Ucuz Çin malı dünyanı basacaq

© ria.ruКитай
Китай - Sputnik Azərbaycan
Abunə olmaq
Yuanın dəyər itirməsi Çinin ixrac potensialını artıracaq

Ucuz Çin malı dünyanı basacaq
Çinin milli valyutası olan yuan yenidən devalvasiya uğrayıb. Dekabrın 14-ü Çin Xalq Bankı yenidən yuanın ABŞ dollarına qarşı rəsmi məzənnəsini azaldıb. Belə ki, yuan 137 bənd azalaraq 1 ABŞ dollarına qarşı 6,4495 yuan təşkil edib.

Maraqlıdır, dünyanın ikinci böyük iqtisadiyyatına sahib olan Çinin bu addımı atması dünyaya nə vəd edir? Mövzu ilə bağlı suallarımızı iqtisadçı ekspert Vüqar Bayramlı cavablandırıb:

- Yuanın yenidən devalvasiyaya uğraması dünya iqtisadiyyatına necə təsir edəcək?

— Əslində Çin yuanının dəyər itirməsini istəyirdi. İndi Çin ixrac potensialını artırmaq niyyətindədir. Təbii ki, son baş verən qlobal dəyişiklər fonunda Çin üçün milli valyutanın dəyər itirməsi və bu konteksdən istehsal etdikləri məhsulların dünya bazarında ucuz qiymətə satılması Çinin əsas prioritetlərindəndir. Bu vaxta kimi Çinin valyutası beş ən etibarlı valyutalardan biri kimi qiymətləndirilirdi. Çin valyutasının dəyər itirməsi Çinə ixrac imkanlarını genişləndirmək imkanı verəcək. Bu baxımdan inkişaf etməkdə olan ölkələrə Çindən daha ucuz məhsulların ixrac ediləcəyi gözlənilir. Birmənalı şəkildə, Çinin valyutasının devalvasiyası Çinin ixrac imkanlarını genişləndirəcək, amma eyni zamanda sərmayələrə təsir edəcək. Nəzərə alsaq ki, Çin yuanına sərmayə edən dövlətlərin sayında artımlar vardı, o baxımdan, bu artıq Çin yuanı və Çin şirkətlərinin səhmlərinə investisiyaların həcminin kəskin şəkildə azalmasına gətirib çıxara bilər. 

- Bu addımın hazırda dünyada mövcud olan valyutalar arası müharibəyə təsiri necə olacaq?

— Bu addım eyni zamanda qlobal valyuta bazarındakı dəyişikliklər fonunda reallaşır. Çünki Çin dünyanın ən çox ixrac potensialına malik olan dövlətlərindən biridir. Çin ÜDM-un həcminə görə real ifadədə ikinci, nominal ifadədə isə dünyada birincidir. Nəzərə alsaq ki, uzun müddət Avronun məzənnəsinin azalması və eyni zamanda dolların möhkəmlənməsi prosesi həyata keçirirlirdi, digər valyutalarda, o cümlədən Rusiya rublunun kəskin dəyər itirməsi müşahidə olunurdu, o baxımdan, Çinin öz valyutasının dəyər itirməsi də, təbii ki, valyuta bazarında baş verən son dəyişikliklər fonunda həyata keçirilir. Və birmənalı şəkildə, bu, valyuta bazarında baş verən müharibələrin bir siqnalıdır. Çin də bu təhlükələrə reaksiya verərək, həmin dəyişikliklərin öz iqtisadiyyatına təsirlərini minimallaşdırmağa çalışır. Eyni zamanda, iqtisadi artım tempinin azalması da valyuta bazarına təsir göstərərək orada müəyyən gərginliyin yaranmasına səbəb oldu. Bu da nəticə etibarı ilə, Çin valyutasının dəyərsizləşməsinə gətirib çıxardı.

- Bu hadisəni Azərbaycan üçün necə qiymətləndirmək olar?

— Azərbaycan üçün Çinin milli valyutasının dəyərdən düşməsinin bir neçə təsirləri var. Əvvəla, Dövlət Neft Fondunun Çində investisiyaları var. DNF Çinə 500 milyon dollar və ya 3 milyard yuan investisiya edib. Təbii ki, yuanın dəyər itirməsi bizin investisiyaların dəyərinin azalmasına gətirib çıxarır. Digər tərəfdən, bu, Çindən Azərbaycana gətirilən məhsulların dollar ifadəsində qiymətinin aşağı düşməsi və Çindən daha ucuz məhsulların Azərbaycana idxan edilməsinə gətirib çıxarır ki, bu da idxalın artmasına səbəb ola bilər. Amma nəzərə alanda ki, Çin-Azərbaycan arasında iqtisadiyyat dövriyyəsi 760 milyon dollardır və onun təxminən 670 milyonu məhz Çindən idxalın payına düşür, o baxımdan, mənə elə gəlir ki, bu, idxalın artmasına gətirib çıxara bilər. Bütövlükdə, Çin yuanının dəyərsizləşməsi Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyəcək.

Qeyd edək ki, bundan əvvəl yuanın devalvasiyası dekabrın 10-da baş verib. Həmin vaxt Çinin milli valyutasının ABŞ dollarına qarşı məzənnəsi 6,42 yuana bərabər olub.

Ümumiyyətlə, bu il ərzində Çin Xalq Bankı ilk dəfə avqustun 11-də yuanın devalvasiyası ilə bağlı qərar qəbul edib. Bundan sonra üç gün ərzində Çinin milli valyutası dolara nisbətdə 4,6% ucuzlaşıb.

Xəbər lenti
0