11:51 26 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9996
Нефтяные платформы в Каспийском море
© Sputnik / Антон Денисов

SOCAR nefti hara satsın?

RADİO
Qısa URL
32203

Avropa bazarlarında cəlbediciliyini itirən“Azeri Light” Asiyada da rəqabətlə üzləşəcək.

Dünya bazarlarındakı mürəkkəb situasiyaya görə “Azeri Light” markalı neft faktiki olaraq premiyasız, yəni daha ucuz neft markaları ilə eyni qiymətə satılır. Bu barədə SOCAR-da bildiriblər. Məlumata əsasən, “Azeri Light” neftinin satışı FOB şərti əsasında hazırda əsasən sıfır premiya ilə satılır. Lakin bəzi partiyaları hər halda diskontla reallaşdırmaq mümkün olub.

Şirkətdə bildiriblər ki, son iki ayda premiya barrelə görə üç dollardan sıfır dollara düşüb. Buna görə də, SOCAR Asiya bazarlarına daha çox neft satmağa başlayıb.

Qeyd edək ki, FOB şərtinə əsasən satıcı malı limana çatdırmalı və alıcının tankerinə yükləməlidir. Bu zaman yükün limana çatdırılması və yüklənməsi xərcləri də məhz satıcının üzərinə düşür.

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, Azərbaycan “Azeri Light” neftinin qiymətində endirimlər etməyə məcbur olacaq:

“Avropa bazarında rəqabət getdikcə güclənəcək, çünki İran da Avropa bazarını hədəfə alıb. Yaxın gələcəkdə, artıq yeni ilin ilk günlərindən İran tankerləri Avropa bazarına neft daşımağa başlayacaq. Bununla bağlı ilkin kontraktlar bağlanıb. Həm Səudiyyə, həm İran orada diskount elan etmək istəyir və bunu edəcəyini düşünür. Azərbaycan nefti üçün qiymət rəqabətində ağır dönəm olacaq. Çünki həmişə “Azeri Light” nefti keyfiyyətinə görə digər neftlərdən üstün olduğu üçün Brent markalı neftdən daha artıq və baha, ən azı bir dollar civarında baha satılırdı. Artıq bunu etmək mümkün olmayacaq. Azərbaycan da məcburən bəzi qiymət endirimlərinə getməli olacaq”.

Situasiya həm də ona görə qəlizdir ki, dünya bazarlarında neftin ucuzlaşmasına görə, Avropanın əksər neftayırma zavodları neft emalının maya dəyərini aşağı salır və bu səbəbdən daha ucuz, kükürdlü neft almağa üstünlük verir. “Azeri Light” kimi bahalı və “yüngül” neft növlərini isə almır. İqtisadçı ekspert Nicat Hacızadənin sözlərinə görə, belə olan halda artıq yeni müstəvilər, yeni satış yerləri axtarmaq lazımdır, SOCAR-ın da bu addımı, təbii ki, anlaşılandır. Ekspert qeyd edib ki, SOCAR Asiya bazarında özünə müəyyən müştərilər tapacaq, lakin onlar Avropa bazarında olduğu kimi gəlirli olmayacaqlar: 

“Asiya regionunda yerləşən ölkələr Avropa regionunda yerləşən ölkələrlə bir sırada tutulmalı deyil. Orada bir qədər mənzərə tamam başqadır. Asiya bazarı tam olaraq yaxşı bazarlardan hesab olunsaydı, ən azı birjalarda Avropanın daha çox adı çıxmazdı. Avropanın neft bazarı daha unikaldır və daha çox gəlir gətirən yerdir, nəinki Asiya”.

Avropa bazarlarında Azərbaycan neftinin alıcılarının azalması haqda “Reuters” agentliyi də xəbər yaymışdı. Xəbərdə deyilirdi ki, Səudiyyə Ərəbistanı Avropa bazarına ucuz neft çıxarmağa başlayıb. Nəticədə “Brent” və “Azeri Light” kimi nisbətən bahalı neft növlərinin satışı azalıb.

Natiq Cəfərli eləcə də əlavə edib ki, yeni bazarlara – Asiya bazarına çıxmaq üçün SOCAR çevik siyasət yürütməli olacaq. Çünki bazarlarda rəqabət o qədər güclənib ki, qiymət endirimi olmadan müştəri tapmaq mümkün deyil:

“Asiya bazarlarında isə rəqabət daha da güclənir. Çin ən böyük alıcıdır və o, getdikcə neft alışını azaldır. Çünki iqtisadi inkişafı, inkişaf artım tempi zəifləyib – artıq 9%-dən 5.9%-ə düşüb. Yəni çox ciddi zəifləmə var. Orada da neftin istehlakında azalma müşahidə olunur. Ona görə də, Asiya bazarlarında da ciddi rəqabət olacaq və Azərbaycan nefti üçün heç də yaxşı deyil bu. Yəni orada da yeni bazarlara çıxış imkanları üçün ən bəsit yol qiymət endirimidir. Diskount elan olunmalıdır ki, səndən alsınlar”.

Neft şirkətində onu da bildiriblər ki, SOCAR-ın “Azeri Light” markalı nefti dünyanın bir sıra şirkətlərinə satmaqla bağlı uzunmüddətli, qarantiya altına alınmış müqavilələri var. Ona görə də hazırki situasiya o qədər də narahatlıq doğurmur. 

Teqlər:
FOB şərti, Brent, Azeri Light nefti, Azeri Light markalı neft, Azeri Light, Brent markalı neft, neft, SOCAR, Azərbaycan

Əsas mövzular