruplarını zəiflədəcək.

Plazma buludunda görünməyən "Sirkon" düşmənin hava hücumundan müdafiə zonasını bir neçə saniyəyə keçir, hava hücumundan müdafiə sistemlərinin onu aşkar etməyə və zərbəni dəf etməyə vaxtı çatmır. Britaniya mediasında artıq bu yeni silahla bağlı narahatlıq ifadə edilib. Misal üçün, Kral Hərbi Dəniz Qüvvələrinin müasir hava hücumundan müdafiə sistemləri sürəti 3700 km/saatdan çox olmayan hava hədəflərini vurmağa qadirdir. Britaniyalı müşahidəçilərinin fikrincə, Rusiyanın "Sirkon" raketi "bir zərbə ilə Britaniyanın dəyəri altı milyard funt-sterlinq olan iki yeni aviadaşıyıcı gəmisini məhv etmək" qabiliyyətinə malikdir.

Həqiqətən də hipersəs raketinin böyük kinetik enerjisi "Arleigh Burke" tipli gəmini "iki yerə bölməyə" imkan verir. Bu effekt hətta Rusiya və Hindistanın birgə yaratdığı "BrahMos" qanadlı raketinin sınaqları zamanı müşahidə edilib.

"Sirkon" raketlərini uçuş zamanı heç bir silah vura bilməz. Rusiyanın hipersəs silahlarının dünyada rəqibi yoxdur. Bunu hətta Amerikanın "RAND Corporation" tədqiqat mərkəzi də etiraf etməyə məcbur qalıb. Üstəlik, "Sirkon" çağırış yox, cavabdır. Pentaqon isə bu sahədə geriliyini etiraf edir.

Yüksək texnologiyalar

"Sirkon" raketinin xüsusiyyətlərinin bir çoxu gizli saxlanılır. Açıq mənbələrdən raketin uzunluğunun təxminən 6 metr, döyüş başlığının ağırlığının 300 kq olduğu məlumdur. Bu raketin atışı üçün "3S-14" universal atəş sistemindən istifadə olunur. Bu sistemin köməyi ilə "Qranit" və "Oniks" gəmi əleyhinə raketləri də buraxılır.

"Sirkon" bir sıra elmi və texniki problemlərin öhdəsindən gəlməyin hesabına yaradılıb. Raketin mühərriki atmosfer oksigenindən oksidləşdirici vasitə kimi istifadə edir. Hipersəs cihazı adi reaktiv mühərrikin və adi yanacağın köməyi sürətləndirmək mümkün deyil. Buna görə də enerji intensivliyi 20 faiz daha çox olan yeni "Desilin-M" yanacağını yaratmaq lazım olub.

Hipersəs raketlər yüksək temperaturda (1500 °C qədər) plazma buludunda uçur. Bu temperaturda alüminium və maqnezium əriyir, istiliyədavamlı polad öz xüsusiyyətlərini itirir. Buna görə də özütuşlama sistemi hədəfi görməlidir, radioelektron avadanlıqlar sabit işləməlidir. Mürəkkəb trayektoriyalarda raketinin idarəetməsini və funksiyalarını saxlamaq üçün onun konstruksiyasında berillium ərintilərdən, yeni ablativ materiallardan, bor və karbon liflərinə əsaslanan kompozitlərdən və digər kosmik texnologiyalardan istifadə olunub.

Hipersəs kompleksin yaradıcısı Taktiki Raket Silahları Korporasiyasının bir hissəsi olan Maşınqayırma Elmi İstehsalat Birliyidir. Qeyd edim ki, "Sirkon" sıfırdan yaradılmayıb. O, "BrahMos" layihəsinin davamıdır. Bu proses dayanmır: Rusiyanın Dövlət Silahlanma Proqramı 2018-2025-ci illərdə hipersəs silahların, ağıllı robot sistemlərinin, yeni fiziki prinsiplərə əsaslanan silahların perspektivli nümunələrinin yaradılmasını ehtiva edir.

Lakin görünür ki, yüksək texnologiyalı silahlar sahəsində liderlik Rusiyanın əsas məqsədi deyil. Məsələn, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov aprelin 14-də Moskvanın Vaşinqtonla yeni perspektivli layihələr, o cümlədən hipersəs silahlar barədə dialoqa açıq olduğunu bildirib. Lakin hələ ki, cavab gəlməyib. Yüksək texnologiyalı silahlar uğrunda elan edilməmiş yarış davam edir.

Əlaqədar

""Su-35" və "MiQ-35"in Azərbaycana tədarükü hava məkanında üstünlüyümüzü artıracaq"
ABŞ rəqiblərinin müdafiə sistemini "dəlmə-deşik" edəcək - Asiyada vəziyyət dəyişəcək
Şimali Koreya yenə raket sınaqları aparıb
Pentaqonun etirafı planetə baha oturacaq: daha dəhşətli silah gəlir
Məcburi tədbir: Rusiya sakitcə "Xəncər"in tozunu silir

Əsas mövzular