07:21 29 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0095
  • RUB0.0231
SİYASƏT
Qısa URL
2306 0 0

Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan 2020-ci ilin dekabrında da xəritə mübadiləsinin olduğunu deyib.

Ermənistan Azərbaycana bu ölkənin minalanmış ərazisinin yalnız kiçik bir hissəsinin xəritəsini verib.

Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan deyib.

Paşinyanın sözlərinə əsasən, o, bu mövzuda müzakirələrin sonrakı mərhələsinə hazırdır.

O bəyan edib ki, minalanmış ərazilərin təhvil verilən xəritəsi minalanmış ərazilərin xəritəsinin kiçik bir parçasıdır: "Qeyd etmək istəyirəm ki, dekabr ayında da analoji mübadilə etmişik və bunlar Ermənistanla Azərbaycanın mövqelərini ayıran ərazilərin xəritələri deyil, Azərbaycanın nəzarətindəki minalanmış yerlərin xəritələridir".

Minalanmış ərazinin xəritəsi əvəzində 15 nəfər erməni

Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edirik. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edirik.

Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcəkdir.

Ermənistan minalanmış ərazilərin xəritəsini könüllü surətdə verməkdən imtina edir

Azərbaycan tərəfi dəfələrlə Ermənistan tərəfinə və beynəlxalq təşkilatlara minalanmış ərazilərin xəritəsini almaq üçün müraciət etsə də, Ermənistan birmənalı şəkildə həmin xəritələri verməkdən imtina edib. Nəticədə atəşkəs dövründə onlarla Azərbaycan vətəndaşı minaya düşərək həlak olub və yaxud yaralanıb.

Prezident İlham Əliyev dəfələrlə bildirib ki, müharibə bitəndən sonra Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Bu da yüzlərlə insanın minaya düşərək həlak olmasına səbəb olur. Bu minaların təmizlənməsi çox vaxt aparır.

Bu yaxınlarda Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra Bakıda keçirilən mətbuat konfransında Ermənistanın Azərbaycana minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi məsələsinə münasibət bildirərkən deyib ki, "Biz bütün humanitar məsələlərin, xüsusən də minalarla bağlı məsələlərin mümkün qədər operativ şəkildə və ilkin şərtlər olmadan həll edilməsinin tərəfdarıyıq".

"Bu məsələni Yerevanda müzakirə etmişik. Mənə elə gəldi ki, Ermənistan rəhbərliyi bu məsələni həll etmək lazım olduğunu anlayır. İlk addımlar atılıb və mən bu barədə Azərbaycan rəhbərliyinə məlumat vermişəm. Ümid edirik ki, bu məsələnin həlli sürətlənəcək və onun tam həlli tapılacaq”, – S.Lavrov demişdi.

Qeyd edək ki, iyunun 12-də xarici ölkələrin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərini qəbul edərkən Azərbaycan Prezidenti yaxın vaxtlarda mina xəritələri ilə bağlı yaxşı xəbərlərin olacağına ümid etdiyini bildirib: "Bu yaxınlarda beynəlxalq təşkilatların fəal təmasları sayəsində biz ermənilərin basdırdığı minalar haqqında müəyyən informasiyanın alınmasına yaxınlaşırıq. Ümid edirəm ki, tezliklə yaxşı xəbərlər olacaq. Lakin bu nəticələri əldə etmədən öncə heç nə söyləmək istəmirəm. Lakin Ermənistan bizə bütün minaların, basdırdıqları bütün yüz minlərlə minaların xəritəsini verməlidir. Əgər onlar bunu etməsələr, bu, bir daha bu ölkənin terrorçu xislətini nümayiş etdirəcək".

Eləcə də oxuyun:

Əsas mövzular