Suriya və İraqda quru əməliyyatları həyata keçirilməlidir

© publikaИГИЛ
ИГИЛ - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert hesab edir ki, böyük dövlətlər İŞİD-ə qarşı mübarizədə daha tutarlı qərarlar qəbul edəcəklər

Noyabrın 13-ndə Parisdəki dəhşətli terror aktları dünyanın siyasi gündəmini silkələdi. Terrorizmə qarşı mübarizədə qlobal səylərin gücləndirilməsi məsələsi daha aktual şəkildə müzakirə olunmaqdadır. 

15-16 noyabr tarixlərində isə Türkiyənin Antalya şəhərində ilin əsas iqtisadi hadisəsi hesab edilən G20 (“böyük iyirmilik”) ölkələrinin liderlərinin sammiti keçirildi. Sammitin gündəliyinə qlobal iqtisadiyyat məsələləri, terrorla mübarizə, qaçqınlara yardım və miqrasiya problemləri kimi aktual məsələlər müzakirə olunub.

Bəs bu hadisələr dünyadakı siyasi vəziyyətə necə təsir edəcək? Bununla bağlı suallarımızı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu cavablandırıb. 

- Fransada baş verən terror hadisələri dünyadakı siyasi vəziyyətə necə təsir edəcək?

— Məncə ciddi təsiri ola bilər. Necə ki 11 sentyabr 2001-ci ildə terrorçular Amerikada hədəfləri vurduqdan sonra hansı hadisələr oldusa, Fransadakı terrordan sonra da oxşar nəticələr ola bilər. O zaman Amerika Əfqanıstanla İraqa müdaxilə etmək qərarı verdi. Bunun nəticələri mübahisə doğurdu, heç də uğurlu alınmadı. Amma bu dəfə daha ciddi, beynəlxalq aləmin qarşısında İŞİD adlı terror təşkilatı var. Onun öz maliyyəsi, ordusu, hətta ərazisi var. Artıq dünəndən başlayaraq Fransa təyyarələri də İŞİD mövqelərini bombalayırlar. Mən düşünürəm ki, son terror hadisəsindən sonra böyük dövlətlər İŞİD-ə qarşı mübarizədə daha tutarlı qərarlar qəbul edəcəklər. Həttə bu qərarlar içərisində Rusiya belə yer ala bilər. Təsadüfi deyil ki, G20-nin Antalya toplantısında Amerika prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin arasında da bu məsələ ətrafında fikir mübadiləsi aparılıb. Amma tək hava hücumları ilə İŞİD üzərində qələbə çalmaq çətin olacaq. Beynəlxalq koalisiya yaradılacaqsa, mütləq mənada, Suriya və İraqda quru əməliyyatları həyata keçirilməlidir. Əks halda İŞİD üzərində qələbə çalmaq çətin olacaq.

- Antalyada keçirilən G20 sammitini necə qiymətləndirirsiz?

— Mütəmadi keçirilən bu sammit dünya üçün vacibdir. Çünki bu sammitdə böyük dövlətlər iqtisadi, siyasi və ekoloji məsələləri müzakirə edirlər. Düzdür, Fransadakı partlayışlar fonunda o biri məsələlər sanki arxa plana keçir. Amma, hər hansı ekoloji, iqtisadi, ticari məsələləri də müzakirə edəcəklər. Azərbaycan üçün əhəmiyyətlidir ki, Türkiyə ev yiyəsi statusundan istifadə edərək Azərbaycan prezidentini qonaq qismində tədbirə dəvət edib. Azərbaycan prezidenti ölkəmizin problemləri haqqında çıxış edib. 

- Terror hadisələri və G20 sammiti Suriya qaçqınlarının vəziyyətinə necə təsir edə bilər? 

— Yəqin ki, bununla bağlı ayrıca toplantı olacaq, çünkü Avropa Birliyinin baş komissarı da bu haqda açıqlama verdi. Ayrıca bir toplantı olmalıdır və bu toplantıya Türkiyə prezidenti və ya baş naziri dəvət olunmalıdır, çünkü əsas qaçqın axını Türkiyəyə gəlir. Gərək bu mövzuda AB ölkələri Türkiyəyə dəstək versinlər. Amma, hər halda, Suriyadakı müharibə yekunlaşmayana qədər AB bu məsələdən qurtula bilməyəcək.

Xəbər lenti
0