Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Yuşkov: Avropa Rusiya qazından imtina edə biləcəkmi?

© Sputnik / Vladimir Trefilov / Mediabanka keçidİqor Yuşkov
İqor Yuşkov - Sputnik Azərbaycan, 1920, 10.09.2021
Abunə olmaq
Ekspert vurğulayıb ki, yalnız Rusiyaya narazılıq bildirilir, halbuki avropalılar özləri də vətənpərvərlik hissi ilə deyil, iqtisadi məntiqlə hərəkət edirlər.
BAKI, 10 sentyabr — Sputnik. Avropada təbii qazın qiymətinin kəskin artmasında Rusiyanın rolu varmı və Avropa İttifaqı yaşıl enerjiyə keçərsə, "Şimal axını-2"-nin effekti olacaqmı? Sualın cavabını ekspert açıqlayır.
"Şimal axını-2"-nin ikinci qolunun son borusu artıq Baltik dənizin dibinə döşənib. Bu barədə sentyabrın 6-da "Nord Stream 2 AG" layihəsinin əməliyyatçı-şirkəti məlumat verib. Sentyabrın 9-da əqd bazarında tarixi rekord qeydə alınıb – ticarət tarixində ilk dəfə olaraq min kubmetr qazın qiyməti 700 dollar həddini keçib.
"Şimal axını-2"-nin işə düşməsi Avropada sürətlə artan təbii qazın qiymətinə necə təsir göstərəcək? Avropalıların qaz ehtiyatlarının kifayət qədər olmaması səbəbindən istilik mövsümündə soyuqdan donma təhlükəsi ilə üz-üzə qaldıqları vaxtda "Qazprom" niyə Aİ bazarına qaz tədarükünü artırmır?
Rusiya enerji strategiyasının xüsusiyyətlərini Sputnik-in rus dilində yayımlanan "YouTube" kanalına müsahibəsində Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı mütəxəssisi İqor Yuşkov izah edib.
Niyə Norveç deyil, Rusiya ittiham olunur?
Sentyabrın 9-da əqd bazarında tarixi rekord qeydə alınıb – ticarət tarixində ilk dəfə olaraq min kubmetr qazın qiyməti 700 dollar həddini keçib. Halbuki cəmi bir ay əvvəl sonrakı ödəmə ayı üçün təbii qaz əqdi 1000 kubmetrə 550 dollar, may ayının ortalarında isə 373 dollar təşkil edirdi. Avropa təbii qaz treyderləri bunu "ağlasığmaz vəziyyət" kimi qiymətləndiriblər. Bir sıra Avropa KİV-ləri isə bu vəziyyətin yaranmasında "Qazprom"-u günahlandırıblar. İqor Yuşkov isə bu fikirdədir ki, belə absurd vəziyyətin məntiqi izahı var.
"Asiyada təbii qaz qiymətləri daha yüksəkdir. Çin qazın istehlak həcmini artırır. Asiyada Yaponiya, Cənubi Koreya kimi bir sıra iri qaz istehlakçıları mövcuddur. Başqa sözlə, bütün sıxlaşdırılmış təbii qaz Asiyaya gedir. Bu yanacaq növünün istehsalçıları, təbii ki, daha çox qazanmaq arzusundadırlar, odur ki bütün 2021-ci il boyunca Asiya bazarına iri partiyalarla qaz göndərirlər", – deyə o bildirir.
Yuşkovun sözlərinə görə, buna müvafiq olaraq, əgər Avropanın əlavə sıxlaşdırılmış qaza ehtiyacı varsa, bu qitənin ölkələrinə də təxminən Asiyadakı qiymətlərlə yanacaq təklif olunur.
