Elmə təzə qan gəlməsə, inkişaf edə bilməz

© sputnik.az/ Pəri AbbaslıMilli Elmlər Akademiyası
Milli Elmlər Akademiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Akademik Rəfael Hüseynov: “Mən bu günün və sabahın Elmlər Akademiyasını böyük ölçüdə təhsillə vəhdətdə görürəm”

Elmə təzə qan gəlməsə, inkişaf edə bilməz
Azərbaycan Elmlər Akademiyası qədim və zəngin ənənələr əsasında 1945-ci ilin mart ayında yaradılıb. 1945-ci il martın 31-də isə Azərbaycan Elmlər Akademiyası yaranma tarixini böyük ümumi yığıncaqla qeyd edib. Bu, Azərbaycanın həyatında yeni atributun yaranmasını göstərən təntənəli hadisə idi.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının  70 illik yubileyinə həsr olunmuş mərasimdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib.

AMEA prezidenti qeyd edib ki, 70 il ərzində Azərbaycan alimləri çoxlu sayda elmi nailiyyətlərə imza atıblar. A.Əlizadənin fikrincə, Azərbaycan Elmlər Akademiyasının 70 illik tarixində ən parlaq mərhələ 1970–1985-ci illəri əhatə edən dövrdür. Bu dövrdə Azərbaycan Elmlər Akademiyasında neft və qaz yataqlarının kəşfi, işlənməsi, mürəkkəb geoloji mühitlərdə dərin qazmanın elmi problemlərinin həlli, həmçinin kimyanın, neft-kimya sənayesinin inkişafı üçün xammal bazasının, kimya texnologiya komplekslərinin yaradılması, coğrafi, geoloji və geofiziki tədqiqatlar, filiz və qeyri-filiz, həmçinin digər faydalı qazıntı yataqlarının tədqiqi, energetika, mexanika, fizika, riyaziyyat, astronomiya, informatika sahələrində mühüm əhəmiyyətə malik tədqiqatların aparılması və nüfuzlu elmi məktəblərin yaradılması kimi nailiyyətləri vurğulamaq olar-deyə AMEA prezidenti xatırladıb. A.Əlizadə bildirib ki, hazırda Akademiyada həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyası təşkil edir. AMEA institutlarında müxtəlif universitetlərin kafedralarının onlarla filialının fəaliyyət göstərdiyini deyən Akif Əlizadənin sözlərinə görə Akademiyanın çoxsaylı üzvləri və yüzlərlə alimi təhsil prosesində yaxından iştirak edirlər. AMEA prezidenti deyib ki, Akademiyanın tarixində ilk dəfə olaraq magistratura təsis olunub və doqquz ixtisas üzrə magistrantların qəbulu keçirilib. 

Filologiya elmləri doktoru, profossr, AMEA-nın həqiqi üzvü, millət vəkili Rəfael Hüseynov Akademiyanın keçdiyi yolla bağlı suallarımızı cavablandırır.

- 70 illik yubileyini qeyd edən AMEA-nın Azərbaycan elminin üzərinə düşən vəzifələrin öhdəsindən nə dərəcədə gəlir?

— AMEA bu xalqın tarixində çox mühüm xidmətləri olan vacib bir təşkilatdır. Biz Elmlər Akademiyasının tarixini 1945-ci ildən götürsək də, əslində bu tarix bir az da əvvələ aiddir. 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti yaranmışdır və onun rəhbərliyində Əbdülrəhim bəy Haqverdiyev dayanırdı.1923-cü ildən 1945-ci ilə qədər  Azərbaycanda elmi axtarışlar istiqamətində də çox sistemli işlər görülmüşdür. Lakin,1945-ci ildən bu günə qədər görülən işlərin həcmi, miqyası, çəkisi o qədər ağırdır ki, onun Azərbaycan xalqına bəxş elədiyi intelektual sərvət o qədər böyükdür ki, bu təşkilatın xidmətlərini söz ilə qiymətləndirmək çox ağırdır. Azərbaycan alimləri dünya alimləri eyni səviyyədə müxtəlif beynəlxalq kürsülərdə sözlərini deyə bilirlərsə, alimlərimizin kitabxanalar dolduracaq qədər elmin müxtəlif sahələrinə aid əsərləri varsa əlbəttə ki, biz bunu yüksək qiymətləndirməliyik və Elmlər Akademiyasının bu xalqa töhfəsi kimi dəyərləndirməliyik. Düşünürəm ki, Milli Elmlər Akademiyası ötən yüz il içərisində çox böyük fəaliyyətlər göstərdi və bir Şərq ölkəsi olan Azərbaycanın mahiyyət etibarilə əslində Avropa ölkəsi olmağını təsdiq elədi.

