08:09 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
SİYASƏT
Qısa URL
11 0 0

Prezident İlham Əliyev Azərbaycanda fəaliyyəti başa çatan Türkiyə səfiri Erkan Özoralın işini yüksək qiymətləndirib və onu "Dostluq" ordeni ilə təltif edib.

BAKI, 10 aprel — Sputnik. "Hörmətli cənab səfir, sizin fəaliyyət müddətiniz başa çatır, siz Türkiyəyə qayıdırsınız. İlk növbədə, sizə gördüyünüz işlərə görə öz təşəkkürümü bildirmək istəyirəm. Fəaliyyət müddətində siz Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafı üçün çox böyük işlər görmüsünüz, səylər göstərmisiniz və bu gün bu əlaqələr ən yüksək zirvədədir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edərkən söyləyib.

Bütün sahələrdə Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyinin özünü təsdiq etdini deyən dövlət başçısı qeyd edib ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstək, əlbəttə, həmişə bizim xatirimizdə olacaq, bizim qəlbimizdə yaşayacaq:

"Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından bizə verdiyi dəstək bizi ruhlandırdı və bəzi xarici qüvvələrin bu müharibədən kənarda durmasını təmin etdi.

Bizim əlaqələrimiz çoxşaxəlidir. Siz burada fəaliyyət göstərən səfir kimi, əlbəttə ki, bu əlaqələrin nə qədər dərin olmasını yaxşı bilirsiniz. Elə bir sahə yoxdur ki, o sahədə biz əməkdaşlıq etməyək. Son illərdə bütün sahələrdə böyük inkişaf var. Artıq bizim vətəndaşlarımızın qardaş ölkələrə pasportsuz, yəni, daxili sənədlə səfər etməsi, əlbəttə ki, əlaqələrimizin nə qədər dərin olmasından xəbər verir.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

Sizin buradakı fəaliyyətiniz həm bir səfir, həm də bir türk vətəndaşı kimi böyük təqdirlə qarşılanır. Siz burada özünüzü vətəninizdəki kimi hiss etmisiniz, bu da təbiidir. İndi demək istəyirdim ki, vətənə qayıdırsınız, əslində, siz vətəndəsiniz və hər zaman burada sizin yeriniz var, bizim ürəyimizdə yeriniz var. Bilirəm ki, Azərbaycan ictimaiyyəti, Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar, media nümayəndələri, rəsmi şəxslər sizin fəaliyyətinizə çox böyük qiymət verirlər, o cümlədən mən. Çünki bu illərdə, əlbəttə ki, həm burada, həm Türkiyədə çoxsaylı səfərlərim əsnasında sizin fəaliyyətinizin şahidi olmuşam və görmüşəm. Bilirəm ki, siz bütün səylərinizi iki qardaş xalqın bir-birinə daha yaxın olmasına istiqamətləndirmisiniz.

Bütün bunları nəzərə alaraq, siz Azərbaycan dövlətinin yüksək ordeni - “Dostluq” ordeni ilə təltif edilmisiniz və istərdim ki, bu yüksək mükafatı sizə təqdim edim".

Prezident İlham Əliyev “Dostluq” ordenini səfir Erkan Özorala təqdim edib.

"Cənab Prezident, məni bu şərəfə layiq bildiyiniz üçün Sizə çox təşəkkür etmək istəyirəm, minnətdarlığımı bildirirəm. Siz də dediyiniz kimi, mən Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım. İkisi də mənim Vətənimdir, birinci Vətənim, ikinci Vətənim deyil. İkisi də eyni dərəcədə Vətənimdir. Ankara mənim üçün nə qədər əzizdirsə, Bakı da eynidir mənim üçün. Bu sevginin nəticəsi odur ki, özümü çox bəxtiyar hiss edirəm. Çünki Azərbaycana gəlmiş və gələcək bütün türk səfirləri içində ən gözəl anlara şahidlik edən səfir mən oldum. Bu Vətən müharibəsinə şahidlik etmək mənim üçün çox böyük xoşbəxtlik oldu. Özümü fərqli hiss edirəm.

Mən burada Türkiyə ilə Azərbaycanın bir-birinə daha da yaxınlaşması üçün vəzifəmi yerinə yetirdim. Xalqlarımızın bir-birinə yaxınlaşması üçün çalışdım. Amma bu işi görməyə imkanı təmin edən Sizlər, cənab Prezidentlərimiz bizim üçün açdığınız yol oldu. Bunları onun sayəsində edə bildik. Azərbaycanda fəaliyyət göstərdiyim müddətdə bütün qurumlardan, rəsmi şəxslərdən bütün səviyyələrdə başda Siz olmaqla hər zaman dəstək aldım. Hamınıza ayrıca təşəkkür və minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan xalqına Sizin şəxsinizdə minnətdarlığımı çatdırmaq istəyirəm. Hər zaman qardaşlığımızı hiss etdim, getdiyim hər yerdə ona şahid oldum. İnşallah, Türkiyə ilə Azərbaycan bundan sonra daha da bir-birinə yaxın olacaq. Çünki Sizin də söylədiyiniz kimi biz birlikdə güclüyük. Çox təşəkkür edirəm, çox sağ olun.", - Erkan Özoral söyləyib.

Teqlər:
Prezident İlham Əliyev, Erkan Özoral, Dostluq” ordeni, səfir, Azərbaycan, Türkiyə

Əsas mövzular