SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qonşu ölkədə Azərbaycanla bağlı sensasiya, səfərlər, müzakirələr - Həftənin siyasi icmalı

© Sputnik / Murad OrujovФлаг Азербайджана развевается на приморском бульваре, фото из архива
Флаг Азербайджана развевается на приморском бульваре, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.06.2021
Abunə olmaq
Ötən həftə Azərbaycanda və ətrafında baş verən bir sıra siyasi hadisələr regiona da təsirsiz ötüşmədi. Ümumi icmalı Sputnik Azərbaycan təqdim edir.

BAKI, 27 iyun - Sputnik. Ötən həftə Azərbaycan siyasi arenası görüşlər, qonşu ölkələrdə seçkilər və müzakirələrlə yadda qaldı.

Qazax nazirin Bakıya əvvəlcədən anons edilməyən səfəri

İyunun 20-si Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdı Azərbaycana səfərə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, o, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Bayramovla görüşdən sonra qazax nazir azərbaycanlı həmkarı ilə mətbuat önünə çıxaraq bəyanatlar səsləndiriblər.

Qonağı Qarabağda son durumla tanış edən Ceyhun Bayramov bildirib ki, Qarabağla bağlı üçtərəfli bəyanatların bəzi müddəaları həyata keçirilir, bəzi müddəaların icrası gecikir: "Bunun əsas səbəbləri Ermənistanda müşahidə olunan siyasi böhran idi. Bir çoxları Ermənistanda bu siyasi böhranın əsas səbəbini Ermənistanın 44 günlük II Qarabağ müharibəsində aldığı ağır məğlubiyyətdə görürlər. Belə bir siyasi böhranın səbəbi Ermənistanın uzun illər ərazində beynəlxalq hüququ pozaraq 20-ci əsrin sonda və 21-ci əsrdə dövlətlərin beynəlxalq sərhədlərinin güc yolu ilə dəyişdirməsi cəhdi, qonşu ölkəyə qarşı həyata keçirdiyi təcavüz olub".

“Qazaxıstanlı həmkarıma 100 minlərlə məcburi köçkünün torpaqlarına qayıtmasının vacibliyi barədə məlumat verdim. Bu istiqamətdə potensial əməkdaşlıq barədə də müzakirə apardıq”, - Bayramov əlavə edib.

Muxtar Tleuberdı Azərbaycana məxsus ərazilərin geri qaytarılması münasibəti ilə Azərbaycanı təbrik edib, şəhidlərə rəhmət diləyib.

Qonaq Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli razılaşmaların yerinə yetiriləcəyinə ümidvar olduqlarını vurğulayıb.

Paşinyanın qələbəsi rəsmiləşdi

Elə həmin gün, iyunun 20-də Ermənistan tarixindəki ikinci növbədənkənar parlament seçkilərində 21 partiya və 4 blok iştirak etdi.

Ermənistan Mərkəzi Seçki Komissiyası bu gün 20 iyun tarixində keçirilmiş erkən parlament seçkisinin yekun nəticəsini elan edib. Həmin nəticəyə əsasən, Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın partiyası 53,91% səs qazanıb.

"Seçkilərdə 2 milyon 595 min 512 nəfər seçici siyahılarına daxil edilib, səsvermədə isə 1 milyon 281 min 997 və ya seçicilərin 49, 39%-i iştirak edib. 688,761 nəfər və ya 53, 91 % "İctimai müqavilə" partiyasına səs verib. "Ermənistan" blokuna (keçmiş Prezident Robert Köçəryanın - red.) səs verənlərin sayı isə 269 min 481 nəfər və ya 21, 9 % olub. "Şərəfim var" blokuna (keçmiş prezident Serj Sarkisyanın - red.) isə seçicilərin yalnız 66 min 650 nəfəri və ya 5, 22 %-i səs verib", - deyə MSK rəhbəri Tiqran Mukuçyan yekun protokloun imzalanmasından əvvəl keçirilən iclada bəyan edib.

Qeyd edək ki, Ermənistan Seçki Məcəlləsinə görə, "Şərəfim var" blokunun topladığı səs parlamentdə təmsil olunmaq üçün kifayət etmir. Bu məqsədlə blokun ən az 7 faiz səs qazanması tələb olunurdu.