- Gənclərin elmi potensialının artırılması, müxtəlif təşəbbüslərinin stimullaşdırılması, elmə axının təmin olunması haqqında nə demək olar? 

— Elm mütləq daim gəncləşməlidir. Elmə təzə qan gəlməsə elm inkişaf eləyə bilməz. Ona görə də mən bu günün və sabahın Elmlər Akademiyasını böyük ölçüdə təhsillə vəhdətdə görürəm. Yəni Elmlər Akademiyası yalnız kabinetlərinə, laboritoriyalarına çəkilib axtarışlar aparan, öz yazı masası arxasında oturaraq tədqiqatlar yazan araşdırıcıdan ibarət deyil. Düşünürəm ki, Milli Elmlər Akademiyası və onun inustitutları həm də tədris mərkəzlərinə, təhsil ocaqlarına çevrilməlidir. Yəni Milli Elmlər Akademiyası mahiyyəti etibari ilə bir universitetə dönməlidir. Tədqiqatlar aparan elmin dərinliklərinə getmiş alimlərin təcrübələrini gənclərə öyrədən bir elm ocağına dönməlidir. Düşünürəm ki, burada gənclərin elmə cəlb edilməsində də problər var bu da məhz stimullaşdırma ilə bağlıdır. Biz elə etməliyik ki, gənclər bu elmə gəldikdə onlar həm də yaşaya bilsinlər, həyatların təmin eləyə bilsinlər. Ona görə də Fəlsəfə doktoru dərəcəsi almaq üçün doktoranturaya daxil olurlar yaxud Elmlər doktoru dərəcəsi almaq üçün dissertasiya yazmaqdan ötrü doktoranturaya qəbul olanlar var. Doktorantura təhsilində birinci keyfiyyəti qaldırmaq lazımdır, ikincisi də doktoranturaya qəbul olanların təqaüdlərinin artırılması barədə görünür ki, biz gələcəkdə düşünməliyik. Yaxud həm təqaüd alsın, həm də onların təhsilini davam elətdirə-elətdirə hansısa elm ocaqlarında, təhsil müəsisələrində əlavə olaraq işləməsinə də imkan yaradılsın ki, onlar həm praktik olaraq təcrübələrini biraz da dərinləşdirsinlər, digər tərəfdən də öz maddi vəziyyətlərini təmin eləmək üçün bir imkan qazansınlar. Bu gün dünyaya çıxış imkanları daha rahatdır, yəni internet vasitəsi ilə dünyanın ən müxtəlif  kitabxanalarınada daxil olmaq olur. Lakin, internetə arxalanaraq elmlə məşğul olmaq elmə çox səthi və bəsit yanaşma olardı. Mütləq dünyanın böyük kitabxanalarına, elmi mərkəzlərinə getmək lazımdır, alimlərlə görüşmək lazımdır. Araşdırmaları Azərbaycanın sərhədlərindən uzaqlarda irəlilətmək və dərinlətmək lazımdır. Bunun üçün isə gənc alimlərimizin müxtəlif xarici ölkələrdə təcrübələr keçmək eyni zamanda onların təcrübə mübadilələrini təşkil eləmək lazımdır. Bu ezamiyyətlərin təşkili təcrübə mübadilələrinin ardıcıl şəkildə həyata keçirilməsi gənc elmin inkişafına çox böyük təkan verərdi.

Xatırladaq ki, bu ilin noyabrın 9-da  1945-ci ildən bəri fəaliyyət göstərən Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi keçirilib.

Xəbər lenti
0