11:18 24 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
SİYASƏT
Qısa URL
217420

Ceyhun Bayramov Rikerlə söhbətində Azərbaycanın vəziyyətin gərginləşməsində maraqlı olmadığını və bütün fikir ayrılıqlarının siyasi və diplomatik yolla həllinin tərəfdarı olduğunu vurğulayıb.

BAKI, 28 iyul — Sputnik. Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı baş tutub.

Azərbaycan XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, tərəflər bölgədə mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların həlli ilə bağlı məsələləri müzakirə ediblər.

İki ölkə sərhədində yaşanan gərginlikdən narahatlıq ifadə edən Filip Riker vəziyyətin sabitləşməsinin vacibliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov iki ölkə sərhədində baş verən gərginliklər, xüsusilə də son günlərdə Ermənistan tərəfindən təxribatlara əl atılması, Azərbaycan mövqelərinin intensiv atəşə tutulması və nəticədə 23 iyul tarixində Azərbaycanın bir hərbi qulluqçusunun şəhid olması, 28 iyul tarixində isə iki hərbi qulluqçumuzun yaralanması barədə qarşı tərəfə məlumat verib. Azərbaycan tərəfinin bu təxribatlara cavab olaraq müvafiq tədbirlər gördüyü və sərhəd mövqelərimizi müdafiə etdiyi qeyd olunub.

Nazir Azərbaycanın vəziyyətin gərginləşməsində maraqlı olmadığını və bütün fikir ayrılıqlarının siyasi və diplomatik yolla həllinin tərəfdarı olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov Ermənistanın məsuliyyətini dərk etməsinin və təxribatlara son verməsinin vacib olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.

Azərbaycanla sərhəddə Ermənistan günlərdir təxribat törədir

Müntəzəm olaraq iki ölkənin sərhədində insidentlər baş verir. Bu il mayın 12-də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirlərini qarşı tərəf Zəngəzur ərazisinin, xüsusilə Qaragöl ətrafının qəsbi kimi qələmə verməyə çalışıb. Ermənistan KTMT-yə müraciət etsə də, təşkilatdan ona hərbi əməliyyatlara əl atmamaq tövsiyə edilib.

Bundan sonra Ermənistan ordusunun bölmələri dəfələrlə Azərbaycanın sərhəd boyu yerləşən mövqelərini, eləcə də Qarabağdakı mövqelərimizi atəşə tutub.

Son günlər belə təxribatlar daha da intensivləşib. İyulun 19-u ərzində üç dəfə Naxçıvan ərazisi Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən müxtəlif çaplı silahlardan atəşə tutulub, bir əsgərimiz yaralanıb.

İyulun 28-i saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub.

Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur.

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Nəticədə Ermənistan Silahlı Qüvvələrinin üç əsgəri ölüb. Yaralıların sayı isə artıq beş nəfərdir.

 

Eləcə də oxuyun:

Teqlər:
ABŞ, zəng, telefon danışığı, Azərbaycan, erməni təxribatı, sərhəd, Ceyhun Bayramov, Azərbaycan XİN

Əsas mövzular