CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zaxarova: "Vəziyyət birbaşa Qarabağ nizamlanması ilə bağlı deyil"

© Photo : Press service of the Russian Foreign Ministry / Mediabanka keçidОфициальный представитель Министерства иностранных дел России Мария Захарова
Официальный представитель Министерства иностранных дел России Мария Захарова - Sputnik Azərbaycan, 1920, 09.07.2021
Abunə olmaq
Rusiya XİN rəsmisi qeyd edib ki, Rusiya sülhməramlılarının məsuliyyət zonasında vəziyyət nisbətən sabit olaraq qalır.

BAKI, 9 iyul — Sputnik. Rusiya Qarabağda dinc həyatın qurulmasına, Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsinə, o cümlədən qarşılıqlı qıcıqlandırıcıların aradan qaldırılmasına töhfə verməyə hazırdır.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Ermənistan-Azərbaycan sərhədinin ayrı-ayrı hissələrində vəziyyətə gəldikdə isə Zaxarova vurğulayıb:

"Biz bu mövqedən çıxış edirik ki, vəziyyət birbaşa Qarabağ nizamlanması ilə bağlı deyil və sərhədlərin beynəlxalq hüquq çərçivəsində tanınmamasının nəticəsidir. Şübhəsiz, ümumi fon tərəflər arasında qarşılıqlı etimadın defisiti ilə daha da pisləşir".

Rusiya XİN rəsmisi qeyd edib ki, Rusiya sülhməramlılarının məsuliyyət zonasında vəziyyət nisbətən sabit olaraq qalır: "Ayrı-ayrı insidentlər dərhal onların azərbaycanlı və erməni həmkarları ilə əməkdaşlığı nəticəsində həll olunur. Rus sülhməramlılarına qarşı hər hansı bir təxribat xarakterli hərəkət qeydə alınmır".

KTMT-nin reaksiyası

İyulun 3-də KTMT-nin baş katibi Stanislav Zas da Ermənistanın cənubunda Azərbaycanla yeni sərhədlərin təyin olunması ilə bağlı vəziyyətin gərginləşməsini "sərhəd insidenti" adlandırmış və KTMT-nin kollektiv müdafiə ilə bağlı nizamnaməsinin müddəalarının ona şamil olunmadığını demişdi.

"Bilmək lazımdır ki, KTMT potensialı yalnız (üzv ölkələrdən birinə) aqressiya, hücum zamanı işə salınır. Burada isə mahiyyət etibarı ilə sərhəd insidenti ilə rastlaşırıq. Allaha şükür, orada qurban, atışma yoxdur. Bu, sərhəd insidentidir və onu həll etmək lazımdır, biz isə bunun sülh yolu ilə həll olunmasını istəyirik", - o deyib.

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücumu başladı.
Müharibənin gedişində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhəri erməni işğalçılarından təmizlənib.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

Sərhəddə gərginlik

Xatırladaq ki, müntəzəm olaraq iki ölkənin sərhədindən təlaşlı xəbərlər alırıq. Bu il mayın 12-də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirlərini qarşı tərəf Zəngəzur ərazisinin, xüsusilə Qaragöl ətrafının qəsbi kimi qələmə verməyə çalışıb. Ermənistan KTMT-yə müraciət etsə də, təşkilatdan ona hərbi əməliyyatlara əl atmamaq tövsiyə edilib. Mayın 24-dən 26-dək Azərbaycan ordusunun mövqeləri üç istiqamətdən atəşə tutulub.

Bundan üç gün sonra Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib.

İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

Mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimizin Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalması barədə məlumat yayıb. Məlumata görə, atəş nəticəsində hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. Yaralı əsgərimizə dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib. Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin cavab atəşi ilə qarşı tərəf susdurulub.

İyulun 7-də saat 13:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Eləcə də oxuyun:

Xəbər lenti
0