18:54 03 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0195
  • RUB0.0233
SİYASƏT
Qısa URL
37 0 0

Prezident İlham Əliyev türkiyəli həmkarına həm məktub ünvanlayıb, həm də zəng edib. O qeyd edib ki, Türkiyə bütün məsələlərdə Azərbaycanı dəstəklədiyi kimi, Azərbaycan da hər zaman Türkiyənin yanındadır.

BAKI, 15 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin ildönümü ilə bağlı telefonla zəng edib.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Prezidentin mətbuat xidməti yayıb.

Dövlətimizin başçısı, ilk növbədə, həmin günlərdə həlak olan şəhidlərin xatirəsini dərin ehtiramla yad edib. Prezident İlham Əliyev bildirib ki, Türkiyə dövlətçiliyinə və xalqına qarşı yönəlmiş həmin xəyanətkar dövlət çevrilişi cəhdinin qarşısının alınmasında şəxsən Rəcəb Tayyib Ərdoğanın göstərdiyi qətiyyət və böyük liderlik müstəsna rol oynayıb.

Dövlətimizin başçısı, eyni zamanda, qeyd edib ki, həmin tarixi sınaq günlərində xalqın Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşməsi Türkiyə xalqının dövlətçilik yolunda göstərdiyi fədakarlığının bariz nümunəsi olub.

Prezident İlham Əliyev Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi günlərində olduğu kimi, bu gün də Azərbaycanın dost və qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb, ölkələrimiz və xalqlarımız arasında sıx birliyin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Rəcəb Tayyib Ərdoğan telefon zənginə və göstərilən diqqətə görə Azərbaycan Prezidentinə minnətdarlıq edib və öz növbəsində Türkiyə-Azərbaycan birliyi və qardaşlığının hər zaman möhkəmlənəcəyinə əmin olduğunu bildirib.

Söhbət zamanı əməkdaşlığın müxtəlif aspektləri müzakirə edilib.

 

--------

12:06

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana 15 iyul dövlət çevrilişi cəhdinin beşinci ildönümü ilə bağlı məktub ünvanlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, məktubda bildirilir:

"Hörmətli cənab Prezident, əziz qardaşım, Sizi səmimiyyətlə salamlayıram. Bu gün qardaş Türkiyə Respublikası 15 iyul dövlət çevrilişi cəhdinin beşinci ildönümünü qeyd edir. Mən dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını verən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirəm.

Türkiyə dövlətinə qarşı yönəlmiş bu xəyanəti yalnız Sizin böyük fədakarlığınız və qardaş xalqın Sizin ətrafınızda sıx birləşməsi sayəsində önləmək mümkün olmuşdur. Milli birlik və həmrəyliyin, qətiyyətli liderliyin və güclü iradənin təntənəsi olan bu möhtəşəm qələbə Türkiyə xalqının yaddaşında əbədi olaraq qalacaqdır.

Şübhəsiz, Türkiyə Respublikası bu çətin sınaqdan daha da güclənərək çıxmışdır. Son illər ərzində Sizin müdrik rəhbərliyiniz altında qardaş ölkənizin siyasi, iqtisadi, hərbi və digər sahələrdə əldə etdiyi nailiyyətlər Türkiyə dövlətçiliyi üçün "Demokratiya və Milli Birlik Günü"nün əhəmiyyətini bir daha vurğulayır.

Azərbaycan xalqı və dövləti bu xəyanətkar dövlət çevrilişi cəhdini ilk dəqiqələrdən ən qəti şəkildə pisləyərək birmənalı mövqeyini ortaya qoymuşdur. Türkiyə bütün məsələlərdə Azərbaycanı dəstəklədiyi kimi, Azərbaycan da hər zaman Türkiyənin yanındadır.

Dostluq və qardaşlığın ən gözəl nümunəsi olan, sülhə, təhlükəsizliyə və əməkdaşlığa töhfə verən Azərbaycan-Türkiyə əlaqələri bu gün özünün ən yüksək zirvəsindədir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəriniz zamanı imzaladığımız Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərimizi keyfiyyətcə yeni müstəviyə qaldıraraq, əməkdaşlığımızın gələcək istiqamətlərini müəyyən edir.

Əminəm ki, Azərbaycan-Türkiyə birliyi və qardaşlığının "Bir millət iki dövlət" şüarına uyğun olaraq daha da möhkəmləndirilməsi və inkişafı naminə qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün birgə səylərimizi davam etdirəcəyik.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Türkiyədə dövlət çevrilişinə cəhd 

2016-cı il 15 iyul tarixində İstanbul və Ankarada dövlət çevrilişi cəhdi baş verib. Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə Ərdoğan hakimiyyətini devirmək idi.

2021-ci il aprelin 4-də Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdi zamanı Prezident Mühafizə Alayında baş verən hadisələrdə iştirak etmiş 497 müttəhimin məhkəmə qarşısına çıxarıldığı proses yekunlaşıb. Ankara 19-cu Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm elan olunub. 

Hökmü açıqlayan hakim Murat İlhan 19 müttəhimdən 16-sının "konstitusional quruluşu pozma" ittihamı ilə ömürlük həbs cəzasına məhkum edildiyini bildirib. 3 müttəhim isə "silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə 7 il 6 aydan 15 ilə kimi həbs cəzasına məhkum olunub.

Bundan başqa, dövlət çevrilişinə cəhd zamanı Prezident Mühafizə Alayında xidmət edən 108 müttəhimdən altısı "konstitusiya quruluşunu pozmağa cəhd göstərənlərə yardım etmə" ittihamı ilə 6 il 3 aydan 15 ilə qədər həbs cəzasına məhkum edilib. Əsgərlər də daxil olmaqla, 102 müttəhim isə bəraət alıb.

TRT binasına basqın edən 141 şübhəlidən keçmiş (rütbəsi əlindən alınmış) polkovnik Muhammed Tanju Poshor, keçmiş leytenantlar Ümit Gençer və Ekrem İşık, keçmiş mayor Anıl Aktaş "konstitusional quruluşu pozduqlarına" görə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum ediliblər.

Qeyd edək ki, Muhammed Tanju Poshor, həmçinin "Prezidentə sui-qəsd" ittihamı ilə ayrıca mühakimə olunub və ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.

Eləcə də oxuyun:

Teqlər:
Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, məktub, dövlət çevrilişi cəhdi, ildönümü

Əsas mövzular