Rusiyaya gəlincə, bu ölkənin apreldən indiyə kimi tədarük etdiyi qazın həcmi dəyişməyib:
"Odur ki xarici medianın iddia etdiyi kimi, Rusiya heç də ventilləri bağlayıb Avropanı şantaj etmir. Boru kəməri ilə qaz ixrac edən digər tədarükçülərə də baxmaq lazımdır. Artıq dördüncü ildir ki, Norveçdə qaz hasilatı azaldılır və qazı daha çox mayeləşdirib Asiyaya göndərməyə çalışırlar".
Başqa bir nümunə gətirən ekspert qeyd edir ki, Əlcəzair də daxili tələbatın artması səbəbindən daha az təbii qaz ixrac etməyə başlayıb. Və belə bir sual ortaya çıxır: Onda niyə yalnız Rusiyaya narazılıq bildirilir? Axı avropalılar özləri də vətənpərvərlik hissi ilə deyil, iqtisadi məntiqlə hərəkət edirlər.
Bundan başqa, treyderlər qiymətlərin yüksək olmasından danışanda Hollandiya birjasının qiymət təyin etməsini nəzərdə tuturlar. Bu birja isə əsasən sıxlaşdırılmış təbii qaz bazarındakı vəziyyəti əks etdirir.
Almaniya birjası isə fərqlidir, orada qiymətlərə Rusiyanın qaz kəmərləri vasitəsilə ixrac etdiyi yanacaq təsir göstərir. İqor Yuşkovun sözlərinə görə, bütün bu amilləri nəzərə almaq lazımdır.
Rusiya niyə Ukraynanın qazanmasına imkan versin?
Ekspertin sözlərinə görə, treyderlər həm də ona görə narahatdırlar ki, Avropanın yeraltı qaz anbarlarında ehtiyatların həcmi aşağıdır.
"Bu niyə baş verib? Niyə qışa hazırlıq görməyiblər? Çünki qiymətlər il ərzində artdı və şirkətlər fikirləşdilər ki, birdən qiymət pik nöqtəsinə çatar, indi min kubmetri 400 dollara alaram, qışda isə 300 dollara qədər enər, ziyana düşərəm. İndi də 500 dollar olub. Bax bu, həqiqətən də qiymət pikidir! İndi isə belə bir vəziyyət yaranıb: yeraltı anbarlara qaz vurmağa qorxurlar, fikirləşirlər ki, hər şey ola bilər, birdən qışda qazın qiyməti ucuzlaşar", – deyə ekspert vurğulayır.
Bundan başqa, bir sıra ölkələr bu il anbarlardakı qazı çıxarıb mövcud tələbatı ödəmək üçün istifadə etdilər. İqor Yuşkov deyir ki, 2020-ci il tamamilə fərqli dövr olub, çünki bazar qiymətləri həddən artıq aşağı idi: 1000 kubmetr üçün 100 dollardan da az:
"Aydın məsələdir ki, qışda Avropa donub-eləməyəcək, amma bu qitənin Rusiyadan əlavə qaz vurulmasına ehtiyacı olacaq. Rusiya praktik olaraq kəmər vasitəsilə qaz tədarük edən yeganə ölkədir ki, həm qaz hasilatını, həm də tədarükün həcmini artıra bilər. Və bu məqamda "Şimal axını-2" Rusiyadan Avropaya əlavə həcmdə qaz göndərməyə imkan verəcək".
Yuşkovun sözlərinə görə, hazırda tədarükü artırmaq "Qazprom"a əlverişli deyil. "Ukraynadan başqa, bütün marşrutlar tam gücü ilə yüklənib. Əgər "Qazprom" Ukraynadan keçməklə müqavilədə nəzərdə tutulandan artıq həcmdə qaz ixrac etsə, artım əmsal yaranacaq, qaz nəqli xərcləri isə onsuz da yüksəkdir. Və belə bir seçim ortaya çıxır: daha çox qaz göndərib bununla belə, əlavə nəql üçün pul ödəmək və Avropada qazın qiymətini aşağı salmaq, yoxsa əvvəlki qaydada işləmək?
