Təhsil haqları qalxa bilərmi?

© Sputnik / Ruslan Krivobok / Mediabanka keçidStudents from the Moscow State Pedagogical University
Students from the Moscow State Pedagogical University - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: Bizdə istər özəl orta məktəblərdə, istər bağçalarda, istər universitetlərdə təhsil haqqı çox yüksəkdir. Başqa ölkələrlə müqayisədə bu fərq iki qat, bəzi hallarda isə üç qat olur

Təhsil haqları qalxa bilərmi?
Neft gəlirlərinin azalması və manatın dəyərdən düşməsi ölkədə bahalaşmaya səbəb olub. Belə olan şəraitdə təhsil ocaqları da özlərini saxlamaq üçün qiymətlərdə dəyişiklik edə bilərlər. Hətta bir müddət əvvəl təhsil haqqlarının dollarla ödəniləcəyi haqda şaiyələr də yayılmışdı, lakin məlumdur ki, ölkə qanunvericiliyi buna imkan vermir. Təhsil Nazirliyindən bildirdilər ki, Azərbaycanın milli valyutası var, ödəniş də milli valyuta ilə aparılmalıdır.

Bəs təhsil haqqlarının qalxması nə dərəcədə realdır? 

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü “Sputnik”ə açıqlamasında bildirib ki, təhsil haqqlarının qalxması haqda gedən söhbətlər sadəcə olaraq növbəti şaiyələrdir:

“Bir şaiyə vardı ki, ümumiyyətlə universitetlərdə təhsil haqqı ləğv ediləcək və təhsil ödənişsiz olacaq. Təhsil haqqlarının artacağı isə ikinci şaiyədir. Mən düşünürəm ki, təhsil haqqlarının artması gözləniləndir, amma ilin ortasında bu real deyil. Manatın dəyərdən düşməsi və digər problemlərlə bağlı təhsil haqqı arta bilər, ancaq düşünmürəm ki, bunu ilin ortasında tətbiq edələr. Olsa da, gələn tədris ilindən, 2016-cı ilin sentyabrından tətbiq edə bilərlər”.

Lakin məsələ tək ali məktəblərlə bitmir. Ölkədə elə özəl orta məktəb və bağçalar var ki, onların haqqları bir çox ali məktəbləri də geridə qoyur. Təhsil üzrə ekspert Əjdər Ağayevin sözlərinə görə, onların qiymətlərinin nə dərəcədə ədalətli olduğuna valideynlər özləri qərar verirlər:

“Mənim fikrimcə, özəl baxça və məktəblərdə təhsil haqqının çoxluğu valideynlərin razılığı ilə olur. Çünki valideyn istəsə öz uşağını ora deyil, başqa baxçaya verə bilər. Valideyn razıdır ki, uşağını aparıb ora aparır”.

Amma Məlahət Mürşüdlü hesab edir ki, buna baxmayaraq ölkədəki təhsil müəssisələrinin qiymətlərinə nəzarət olunmalıdır:

“Ümumiyyətlə götürəndə, bizdə istər özəl orta məktəblərdə, istər bağçalarda, istər universitetlərdə təhsil haqqı çox yüksəkdir. Başqa ölkələr ilə o rəqəmləri müqaisə edəndə biz görürük ki, bizim təhsil müəssisələrində bu, iki qat, bəzi hallarda isə üç qat olur. Əlbəttə ki, bu qədər baha olması vətəndaşın cibinə, aldığı vəsaitə uyğun deyil. Buna nəzarət olmalıdır, Tarif Şurası özü qiymətləndirmə aparmalıdır”.

Qeyd edək ki, ilin əvvəlində Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev də təhsil haqqları barədə açıqlama vermişdi. Nazirlik rəsmisinin sözlərinə görə, yeni tədris ili üzrə təhsil haqlarının artması ya azalması məsələsinə mart ayında qəbul planı hazırlanarkən ali məktəblərin təklifləri nəzərə alınmaqla baxılacaq. O, eləcə də, təhsil haqlarının müəyyənləşdirilməsinin ali məktəblərin səlahiyyətinə daxil olduğunu bildirmişdi.

Xəbər lenti
0