Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Türkiyədən gözlənilən Rusiya jesti gəldi

© AFP 2023 / POOL / IVAN SEKRETAREV Rusiya prezidenti Vladimir Putin Kremldə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı qarşılayarkən. Arxiv şəkli
Rusiya prezidenti Vladimir Putin Kremldə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı qarşılayarkən. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq

Türkiyədən gözlənilən Rusiya jesti
BAKI, 1 aprel-Sputnik. Regional problemlərin həlli üçün Türkiyə-Rusiya əməkdaşlığının bərpası vacibdir.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtona səfəri çərçivəsində Brukinq Universitetində çıxışı zamanı bildirib.

"Təəssüf ki, 24 noyabrdan sonra bizim Rusiya ilə münasibətlərimizdə çətin dövr yaşanır. Bu münasibətlər SSRİ-nin süqutundan sonra uğurla inkişaf edib, lakin Rusiya rəhbərliyinin son illər apardığı siyasət ucbatından təyyarə insidentindən xeyli əvvəl pisləşməyə başlayıb. Moskvanın anlamağa çətinlik çəkdiyimiz sərt reaksiyasına baxmayaraq, regional problemlər bizim əməkdaşlığımızın bərpa edilməsini zəruri edir, çünki Rusiya və Türkiyə coğrafiyamızın mühüm ölkələridir. Rusiyalı həmkarlarımızın bunu anlayacağını və bu zəruriliyi qiymətləndirəcəyini gözləyirik", — deyə Ərdoğan qeyd edib.

"Şərq-Qərb Araşdırmalar Mərkəzi"nin rəhbəri Ərəstun Oruclu "Sputnik"ə açıqlamasında bildirib ki, Türkiyə-Rusiya əməkdaşlığının bərpası üçün artıq müəyyən addımlar da atılır:
"Ortaq maraqlar yetərli olsa bu mümkündür. Bu istiqamətdə müəyyən addımların atılması da artıq görünür. Ayın 30-da İzmirdə Alparslan Çelik həbs olundu. O, Suriyada Türkiyə hava məkanını pozduğuna görə vurulan Rusiya təyyarəsinin pilotunu öldürməkdə günahkar bilinən şəxsdir. Yəni hər iki tərəfdən müəyyən addımların atılması görünür.

Turkish President Tayyip Erdogan speaks at the Brookings Institute in Washington March 31, 2016 - Sputnik Azərbaycan
SİYASƏT
Ərdoğandan Moskvaya isti mesajlar
 Amma hər şey ona bağlıdır ki, Türkiyə ilə Rusiyanın maraqları bölgədə hansı müstəvidə kəsişəcək, hansında toqquşacaq və hansında üst-üstə düşəcək. Məsələ bu qədər sadə deyil. Bölgədə marağı olan digər dövlətlər də bu münasibətlərdə maraqlıdırlar".

Politoloq Tofiq Abbasovun sözlərinə görə isə, əgər Ərdoğan belə mötəbər sammitdən bu fikri səsləndiribsə, demək Türkiyə artıq çökmüş münasibətlərin acısını yaşayır:
"Bu iki ölkənin normal münasibətlər formatına qayıdışına çox böyük zərurət var. Təyyarə insidentindən qaynaqlanan bu qarşıdurmanın gücləndirilməsi həmin o ehtimalı bir qədər zəiflədir. Bu məsələyə Rusiyanın siyasi rəhbərliyi də öz münasibətini bildirib. Rusiya tərəfi deyib ki, əgər dövlət və prezident səviyyəsində rəsmi üzr istəmə olmasa, onda bu münasibətlər Ərdoğan-Davudoğlu cütlüyü hakimiyyətdən getdikdən sonra normallaşa bilər. Yəni burada vəziyyət bir az ciddiləşdi. Vaxt da itirildi. Tərəflər xüsusən Türkiyə tərəfi manevrlərə vardı və çalışdı ki, narazılığı, Rusiyanın incikliyini, sərt reaksiyasını zərərsizləşdirsin. Ancaq, bu proses alınmadı. Təbii ki, son günlər Türkiyədə də bəzi proseslər baş verir. Gərək Türkiyə bu məsələdə bir az ehtiyatlı tərpənəydi. İndi isə gərək bu işdə diplomatiya öz sözünü desin. Diplomatlar vasitələr və variantlar axtarsınlar ki, arada olan narazılıq və soyuqluq aradan qaldırılsın".

Qeyd edək ki, Rusiya-Türkiyə münasibətləri 2015-ci ilin noyabrın 24-dən, Türkiyəyə məxsus təyyarənin bu ölkənin hava sərhədini pozan Rusiyanın SU-24 təyyarəsini vurmasından sonra pisləşib.

Xəbər lenti
0