Nazirlik hansı əsasla bu qədər yoxlama həyata keçirib?

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli
Natiq Cəfərli - Sputnik Azərbaycan
Abunə olmaq
Natiq Cəfərli: “Büdcəmizin ən azı yarısı kiçik və orta sahibkarlığın fəaliyyəti hesabına doldurulmalıdır”

Nazirlik hansı əsasla bu qədər yoxlama həyata keçirib?
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev "APA-Economics"ə bildirib ki, iclasda insanların həyat və sağlamlığının qorunması halları ilə bağlı zəruri nəzarət tədbirləri istisna olmaqla, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sahibkarlıq subyektlərində aparılan bütün yoxlamaların dayandırılması qərara alınıb.

 İqtisadçı ekspert Natiq Cəfərlinin hesab edir ki, yoxlamaların dayandırılması haqqında deyilən sözlər yerinə yetirilsə, bu, sahibkarlar üçün çox pozitiv bir addım olacaq.

“Dəfələrlə Prezident öz çıxışlarında deyib ki, əsassız və qanunsuz yoxlamalar dayandırılmalıdır. Əslində nazirliyin belə bir açıqlama verməsi o deməkdir ki, deməli yoxlamalar dayandırıla bilərmiş və bu əsassız yoxlamalar az olmalıymış. Əgər beləymişsə nəyə görə çıxışı gözləyirdilər və nəyə görə sahibkarların problemlərini artırmaqla məşğulidilər? Nazirlik bu məsələyə də aydınlıq gətirməlidir ki, hansı əsasla bu qədər yoxlama həyata keçirirdilər. Təbii ki, sahibkarlar üçün çox pozitiv bir addım olacaq. Tək İqtisadiyyat və Sənaye nazirliyi deyil, vergilər, gömrük, eyni zamanda tikinti ilə məşğul olan və nəzarəti həyata keçirən qurumlar da oxşar addımlar atmalıdırlar. Azərbaycanda yoxlama həyata keçirən qurumların sayı 15-ə yaxındır. Əsassız yoxlamalar dayandırılsa, vahid registır üzrə yoxlamalar aparılsa və hər bir sahibkarı ən azından iki yaxud üç ildən bir yoxlamağa qanun icazə versə, bu, təbii ki, çox pozitiv, gərəkli bir addım olacaq”.

İxracat potensialı olan sahələrin inkişafından danışan ekspertin fikrincə bu sahəyə ciddi dövlət dəstəyi lazımdır.

“Elə addımlar var ki, mütləq atılmalıdır: bu, vergi və gömrük güzəştlərindən başlayaraq subsidiyaların və faizsiz kreditlərin verilməsinə qədər getməlidir. Bu Azərbaycan üçün çox aktualdır. Çünki iqtisadi aktivliyin çox böyük bir hissəsi Bakıya və Abşeron yarımadasına yığılıb, regionlarda bununla bağlı çox ciddi problemlər var. Dünya praktikası onu göstərir ki regionları inkişaf etdirmək üçün sahibkarlara həm vergi güzəştləri tətbiq olunur, sıfır faizlə  uzunmüddətli kreditlərlə təmin olunur ki, bu da bir stimul yaradır. Sahibkarların daha çox  regionlarda işləməsini, orada istehsalla məşğul olmasını stimullaşdırmaq lazımdır. İxracat potensialı olan sahələrin inkişafına ciddi dövlət dəstəyi lazımdır. Yaxud da gömrükdə yaşıl xətt prinsipi həyata keçirilə bilər ki, xarici ticarətlə məşğul olan insanların gömrük prosedurlarından asanlıqla və tez keçməsinə imkan yaradılsın”.

Natiq Cəfərli bildirib ki, biz çalışmalıyıq ki, büdcəmizin ən azı yarısı kiçik və orta sahibkarlığın fəaliyyəti hesabına doldurulsun: “Ümumiyyətlə dünya praktikasında kiçik və orta sahibkarlıq hər bir dövlətin vergi sisteminin bel sütununu təşkil edir. Avropa ölkələrində kiçik və orta sahibkarlardan gələn verginin büdcədə payı 60-80% arası dəyişir. Amma, bizdə bu çox aşağı səviyyədədir. Fiziki şəxslərdən gələn gəlir cəmi 750 mliyon manatdır. Kiçik və orta sahibkarlıqdan gələn rəqəmdə çox aşağıdır. Bu çox aşağı göstəricilərdir yəni büdcənin heç 10%-ə qədəri də etmir. Buna görə çalışmaq lazımdır ki, büdcəmizin ən azı yarısı kiçik və orta sahibkarlığın fəaliyyəti hesabına doldurulsun”.

Qeyd edək ki, oktyabrın 12-də keçirilən müşavirə də daxil olmaqla prezident İlham Əliyevin dəfələrlə ölkədə sahibkarlığın inkişafı üçün zəruri tədbirlərin görülməsini bildirərək bu sahəyə subyektiv maneələrin aradan qaldırılmasını tələb edib. 

Xəbər lenti
0