19:51 01 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0531
SİYASƏT
Qısa URL
129 0 0

Bu məsələdə Lavrovun cavabı reallığı əks etdirir, ancaq, eyni zamanda, Rusiyanın bölgədəki varlığını və sülhməramlılar vasitəsilə əhəmiyyətli təsir qüvvəsinə sahib olan bir siyasi aktor kimi çıxış etdiyini də inkar etmək olmaz.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov ötən gün 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bir sıra məsələlərə toxunub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan – Azərbaycan sülh prosesi barəsində bəzi bəyanatlar səsləndirib və 44 günlük müharibədən sonra müzakirə edilən bir çox məsələyə toxunub. Rusiyalı nazir Ermənistan rəsmilərinin Qarabağ səfərlərinə reaksiya verərək onları siyasiləşmiş bəyanatlardan çəkinməyə çağırıb, bu cür bəyanatların gərginlik yaratdığını da xüsusilə vurğulayıb. Lavrov bununla da Yerevana mesaj göndərib. Bundan əlavə, Rusiya xarici işlər naziri öz çıxışında Qarabağın statusu, sülhməramlıların mandatı, həmçinin erməni diversantların taleyi kimi məsələlərə də toxunub.

Sputnik Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovla Rusiya xarici işlər nazirinin fikirləri barədə həmsöhbət olub.

© Sputnik
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovl

Ekspert qeyd edib ki, Lavrovun çıxışında ən çox maraq doğuran məqamlardan biri keçmiş Dağlıq Qarabağ bölgəsinin statusu məsələsinə aid verilən suala cavabı olub: "Onu deyim ki, müharibənin başa çatmasından sonra noyabrın 12-də açıqlama verən Lavrov bildirmişdi ki, "indi müharibədən sonrakı siyasi prosesin əsas mövzusu Dağlıq Qarabağın statusudur". Dünən baş tutan mətbuat konfransında isə bunun əksinə olaraq bildirdi ki, "hal-hazırda status məsələsini prioritet kimi irəli sürmək üçün yaxşı vaxt deyil. Bu məsələ gələcəkdə həll olunmalıdır". Lavrovun keçən 2 ay ərzindəki bəyanatlarında belə bir dəyişikliyin baş verməsi tərəflər arasında fikir ayrılığının olduğunu göstərməklə yanaşı, status məsələsinin gündəmdə saxlanılmasına cəhd kimi də dəyərləndirilə bilər".

Vasif Hüseynovun sözlərinə görə, Lavrovun bəyanatında digər diqqətçəkən məqam Rusiyanın Qarabağa iddialarına dair şayiələrlə bağlı idi. Belə ki, Rusiyanın Qarabağı ilhaq etmək niyyətinə aid sualı "ekzotik" adlandıran Lavrov Rusiyanın belə bir planının olmadığını bildirdi:

"Düşünürəm ki, bu məsələdə Lavrovun cavabı reallığı əks etdirir, ancaq, eyni zamanda, Rusiyanın bölgədəki varlığını və sülhməramlılar vasitəsilə əhəmiyyətli təsir qüvvəsinə sahib olan bir siyasi aktor kimi çıxış etdiyini də inkar etmək olmaz. İndi tərəflər arasında müzakirə mövzularından biri məhz sülhməramlıların mandatının hazırlanması və onların fəaliyyətinin müəyyən edilmiş və razılaşdırılmış çərçivəyə salınmasıdır. Lavrov da bu məsələnin müzakirə edildiyini təsdiq etdi".

BMTM-in eksperti vurğulayıb ki, Lavrovun 44 günlük müharibədən sonra Azərbaycana qarşı təxribat göstərmiş və həbs olunmuş diversant qruplarının taleyi haqqındakı açıqlaması da Rusiyanın prosesə yanaşması haqqında bəzi nüansları ortaya çıxarıb: "Yanvarın 11-dəki üçtərəfli sammitdə Rusiya Prezidenti Vladimir Putinin söylədiyini təkrar edən Lavrov bəyan etdi ki, 9 noyabra qədər əsir götürülmüş hərbçilərin geri qaytarılması başa çatıb. O, müharibədən sonrakı dövrdə Azərbaycan tərəfindən həbs edilmiş diversant qrupların taleyi ilə bağlı danışıqlar getdiyini bildirdi. Baxmayaraq ki, Lavrov bu məsələnin 11 yanvar görüşündə də müzakirə edildiyini söylədi, həmin görüşdən sonra Prezident Putinin mətbuata açıqlamasında bu mövzuya toxunulmadı. Nə də Azərbaycan Prezidenti bu haqda hər hansı bir fikir dedi. Belə görünür ki, bu məsələni qabardan və müzakirə masasına gətirən yalnız Ermənistan tərəfidir, lakin təxribatın müharibədən sonra baş verməsi və bunun üçtərəfli bəyanatla əhatə olunmaması Yerevanın imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır".

Teqlər:
bəyanat, rus, sülhməramlılar, Dağlıq Qarabağ, Sergey Lavrov

Əsas mövzular