13:13 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
SİYASƏT
Qısa URL
13 0 0

Koryun Qumaşyanın minaların basdırılması ilə əlaqədar göstərdiyi məlumatların Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən təkzib edilməməsi və ya hər hansı rəsmi münasibət bildirilməməsi qeyd edilən faktların mövcud olmasına dəlalət edir.

BAKI, 18 iyun — Sputnik. Bir sıra kütləvi informasiya vasitələri və sosial media səhifələrində Ermənistan silahlı qüvvələrinin polkovniki Koryun Qumaşyanın Yerevandakı “Noyan Tapan” agentliyinə və Ermənistan televiziyasına 2021-ci il iyunun 06-da müsahibə verərkən Kəlbəcər və Laçın rayonlarında təxminən 500-600 ha ərazini zəncirvari minaladıqlarını, bunun üçün 17 yük avtomobili həm tank, həm də piyada ələyhinə mina basdırdıqlarını etiraf etməsinə dair videogörüntülər yayılıb.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla bağlı Baş Prokurorluqda araşdırma aparılmaqla “Tiqran Mets” hərbi təlim-tədris məktəbinin direktoru, Ermənistan silahlı qüvvələrinin ehtiyatda olan polkovniki Koryun Qumaşyanın şəxsiyyəti istintaqla araşdırılan digərləri ilə qabaqçadan əlbir olub cinayət əlaqəsinə girərək təxribat xarakterli fəaliyyəti yerinə yetirmək, Azərbaycan vətəndaşlarına qarşı qırğınlar törətmək, insanları qəsdən həyatdan məhrum etmək məqsədilə Azərbaycan Respublikasının Laçın və Kəlbəcər rayonları ərazilərində 17 yük avtomobili tank və piyada ələyhinə minaların basdırmalarına şübhələr müəyyən edilib. 

Koryun Qumaşyanın minaların basdırılması ilə əlaqədar göstərdiyi məlumatların Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən təkzib edilməməsi və ya hər hansı rəsmi münasibət bildirilməməsi qeyd edilən faktların mövcud olmasına dəlalət edir.

Həmçinin, son zamanlar işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonları ərazilərində soydaşlarımızın tank və piyada ələyhinə minalara düşərək həlak olmaları və müxtəlif dərəcəli bədən xəsarətləri almaları bir daha göstərilən faktların həqiqətə uyğun olmasını təsdiq edir.

Yuxarıda göstərilənlərlə əlaqədar Gəncə hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, qeyd edilən əməllərə görə Koryun Qumaşyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, beynəlxalq axtarışa elan edilib.

Sözügedən və bu kimi digər cinayət faktlarına görə təqsirkar şəxslərin beynəlxalq hüquq normalarına əsasən məsuliyyətə cəlb edilməsindən ötrü Baş Prokurorluq tərəfindən mümkün olan bütün tədbirlərin görülməsi davam etdirilir.

Qumaşyanın "dostları" da beynəlxalq axtarışdadır

Daha öncə yayılan məlumatda bildirilib ki, bir sıra kütləvi informasiya vasitələri və sosial media səhifələrində Ermənistan Respublikasına və oradan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə qaçaq yolla xüsusilə külli miqdarda silah sursatların, hərbi texnikanın qanunsuz olaraq daşınması barədə dərc edilmiş məlumatlar üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda araşdırma aparılıb.

Müəyyən edilib ki, biznes fəaliyyəti ilə məşğul olan, “Taşir” şirkətlər qrupunun rəhbəri Karapetyan Samvel Sarkisoviç, Ermənistanda "boz biznesmen" kimi tanınan və “Royalsys Engineering” şirkətinin sahibi David Qalustyan, “KOMEX” şirkətinin baş direktoru Abramyan Ara Arşaviroviç və qeyriləri  Ermənistan Respublikasının Silahlı qüvvələrini qanunsuz olaraq silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz edilməsi üçün 2001-2021-ci illər ərzində müxtəlif vaxtlarda hava yolu ilə “Beynəlxalq yük daşımaları haqqında” Gömrük  Konvensiyasının, “Avropada Adi Silahların Məhdudlaşdırılması” haqqında Müqavilənin tələblərinə zidd olmaqla müxtəlif reyslərlə uçan sərnişin təyyarələri, habelə Ermənistan Hərbi Hava Qüvvələrinin İL-76 TD tipli yük təyyarəsi ilə, eləcə də Ara Abramyan tərəfindən alınmış “İLYUSHİN-76TD” tipli, yük daşıma təyinatlı təyyarə ilə - ayırdıqları maliyyə vəsaiti hesabına hərbi təyinatlı iri çaplı odlu silah, döyüş sursatı, hərbi təyinatlı partlayıcı maddələr və qurğuları, o cümlədən raketləri qanunsuz əldə edib Ermənistan Respublikasına və Ermənistanın işğalına məruz qalmış Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf rayonlarına qaçaq yollarla daşınmasını təşkil edib.

Faktla bağlı 28 aprel 2021-ci il tarixdə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Qeyd edilən əməllərə görə Karapetyan Samvel Sarkisoviç, David Qalustyan və Ara Abramyan CM-nin 100.1 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 218.1 (ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə), 279.1 (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 206.4-cü ( qaçaqmalçılıq mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan edilib.

Qeyd edək ki, hazırda qeyd edilən cinayət işi ilə əlaqədar Baş Prokurorluq tərəfindən xarici ölkələrin aidiyyəti dövlət qurumlarına hüquqi yardımın göstərilməsi haqqında vəsatətlər göndərilib.

Eləcə də oxuyun:

Əsas mövzular