Pakistanla hərbi əlaqələr inkişaf etdirilir

Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Azərbaycana səfərə gəlib. Səfər çərçivəsində o, Azərbaycan Prezidenti İlham Əliyev, müdafiə naziri Zakir Həsənov və digər rəsmi şəxslərlə görüşüb. Azərbaycan Prezidenti İkinci Qarabağ müharibəsində Pakistanın Azərbaycana göstərdiyi çox fəal dəstək mövqeyinə görə ordu generalına öz təşəkkürünü bildirib: "Biz xüsusilə İkinci Qarabağ müharibəsində Pakistanın Azərbaycana göstərdiyi çox fəal dəstək mövqeyinə görə minnətdarıq. Müharibənin ilk günlərindən ölkənizin ali rəhbərliyi - Prezident və Baş nazir ərazi bütövlüyümüzün bərpasında Azərbaycana tam dəstəklərini ifadə etdilər. Bu, bizim əməkdaşlığımızın çox mühüm elementi və qardaşlıq əlaqələrimizin həqiqi nümayişidir. Pakistanın digər yüksək rütbəli rəsmiləri, parlament üzvləri və ictimai xadimlər Ermənistan ordusunun tam məğlubiyyəti və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük müharibə ərzində bizi dəstəklədilər. Dağlıq Qarabağ münaqişəsi Azərbaycan tərəfindən güc və siyasi yolla həll olundu"

Xəzərdə terrorçulara qarşı təlimlər

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, iyunun 22-dən Hərbi Dəniz Qüvvələrində (HDQ) taktiki təlimlər başlayıb.

Döyüş və təminat gəmiləri, eləcə də dəniz piyadalarının iştirakı ilə keçirilən təlimlərin məqsədi Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və HDQ birləşmələri tərəfindən birgə döyüş əməliyyatlarının aparılmasıdır.

İki mərhələdə keçirilən təlimlərdə döyüş fəaliyyətlərinin təşkili və qüvvələrin döyüşdə idarə olunması üzrə komandirlərin və qərargahların bacarıqları da təkmilləşdirilib.

Təlimlərin birinci mərhələsində gəmi və katerlər döyüşə və səfərə hazırlanacaq, şərti düşmənin suüstü hücum vasitələrini və üzən minalarını məhv edəcək, eləcə də təyin olunmuş rayonda lövbərə duraraq universal müdafiəni təşkil edəcəklər.

Təlimlərin ikinci mərhələsində Xəzər dənizinin ölkəmizə məxsus sektorunda terror-diversiya fəaliyyətlərinin qarşısının alınması üzrə döyüş tapşırıqlarının yerinə yetirilməsi, qəzaya uğramış gəmiyə yardımın göstərilməsi nəzərdə tutulub.

IX Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı

Rusiya Prezidenti Vladimir Putin IX Moskva Beynəlxalq Təhlükəsizlik Konfransının iştirakçılarına müraciətində dünyada təhlükəsizlik üçün təhdidləri açıqlayıb. Putin kütləvi qırğın silahlarının yayılması risklərini, beynəxlaq kriminal, kibercinayətkarlıq və terrorizmi dünyaya təhdid adlandırıb.

"Regionda silahlı münaqişələr, kütləvi qırğın silahlarının yayılması riskləri, transsərhəd kriminal qruplaşamların, narkobiznes və kibercinayətkarlığın aktivliyi ciddi narahatlıq doğurur. Beynəxlaq terrorizm Beynəlxalq terrorizm hələ də əsas təhdid olaraq qalır".

O, həmçinin bildirib ki, Rusiya öz xalqı üçün sülh və sabitliyi təmin etmək üçün hər şeyi edəcək, öz Silahlı Qüvvələrinin təkmilləşdirəcək, diplomatiyanın imkanlarından istifadə edəcək və ütün maraqlı tərəfdaşlarla dialoq aparacaq.

Qeyd edək ki, Azərbaycanı konfransda Respublika müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Rusiyanın Dağlıq Qarabağda nizamlanmaya töhfəsi həlledici olub

Rusiyanın Dağlıq Qarabağ ətrafında münaqişənin nizamlanmasına töhfəsi həlledici olub. Bunu Rusiya Prezidenti Vladimir Putin IX Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib. O vurğulayıb ki, Rusiya sülhməramlıları etibarlı şəkildə regionda sülh və təhlükəsizliyi təmin edir, humanitar vəziyyətin yaxşılaşdırılması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün xeyli işlər görürlər.

