23:21 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695

Ermənistan cəmiyyəti iki yerə parçalandı

RADİO
Qısa URL
12701

Politoloqlar hesab edir ki, Ermənistanda konstitusiya dəyişsə də, məzmun dəyişmir

Ermənistan cəmiyyəti iki yerə parçalandı
Ermənistanda dekabrın 6-da keçirilmiş Konstitusiya dəyişiklikləri ilə bağlı referendumun nəticələri bəlli olub. Rəsmi məlumatlara görə, seçicilərin 74,87 faizi dəyişikliklərin lehinə səs verib. Bundan sonra baş nazir prezidentdən daha çox səlahiyyətlərə malik olacaq, 7 illiyə parlament tərəfindən seçiləcək prezident isə ölkəni formal təmsil edən dövlət başçısı kimi qalacaq. 

Gözlənildiyi kimi referendumdan dərhal sonra müxalifət İrəvanda etiraz aksiyasına başlayıb. Əvvəlcə paytaxtın Azadlıq meydanında mitinq keçirilib. Meydana çoxlu sayda polis və xüsusi təyinatlılar cəlb olunub. Ermənistan KİV-lərinin məlumatına görə, müxalifət  geri çəkilmək niyyətində deyil. “Rejimin məhvi-xalqın xilasıdır”-Azadlıq meydanındakı mitinqin tribunasından “Yeni Ermənistan” hərəkatının lideri Jirayr Sefilyan belə deyib. Mitinqdə çıxış edən “İrs” Partiyasının lideri Raffi Ovanisyan dekabrın 6-da baş verənləri dövlətə xəyanət adlandırıb. Onun sözlərinə görə, prezident Serj Sarkisyan və baş nazir Ovik Abramyan baş verənlərdən sonra istefaya getməli və minlərlə ermənini bu cinayətin iştirakçısına çevirən digər vəzifəli şəxslərlə birlikdə məsuliyyətə cəlb olunmalıdırlar.

Bəzi ekspertlərin fikrincə referendumun keçirilməyində əsas məqsəd indiki hökümətin hakimiyyət dövrünü artırmaq planları ilə bağlıdır. 

Məsələ ilə bağlı danışan politoloq Qabil Hüseynli  qeyd edib ki, konstitusiya dəyişikliyinin arxasında Sarkisyanın hakimiyyət ambisiyaları dayanır: 

“Bu bir adamın maraqlarından irəli gələn bir tədbirdir. Söhbət “Qarabağ klanı” və onun başçısı S.Sarkisyandan gedir. Sarkisyan üçüncü dəfə prezident seçilmək hüququna malik olmadığına görə ölkənin konstitusiyasını dəyişdirdi və prezidentdən parlament üsul idarəsinə keçdi. Çünki, bu gün Ermənistan parlamentində S.Sarkisyanın tərəfdarları çoxluq təşkil edir. Bu səbəbdən də həm prezident parlamentdə seçiləcək, həm də höküməti parlamentdə üstünlük qazanmış partiya təşkil edəcək. Ona görə də mən belə hesab edirəm ki, S.Sarkisyan şəxsi maraqları naminə iri siyasi kompaniyalar apararaq bu cür referenduma getdi”.

 “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirir ki, Ermənistanda konstitusiya dəyişsədə, məzmun dəyişmir. Çünki, eyni adam baş nazir küsrsüsünü ələ keçirərək uzun müddət ölkəni idarə etmək istəyir:

“S.Sarkisyan iki müddət prezident olub. Ona görədə prezident vəzifəsi ilə vidalaşandan sonra yenidən hakimiyyətdə qalmağa çalışır. O, baş nazirin sələhiyyətlərini artıraq özü baş nazir olmaqla, yaxud da hansısa tərəfdarın baş nazir etməklə hakimiyyətə təsir imkanlarını əldən vermək istəmir. Amma, bu cəmiyyətdə birmənalı qarşılanmır. Narazılar küçələrə axışır. Çünki, separatçı “Qarabağ klanı”  Ermənistanda hakimiyyəti itirmək istəmir. Artıq konstitusiya dəyişikliyi baş verdi. İndi daha çox diqqət parlament seçkilərinə veriləcək. Çünki, kim qalib gəlsə onun sələhiyyəti prezidentin sələhiyyətindən yüksək olacaq. Ona görə iki ildən sonra Ermənistanı çox gərgin bir mübarizə gözləyir. Konstitusiya dəyişikliyinin Dağlıq Qarabağ münaqişəsinə elə bir təsirini gözləmirəm. Çünki, eyni adamlar baş nazir və parlamentin sədri olacaqlar. Onlarda separatçı mövqelərindən əl çəkmirlər. Nə vaxta qədər separatçı “Qarabağ klanı” Ermənistanda hakimiyyətdə olacaq, Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən danışıqlardan heç bir irəliləyiş gözləmək mümkün deyil”.

 Qabil Hüseynlinin fikrincə referendumdan sonra Ermənistan siyasi elitası parçalanacaq:

“Uzun müddətdir yerli ermənilərlə Qarabağ erməniləri arasında ziddiyyətlər var. Bu ziddiyyətlər bəzən düşmənçilik səviyyəsinə gəlib çatır. Əgər S.Sarkisyan baş nazir olaraq icra hakimiyyətinin bütün səlahiyyətlərini öz əlində cəmləşdirəcəksə bu yerli erməniləri daha da qəzəbləndirəcək. Ermənistan cəmiyyətində əvvəldən iki tirəlik var, bu iki tirəlik Qarabağ erməniləri ilə yerli ermənilərin bir-birilə mütamadi qarşı durması ilə müşaiyət olunur. Bu hadisələrdən sonra yerli ermənilər daha da mütəşşəkilləşəcək. Əsasən yerli ermənilərdən ibarət olan siyasi müxalifət daha sıx inteqrasiya olunacaq. Cəmiyyətdə qarşıdurma səviyyəsi artacaq. Xaos elementləri yaranacaq. Ola bilsin ki, bu xaos elementləri orduya da təsir etsin. Beləliklə də Ermənistanın başı özünə qarışa bilər. Bunu mütləq bir ehtimal kimi irəli sürməsəm də belə bir ehtimalı istisna da etmirəm”. 

Qeyd edək ki, Ermənistanda keçirilən referendumu yalnız   MDB dövlətlərindən olan beynəlxalq müşahidəçilər izləyib. AŞPA-nın müşahidə missiyasının ilkin rəyində isə Ermənistanda referendumun siyasi maraqlara əsaslandığı bildirilib. 

Əsas mövzular