19:41 27 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
SİYASƏT
Qısa URL
29 0 0

"Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq üçün Azərbaycanı eyni cinayətlərdə ittiham edir və bu məqsədlə yalan xəbərlərlə dolu kütləvi kampaniya həyata keçirir" - Ceyhun Bayramov

BAKI, 22 fevral - Sputnik. "BMT Baş Assambleyasının müvafiq qətnaməsinə əsasən, 2021-ci il Beynəlxalq Sülh və Etimad İli elan edilmişdir. Bu il Azərbaycan üçün əlamətdar olacaqdır, belə ki, ölkəmiz ərazilərinin təxminən 30 il davam edən işğaldan azad olunmasından sonra münaqişə-sonrası bərpa və reabilitasiya mərhələsinə qədəm qoyur".

Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bunu XİN rəhbəri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyasının Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı deyib. 

O qeyd edib ki, 30 ilə yaxın dövr ərzində münaqişənin siyasi yolla tənzimlənməsi prosesindən, habelə Azərbaycanın bu prosesə sadiqliyindən öz məqsədləri üçün istifadə edən Ermənistan Azərbaycan torpaqlarını ilhaq etmək məqsədilə onların işğalının nəticələrinin möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlər görüb. Bu xüsusda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşdırma aparılıb, tarixi və mədəni irs dağıdılıb və soyğuna məruz qoyulub, təbii ehtiyatlar qeyri-qanuni istismar edilib, ictimai və özəl mülkiyyət mənimsənilib. İşğalın davam etdiyi illər ərzində Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə, habelə, mədəni irsinə və infrastrukturuna qarşı ağır cinayətlər silsiləsi törədilib.

"Ermənistan tərəfindən Azərbaycana qarşı 27 sentyabr 2020-ci il tarixində başlamış son təcavüz istisna olmamışdır. Həmin təcavüz Azərbaycanın mülki əhalisini təşvişə salmaq məqsədilə müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə bərabər ciddi beynəlxalq humanitar hüquq pozuntuları ilə müşayiət olunmuşdur. Bu məqsədlə Ermənistan məqsədli şəkildə Azərbaycanın münaqişə bölgəsindən uzaqda yerləşən mülki əhalinin sıx məskunlaşdığı ərazilərinə hücum törətmiş, nəticədə 101 mülki şəxs həlak olmuş, 400-dən çox insan ağır yaralanmışdır.

Bundan əlavə, Ermənistan hərbçilərinin Azərbaycanlı əsirlərin hüquqlarını pozduğu, o cümlədən alçaltma və nalayiq rəftar, onlara qarşı fiziki zor tətbiqi, söyüş, başlarının kəsilməsi, cəsədlərlə pis rəftar tətbiq etdikləri barədə çoxsaylı təkzibedilməz faktlar mövcuddur. Azərbaycan müvafiq ikitərəfli və çoxtərəfli mexanizmlər çərçivəsində öz hüquqlarından istifadə edərək bu cinayətləri törədənləri ədalət mühakiməsi qarşısına çıxarmaq üçün bütün tədbirləri görməyə qərarlıdır", - nazir söyləyib.

C.Bayramov vurğulayıb ki, yuxarıda göstərilən əməllərini ört-basdır etməyə cəhd edən Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq üçün Azərbaycanı eyni cinayətlərdə ittiham edir və bu məqsədlə yalan xəbərlərlə dolu kütləvi kampaniya həyata keçirir. BMT-nin insan hüquqları mexanizmləri, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarın Ofisi, müqavilə qurumları və mandat daşıyıcıları da Ermənistanın bu saxta təbliğatına məruz qalıb.

Ermənistan XİN radikal erməni millətçilərinin aqressiv separatçılığına bəraət qazandırıb>>

"Azərbaycan torpaqlarının işğaldan azad olunması yüz minlərlə köçkünün öz yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtma hüququnun icrasına şərait yaradır. Bununla yanaşı, münaqişədən zərər çəkmiş ərazilərdə ictimai və özəl mülkiyyətin, zəruri mülki infrastukturun, o cümlədən təhsil və tibb müəssisələrinin, habelə, tarixi və mədəni irsin və ətraf mühitin məruz qaldığı ziyan və dağıntıların görünməmiş miqyası bu ərazilərin bərpası və yenidən qurulması üçün Azərbaycan Hökuməti qarşısında böyük vəzifə qoyur. Hökumət artıq köçkün əhalinin təhlükəsiz və ləyaqətli qayıdışını və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində dinc birgəyaşayışı təmin etmək üçün praktiki tədbirlərə başlamışdır.

Azərbaycan münaqişə bölgəsində yaşayan erməni əsilli vətəndaşlarını öz siyasi, sosial və iqtisadi mühitinə yenidən inteqrasiya etməyə və onlara Azərbaycanın etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşları ilə eyni hüquq və azadlıqları təmin etməyə qərarlıdır. Azərbaycan Respublikasının Konstitusiyası bununla bağlı etibarlı hüquqi çərçivəni təmin edir.

Sülhün bərqərar olması, bərpa və yenidənqurma işləri, ehtiyacı olanlara humanitar yardımın göstərilməsi, o cümlədən məcburi köçkün və qaçqınların qayıtması əsas prioritet olmalıdır. Bu məqsədlə Azərbaycan BMT-nin humanitar yardım üzrə 1991-ci ildə qəbul edilmiş prinsiplərinə tam uyğun olaraq müvafiq beynəlxalq tərəfdaşlarla, o cümlədən BQXK, BMTQAK və digər BMT qurumları ilə, habelə regionda sülh və stabilliyə töhfə vermək istəyən fərdi dövlətlərlə işləməyə hazırdır.

Bu yanaşma beynəlxalq hüquqa, eləcə də BMT-nin humanitar yardım, münaqişə-sonrası bərpa və yenidənqurma sahəsində işlərini tənzimləyən qətnamə və sənədlərinə əsaslanır və münaqişənin yaralarını sağaltmağa yönəlmış etimad quruculuğu tədbirləri kimi çıxış edəcəkdir.

Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat Ermənistan və Azərbaycan üzərinə bütün hərbi fəaliyyətləri dayandırmaq və onilliklərlə davam edən münaqişənin aradan qaldırılması üçün tədbirlər görməklə bağlı öhdəlik qoyur. Azərbaycan bu sənədin tam əməli icrasına və Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması əsasında bu qanlı münaqişənin yaralarının sağaldılmasına böyük əhəmiyyət verir.

İnanırıq ki, BMT başda olmaqla beynəlxalq ictimaiyyət bölgədə xoş qonşuluq münaibətlərinin bərpasına yönəlmiş Üçtərəfli Bəyanatın həyata keçirilməsinin dəstəklənməsində mühüm rol oynaya bilər", - C.Bayramov deyib.

Əsas mövzular