Ekspert deyir ki, birinci variantın iqtisadi cəhətdən heç bir mənası yoxdur. "Rusiya onsuz da uzunmüddətli müqavilələri yerinə yetirir. Əlavə tədarük vəziyyətində bütün qazanc Ukrayna əməliyyat şirkətinə çatacaq, çünki ona artan tranzit qiymətini ödəmək lazım gələcək", – deyə ekspert vurğulayır.
Yaşıl enerji sual altındadır
İqor Yuşkov deyir ki, "Şimal axını-2"-nin işə salınmasından sonra Rusiya əlavə qaz tədarük edə biləcək
"Çünki o tamamilə "Qazproma"a məxsusdur, başqa sözlə, pulu da öz törəmə şirkətinə ödəyəcək. İkincisi, Yamaldan Almaniyaya qədər məsafə Ukrayna marşrutundan 1800 kilometr qısadır. Qaz kəməri daha qısa olduğundan, deməli, "Qazprom" da daha az vəsait xərcləyəcək. Bu iqtisadi nöqteyi-nəzərdən ən effektli üsuldur", – deyə İqor Yuşkov vurğulayır.
Onun sözlərinə görə, yaşıl iqtisadiyyatın inkişafı "Şimal axını-2"-yə mənfi təsir göstərə bilməz. Ekspert deyir ki, Avropa 2050-ci ilə kimi bütün yeraltı enerji mənbələrindən imtina etmək niyyətindədir. Ancaq hələlik Aİ-nin yaşıl enerjiyə qoyduğu investisiya kifayət qədər deyil və dəfələrlə artırılmalıdır.
"Bu isə çətindir, axı ən sonda bütün xərclər istehlakçının cibindən çıxır, Avropada elektrik enerjisinin dəyəri isə onsuz da yüksəkdir. Düzdür, Avropa öz məqsədindən imtina etməyəcək, amma yəqin ki, müddət uzanacaq. Belə hesab edirəm ki, hələ bir neçə onillik ərzində təbii qaza tələbat böyük olacaq", – deyə ekspert vurğulayır.
"Bununla yanaşı, Rusiya enerji sahəsindəki yenilikləri də diqqətlə izləyir. "Avropa hidrogenə keçmək istəyir, hidrogen isə təbii qazdan istehsal olunur. Deməli, Rusiya da hidrogen istehsal edib elə həmin "Şimal axını-2" kəməri ilə Avropaya göndərə bilər", – deyə Yuşkov xatırladır.
Hətta ilk dövrlərdə qaz kəmərini modernləşdirməyə belə ehtiyac olmayacaq, deyə ekspert mülahizə yürüdür. "Qazın tərkibindəki hidrogenin 30 faizə qədərini boru kəmərini təkmilləşdirmədən nəql etmək olar. Düzdür, sonra modernləşməyə ehtiyac olacaq, amma texniki cəhətdən bunu həll etmək mümkündür", – deyə ekspert vurğulayır.
Problem ondadır ki, avropalılar yalnız öz planlarından danışırlar, hidrogen bazarı isə hələlik mövcud deyil.
"Heç kim iri həcmdə hidrogen istehsalı ilə məşğul olmur. Qarşıdan isə yeni istilik mövsümü gəlir və o, Avropa siyasətinin nə qədər absurd olduğunu ortaya qoyur. Əvvəlcə "Qazprom"-u məcbur etdilər ki, bütün müqavilələrdə qiymət formalaşmasını hablara bağlasın. Neft qiymətləri ilə bağlı müqavilələrə görə isə qazın dəyəri yarıbayarı aşağıdır. Bir sözlə, avropalılar öz enerji strategiyasının "zibilinə keçiblər", – deyə ekspert fikrini yekunlaşdırıb.
Müsahibəni Sputnik-in "YouTube" kanalında izləmək olar.
Xəbər lenti
0