19:55 23 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0264
  • RUB0.0233
SİYASƏT
Qısa URL
34

"Avropa Azərbaycanın əldə etdiyi nəticələrə maraq göstərir. Bu həm də Azərbaycanın beynəlxalq müstəvidə daha böyük nəticələr əldə etməsinə imkan verir".

BAKI, 19 may — Sputnik, Elvin Səlimov. Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığı ölkələrində açıq hökumət uğrunda islahatları və korrupsiyaya qarşı mübarizəni dəstəkləməyə yönələn "Aİ-nin Dürüstlük Proqramı" adlı yeni proqramın icrasına başlayır. Üçillik proqramı Aİ maliyyələşdirəcək və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Açıq Hökumət üzrə Tərəfdaşlıq (OGP) Təşkilatı tərəfindən həyata keçiriləcək.

Sputnik Azərbaycan proqramın icrasından gözləntilər və korrupsiyaya qarşı effektiv mübarizə mexanizmləri ilə bağlı məsələləri araşdırıb. Mövzu ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Fəzail Ağamalı və siyasi ekspert Aydın Əliyev fikirlərini bölüşüblər.

Millət vəkili Fəzail Ağamalı deyir ki, bu cür proqramların icrası Azərbaycanda aparılan və ciddi xarakter daşıyan islahatların mahiyyətinə uyğundur: "Ölkəmiz beynəlxalq aləmdə gedən dəyişiklikləri ciddi şəkildə izləyir və hökumətin fəaliyyətində uyğun yanaşmalar əsas götürülür. Məhz bunun nəticəsidir ki, dövlət idarəetməsinin təkmilləşdirilməsi ilə bağlı vacib addımlar atılıb. Azərbaycan-Aİ arasında müxtəlif səviyyələrdə ardıcıl əməkdaşlıq uzun illərdir davam etdirilir. Yeni proqramın icrası əməkdaşlığımızın xarakterinə uyğundur. Ümid edirəm ki, aparılacaq təkmilləşmələr idarəçilik sistemində müsbət təsirini göstərəcək".

Millət vəkili deyib ki, belə bir proqramın icrasından öncə Azərbaycan korrupsiya ilə mübarizəni xüsusi olaraq önə çəkib:

"Korrupsiya ilə mübarizə çərçivəsində Azərbaycanda ciddi addımlar atılıb. Məhz bunun nəticəsi olaraq bir sıra vəzifəli şəxslər həbs olunub. Azərbaycan açıq hökumət və elektron hökumət quruculuğunda son illər uğurlu nəticələr əldə edib. Bu da korrupsiyaya şərait yaradan halların aradan qaldırılması ilə nəticələnib. Düşünürəm ki, bu sahədə Aİ-nin təcrübəsinin öyrənilməsi dövlətçiliyin inkişafına töhfəsini verəcək".

"Mənə elə gəlir ki, Azərbaycan prezidentinin korrupsiyaya qarşı mübarizədə ortaya qoyduğu hədəflər bu sahədə uğurlu nəticələrin əldə olunması üçün yetərlidir. Bu baxımdan Azərbaycanda bu proses ardıcıl olaraq davam etdirilir. Hesab edirəm ki, Aİ ilə bu sahədə əməkdaşlığın qurulması mövcud münasibətlərin səviyyəsinin önəmli məqamlarından biridir. Digər tərəfdən dünya praktikasında da bu sahədə təcrübə mübadiləsinin aparılması örnəkləri mövcuddur", – deyə millət vəkili bildirib.

Siyasi ekspert Aydın Quliyev isə bildirib ki, Azərbaycanda korrupsiya ilə sistemli mübarizə uzun müddətdir başlayıb: "Bu qanunvericilik, kadr islahatları, struktur islahatları formasında aparılmaqla dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi prinsipinə söykənir.

Azərbaycanda görülən işlər artıq öz nəticəsini verir. Bir çox beynəlxalq təşkilatların hesabatında bu təsbit olunub. Hətta bəzi hallarda Azərbaycanın təcrübəsinə istinad edilməsi ilə bağlı qeydlər də var.

Korrupsiya ilə mübarizənin daha səmərəli nəticə verməsi üçün şəffaflığın artırılması, elektron hökumətin inkişafında informasiya texnologiyalarının daha çox tətbiqinə ehtiyac duyulur. Yəni hesabatlılığın artırılması, insan faktorunun azaldılması, təkrar strukturların ləğvi və onların daha optimal əsaslarda birləşdirilməsi kimi istiqamətlərdə addımlar atılsa, böyük nəticələr əldə etmək olar. Avropa Azərbaycanın əldə etdiyi nəticələrə maraq göstərir. Bu həm də Azərbaycanın beynəlxalq müstəvidə daha böyük nəticələr əldə etməsinə imkan verir".

Eləcə də oxuyun:

* Avropa İttifaqı Qarabağda münaqişədən zərərçəkənlərə milyonlarla avro yardım ayırdı

Azərbaycan Prezidentinin köməkçisi Brüsseldə mühüm görüş geçirib

* Mövlud Çavuşoğlu: "O boyda Avropa İttifaqı bir kresloya görə dava etməməlidir"

* Avropa İttifaqının canfəşanlığı: ikili standartlar keçmişdə qaldı?

 

Teqlər:
idarəçilik sistemi, şirkət, korrupsiyaya qarşı mübarizə, Azərbaycan, Avropa İttifaqı

Əsas mövzular