ABŞ-ın Azərbaycan planı

© AFP 2023 / Brendan SmialowskiAğ Ev
Ağ Ev - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: «ABŞ Azərbaycan kimi bir müttəfiqini itirə bilər»

ABŞ-ın Azərbaycan planı
Amerika Birləşmiş Ştatları Azərbaycana qarşı sanksiyalar tətbiq edə bilər. Belə ki, ABŞ-ın Helsinki Komissiyasının sədri Chris Smith Qanunun Aliliyi və İnsan Haqları naminə Azərbaycan Demokratiya aktını (Azerbaijan Democracy Act of 2015) təqdim edib.

Bununla əlaqədar verilmiş bəyanatda deyilir ki, Azərbaycan hökumətinin müstəqil jurnalistlərin, müxalifət siyasətçilərinin və vətəndaş cəmiyyəti qruplarının səslərinin susdurulmasına yönəldilmiş və illərlə davam edən sistematik səylərinin ardınca Helsinki Komissiyasının sədri, respublikaçı Chris Smith “Azərbaycanda Demokratiya 2015” (H.R.4264) adlı qanun layihəsini təqdim edib.

Sənəddə deyilir ki, qanun Azərbaycan hökumətinin ali rəhbərliyinə daxil rəsmilərə və onların bilavasitə ailə üzvü olanlara, rəhbərlik və onların ailə üzvləri ilə biznes əlaqələrindən əhəmiyyətli mənfəət əldə edən şəxslərə ABŞ vizalarının verilməsindən imtina edilməsini nəzərdə tutur. Bu qanunun ədliyyə və təhlükəsizlik rəsmilərinə də şamil ediləcəyi bildirilir, istisnalar isə ABŞ-a yalnız ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinə aid iclaslarında iştirak edənlərə aid edilə bilər.

Milli Məclisin deputatı Aydın Mirzəzadənin fikrincə, bu, Azərbaycana qarşı edilən növbəti bir hücumdur:

“Birincisi, bu layihədir. Bu hələ qanun formasını almaq üçün müəyyən mərhələlərdən keçməlidir. Bu, əslində Azərbaycana qarşı yeni bir hücum deməkdir. Azərbaycanın müstəqil siyasəti, inkişafına qarşı Amerikanın müəyyən dairələrinin atdığı addımlardır. Burada hansısa demokratiyadan və insan hüquqlarından, sadəcə olaraq, onlar – hər kimlər özləri üçün istifadə edirlər. Hesab edirəm ki, bu, əslində Azərbaycanı diz üstə çökdürməkdən ötrü edilən bir cəhddir”.

Chris Smithin bəyanatında eləcə də bildirilib ki, sanksiyalar yalnız, Azərbaycan hökuməti, siyasi məhbusların azad edilməsində, vətəndaş cəmiyyətinin qısnanmasına son qoyulmasında, habelə azad və ədalətli seçkilərin keçirilməsində əhəmiyyətli tərəqqi etdiyi halda qaldırıla bilər. Politoloq, millət vəkili Rasim Musabəyovun fikrincə, bu təşəbbüs sözügedən məhbusların əksinə işləyir:

“Cənab Smith əslində öz təşəbbüsü ilə kimləri ki müdafiə edir, elə bil ki, bunun əksinə işləyir. Bildiyimiz kimi, indi Azərbaycan höküməti Leyla və Arif Yunusu həbsxanadan buraxıb, ayın 31-i üçün isə əvf fərmanı hazırlanır ki, o sadaladığı insanların bir çoxunun, bəlkə də hamısının azadlığa buraxılmasını nəzərdə tuturdu. O öz təşəbbüsü ilə, əslində, buna maneələr yaradır. Yəni əvf olsa, onlar buraxılsa, durub özünü təqdim edəcək ki, xox gəldilər Azərbaycan hökümətinə və onlar da qorxudan bunları bunları buraxdırdılar. Buraxmadığı halda, Azərbaycan hökümətinin üstünə öz təyziqlərin artırmaq və erməni lobbisinə xidməti üçün əlavə hansısa qazanc əldə edəcək. Mən onun təşəbbüsünü mənfi hesab edirəm”.

Lakin bu, Azərbaycana qarşı atılan ilk addım deyil. Aydın Mirzəzadənin sözlərinə görə, sözügedən layihə qəbul edilsə belə, Azərbaycana ciddi təsir etməyəcək:

“Digər tərəfdən, belə bir cəhd vaxtilə 1992-ci ildə 907-ci düzəliş formasında edilmişdir. Həmin dövr, Azərbaycan müstəqilliyini yenicə qazandığı, iqtisadiyyatının bərbad olduğu, Ermənistan tərəfindən işğala məruz qaldığı dövrdə belə, o, Azərbaycanı çökdürə bilmədi. İndiki dövrdə, kifayət qədər güclü bir dövlətə, iqtisadiyyata, yüksək beynəlxalq nüfuza malik olduğumuz dövrdə hətta bu qanun layihəsi qəbul edilsə, Azərbaycana hər-hansı bir ciddi təsir etməyəcək. Eyni zamanda, bunu edərsə, ABŞ Azərbaycan kimi bir müttəfiqini itirə bilər”.

Digər millət vəkili Asim Mollazadənin fikrincə, 907-ci düzəlişin müəllifləri yenə də Ermənistana dəstək olmağa çalışırlar:

“Burada demokratiya, insan hüquqları sadəcə olaraq bəhanədir. Əslində mahiyyət ondan ibarətdir ki, Ermənistanın Azərbaycana qarşı olan təcavüz həqiqətləri dünyaya daha açıq, çılpaq formada son vaxtlar açıqlanır. Ermənistana təcavüzlə bağlı təyziqlər artır. Ona görə də, onlar — 907-nin müəllifləri bu gün Amerika Birləşmiş Ştatlarının öz maraqlarına zidd olan sənədlər hazırlayıblar. Zənnimcə, bu sənədin öz-özlüyündə çox mənfi fəsadları olacaq”.

Lakin fakt budur ki, Smithin bəyan etdiklərini ABŞ “demokratiya”sı dilindən real siyasət dilinə çevirəndə, arxasında tam başqa məqsədlərin gizləndiyini görürük.

Xəbər lenti
0