Ermənistanda sensasiya: Paşinyan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sənəd imzalayacaq

Ermənistanın "Qraparak" nəşri gözləmədən məlumat yayıb ki, Nikol Paşinyan, yəqin ki, sentyabrda faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq müqaviləni imzalayacaq. Yaxın vaxtlarda Ermənistan və Rusiya arasında Rusiya sülhməramlılarının Basarkeçərdə (Geğarkunik) Zod-Xəzinavar ərazisində yerləşdirilməsinə dair razılığa gələcək. Bundan sonra Ermənistan hərbçiləri ön xətdən geri çəkiləcək.

Ceyhun Bayramov və Sergey Lavrov Qarabağı müzakirə etdilər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefonla danışıb. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, XİN başçıları ikitərəfli münasibətləri, regiona və beynəlxalq gündəlikdə olan münasibətləri müzakirə edib.

Tərəflər koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq, çoxşaxəli Rusiya-Azərbaycan münasibətlərinin uğurla inkişaf etdiyini, və qarşılıqlı ticarət-iqtisadi əlaqələrin artdığını məmnunluqla qeyd ediblər.

Qeyd olunur ki, buna Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası komissiyanın 19-cu iclasında qəbul olunan qərarların icrası, həmçinin Azərbaycanın Baş naziri əli Əsədovun bu yaxınlarda rəsmi səfəri zamanı əldə olunan razılaşmaların reallaşdırılması əhəmiyyətli dərəcədə yardım edir.

Məlumatda bildirilir ki, telefon danışığı zamanı, xüsusilə də humanitar vəzifələrin həlli ilə bağlı Qarabağla bağlı üçtərəfli bəyanatların həyata keçirilməsi kontekstində bir sıra məsələlərə toxunulub. Tərəflər Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin ortaq sədrliyi ilə üçtərəfli işçi qrupunun bölgənin münaqişədən sonrakı inkişafına verdiyi mühüm töhfəni vurğulayıblar.

Vətən müharibəsinin bir qrup qəhrəmanı təltif olundu

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev iyunun 24-də bir qrup hərbçinin təltif olunması barədə sərəncam imzalayıb.

Bununla da, "Füzulinin azad olunmasına görə" medalı ilə 11365 nəfər təltif olundu. Onlardan 403-ü ölümündən sonra bu medala layiq görülüb.

"Xocavəndin azad olunmasına görə" medalı ilə 11831 nəfər təltif olundu. Onlardan 373-ü ölümündən sonra bu medala layiq görülüb.

"Zəngilanın azad olunmasına görə" medalı ilə 3435 nəfər təltif olundu. Onlardan ikisi ölümündən sonra bu medala layiq görülüb.

"Cəbrayılın azad olunmasına görə" medalı ilə 10211 nəfər təltif olundu. Onlardan 260-ı ölümündən sonra bu medala layiq görülüb.

"Qubadlının azad olunmasına görə" medalı ilə 5867 nəfər təltif olundu. Onlardan 53-ü ölümündən sonra bu medala layiq görülüb.

"Şuşanın azad olunmasına görə" medalı ilə 5784 nəfər təltif olundu. Onlardan 120-i ölümündən sonra bu medala layiq görülüb.

"Ağdamın azad olunmasına görə" medalı ilə 3522 nəfər təltif olundu. Onlardan 26-ı ölümündən sonra bu medala layiq görülüb.

"Kəlbəcərin azad olunmasına görə" medalı ilə 4225 nəfər təltif olundu. Onlardan 209-u ölümündən sonra bu medala layiq görülüb.

"Laçının azad olunmasına görə" medalı ilə 2642 nəfər təltif olundu. Onlardan 26-ı ölümündən sonra bu medala layiq görülüb.

"Suqovuşanın azad olunmasına görə" medalı ilə 10647 nəfər təltif olundu. Onlardan 400-ü ölümündən sonra bu medala layiq görülüb.

İlham Əliyev Putinlə telefonla danışdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarının həyata keçirilməsinin praktiki aspektləri nəzərdən keçirilib. Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası üzrə üçtərəfli formatda işin fəallaşdırılmasına xüsusi diqqət yetirilib.

