CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ABŞ dayanıqlı sülhün bərqərar olmasına əhəmiyyətli töhfə verə bilər - İlham Əliyev

© Official website of President of Azerbaijan Republicİlham Əliyev İtaliyanın Rai-1 kanalına müsahibə verib
İlham Əliyev İtaliyanın Rai-1 kanalına müsahibə verib - Sputnik Azərbaycan, 1920, 03.07.2021
Abunə olmaq
Azərbaycan Prezidenti İlham Əliyev amerikalı həmkarı Cozef Baydenə Müstəqillik Günü münasibətilə təbrik məktubunda tərəfdaşlığı vurğulayaraq ABŞ şirkətlərini bölgədə quruculuq işlərində iştiraka dəvət edib.

BAKI, 3 iyul - Sputnik. "Hesab edirəm ki, ABŞ yaranmış reallığa uyğun olaraq Azərbaycan ilə Ermənistan arasında ərazi bütövlüyünə, suverenliyə, sərhəd toxunulmazlığına qarşılıqlı hörmət əsasında dayanıqlı sülhün bərqərar olmasına və etimad mühitinin yaradılmasına əhəmiyyətli töhfə verə bilər".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə ünvanladığı məktubda qeyd edib.

Məktubda deyilir: 

"Hörmətli cənab Prezident,

Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ərəfəsində bir sıra sahələrdə strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlərimiz, ikitərəfli əlaqələrimizin inkişaf dinamikası məmnunluq doğurur.

İrimiqyaslı enerji layihələri, beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizmə qarşı mübarizə, NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyası çərçivəsində sıx əməkdaşlığımız Azərbaycan-ABŞ münasibətlərini səciyyələndirən mühüm istiqamətlərdəndir. Biz enerji təchizatı marşrutlarının diversifikasiyası, xüsusilə də Cənub Qaz Dəhlizinin uğurla tamamlanmasına Birləşmiş Ştatların göstərdiyi dəstəyi yüksək qiymətləndiririk.

Bildiyiniz kimi, keçən il 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulmuş, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuş, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası təmin edilmişdir.

Münaqişənin başa çatması bölgədə yeni geosiyasi reallıq yaratmış, davamlı sülh, iqtisadi dirçəliş və regional əməkdaşlıq üçün əlverişli zəmin formalaşdırmışdır. Hesab edirəm ki, ABŞ yaranmış reallığa uyğun olaraq Azərbaycan ilə Ermənistan arasında ərazi bütövlüyünə, suverenliyə, sərhəd toxunulmazlığına qarşılıqlı hörmət əsasında dayanıqlı sülhün bərqərar olmasına və etimad mühitinin yaradılmasına əhəmiyyətli töhfə verə bilər.

Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirilir. Biz bu prosesdə tərəfdaş qismində ABŞ şirkətlərini də görmək istərdik.

İnanıram ki, Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə bir daha Sizə ən səmimi təbriklərimi yetirir, Amerika Birləşmiş Ştatlarına daim əmin-amanlıq və rifah arzulayıram".

İkinci Qarabağ müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücumu başladı.
Müharibənin gedişində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

 

Qarabağın dirçəlişi

Müharibədən sonra işğaldan azad edilmiş bölgələrdə bərpa və quruculuq işlərinə başlanıb. Bu prosesə yerli müəssisələr və qurumlarla yanaşı, müxtəlif xarici şirkətlər də dəvət alıb. Qarabağın bərpasında ən son texnologiyalardan istifadə olunacaq, "ağıllı" şəhər və kənd sistemıləri qurulacaq. Füzulidə beynəlxalq aeroportun bu ilin payızında istifadəyə verilməsi gözlənilir. Prezident İlham Əliyevin sözlərinə görə, ya Laçın, ya Kəlbəcərdə ikinci beynəlxalq hava limanı inşa ediləcək. 

ABŞ-ın Müstəqillik günü

1776-cı il iyulun 4-də Şimali Amerikadakı 13 koloniya Böyük Britaniya imperiyasından ayrılaraq müstəqilliklərini elan ediblər. 

Həmin gün Kontinental Konqres tərəfindən ABŞ İstiqlaliyyət Bəyannaməsi qəbul edilib. Bəyannamə müstəmləkələrin metropoliyadan ayrılmasını və yeni müstəqil dövlətin — Amerika Birləşmiş Ştatlarının yaranmasını, xalqın suverenliyi ideyasını, bütün insanların qanun qarşısında bərabərliyini və "yaşamaq, azadlıq və xoşbəxtlik arzusunda olmaq" hüququnu elan edib.  Tomas Cefferson tərəfindən hazırlanmış İstiqlaliyyət Bəyannaməsi Filadelfiyada imzalanıb.

Bəyannamə o dövr ABŞ federasiyasına daxil olan 13 ştat tərəfindən yekdilliklə qəbul edilib.

Eləcə də oxuyun:

Xəbər lenti
0