İkitərəfli gündəliyin cari məsələlərinin müzakirəsi gedişində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan-Rusiya strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsi əzmində olduqlarını qarşılıqlı surətdə təsdiq ediblər.

Dövlət başçıları müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Prezident hərbi qulluqçuların maaşlarını artırdı

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Sənədə görə:

1. İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, Xüsusi Təyinatlı Qüvvələrdə və əməliyyat briqadalarında xidmət edən hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilir.

2. Müəyyən edilir ki, bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan hərbi qulluqçulara (bundan sonra – hərbi qulluqçular):

2.1. Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçuların hərbi xidmət müddəti və xidmət yeri nəzərə alınmaqla bu Sərəncamın Əlavəsinə uyğun olaraq aylıq vəzifə maaşlarının 20–60 faizi həcmində 5 (beş) il müddətində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ödənilir;

2.2. 2021-ci ildə hərbi qulluqçulara Azərbaycan Respublikası Prezidentinin əlavəsi "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.2.1.4-cü "Müdafiə və milli təhlükəsizlik sahəsi üzrə maddi-texniki təminatın möhkəmləndirilməsi" yarımbəndində nəzərdə tutulmuş vəsaitin qalığı hesabına, növbəti illərdə isə dövlət büdcəsində müdafiə xərcləri üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir;

2.3. Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçulara Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış say və tərkibə uyğun olaraq ödənilir.

1.3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.

2.4. Bu Sərəncam 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

"Ermənistanla sülh sazişimiz olmasa, bu o deməkdir ki, sülh də yoxdur"

"Mən artıq dəfələrlə bu barədə danışmışam ki, biz postmünaqişə vəziyyətindən Cənubi Qafqazda sülhməramlı inkişafa və əməkdaşlığa keçmək istəyirik. Əfsuslar olsun ki, biz indiyədək Ermənistan hökumətindən buna bənzər nə isə eşitməmişik". Bu fikirləri Prezident İlham Əliyev iyunun 25-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin mandatı əsasında Azərbaycana səfər edən Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunu, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqi, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi və Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən deyib.

"Ermənistan hökuməti bizim Ermənistanla sülh sazişinə dair danışıqlara başlamaqla bağlı heç bir bəyanatımıza məhəl qoymur. Lakin ola bilsin ki, seçkiqabağı vəziyyət bu cür bəyanatlar vermək üçün çox əlverişli olmayıb. Amma indi Ermənistanda seçkilər başa çatandan sonra ümid edirik ki, müsbət cavab olacaq. Əlbəttə, düşünürəm ki, sizin Ermənistanda təmaslarınız zamanı bu məsələ də müzakirə ediləcək. Çünki əgər bizim Ermənistanla sülh sazişimiz olmasa, bu, o deməkdir ki, sülh də yoxdur. Təkcə iki ölkə arasında deyil, həm də Cənubi Qafqazda sülh yoxdur. Bizə sülh və dayanıqlı inkişaf, proqnozlaşdırılma, sıfır müharibə riski lazımdır, bizə müharibə lazım deyil. Bizə əvvəl də müharibə lazım deyildi", - deyə dövlət başçısı bildirib.

Cənubi Qafqazın ən güclü ordusu

İyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü qeyd olundu.

1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin hökuməti ilk əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Diviziya Nuru paşanın komandanlığı altında “Qafqaz İslam Ordusu”nun tərkibinə daxil edilib. Cümhuriyyətin Hərbi Nazirliyi rəsmən 1918-ci ilin dekabrında fəaliyyətə başlayıb. Generallar Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini, Süleyman Sulkeviç Baş Qərargah rəisi təyin ediliblər.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb.

Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü elan edilib.

Strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxil olan Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü və hazırlıqlı ordusu hesab edilir.

Eləcə də oxuyun:

  • Prezident İlham Əliyev: "Birinci Qarabağ müharibəsi bizim üçün böyük faciə idi"

  • Gürcüstan yenə Bakı ilə Yerevan arasında vasitəçi olmağa hazırdır - Qaribaşvili

  • Millət vəkili: “Erməni diasporunun məqsədləri xalqları münaqişəyə cəlb etməkdir”

  • Avstriya, Litva və Rumıniya XİN başçılarının Cənubi Qafqaz səfəri: yeni təfərrüatlar

Xəbər lenti
0