03:11 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
SİYASƏT
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
12720

"Nədənsə, hamı ərazilərin yandırıldığını, bütün infrastrukturun tamamilə məhv edildiyini, Azərbaycanın mədəni və tarixi irsinin yer üzündən silindiyini görə-görə utanmadan susur"

BAKI, 30 dekabr — Sputnik. Ötən il beynəlxalq aləmdə baş verən ən mühüm hadisələrdən biri də Moskvanın vasitəçiliyi ilə Bakı və Yerevan arasında Dağlıq Qarabağda atəşkəs haqqında razılaşmanın imzalanması oldu. Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu "RİA Novosti"nin müxbiri Yelena Protopopovaya verdiyi müsahibədə üç ölkənin liderlərinin imzaladığı sənədin müddəalarına necə əməl olunduğu, rus sülhməramlılarının Qarabağda hansı missiyanı yerinə yetirdikləri və döyüş əməliyyatlarından sonra bölgənin necə bərpa olunacağı barədə danışıb. Bundan başqa, Azərbaycanın Rusiyadakı diplomatik nümayəndəliyinin rəhbəri koronavirus pandemiyası fonunda Bakı ilə Moskva arasında ticarət və iqtisadiyyat sahəsindəki əməkdaşlığın illik yekunlarına da toxunub.

- Koronavirus pandemiyası Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığına, o cümlədən ölkələrimiz arasında birgə layihələrə necə təsir göstərib?

- Bu gün biz sizinlə ilin son günlərindən birində söhbət edirik və artıq builki uğurlu ikitərəfli ticarət-iqtisadi əməkdaşlığımızın konturlarını aydın şəkildə cıza bilərik. Sözsüz ki, sona çatmaqda olan il epidemioloji vəziyyətin bütün ölkələrin davamlı iqtisadi inkişafına yaratdığı təhdidlərlə yadda qalacaq. 2020-ci ilin bütün çətinliklərinə baxmayaraq, əməkdaşlığımız hər iki dövlətin mənafeyinə uyğun şəkildə, uğurla inkişaf etdirilib. Bu göz qabağındadır, çünki Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin əsasını ölkələrimizin liderləri arasındakı dostluq, etibarlı münasibətlər təşkil edir. Qarşılıqlı faydalı əlaqələrin daim genişlənməsinə təkan verən siyasi iradədir, bunun sayəsində qarşıya qoyulmuş vəzifə və məqsədləri həyata keçirmək mümkün olur.

Ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Rusiya Azərbaycanın vacib ticarət tərəfdaşlarından biridir. Təbii ki, ölkələrimiz arasında mövcud olan intensiv siyasi və iqtisadi dialoq sayəsində pandemiya ticarət və iqtisadi əməkdaşlığın çox geniş gündəminə bir o qədər də güclü təsir göstərə bilmədi. Burada İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın, parlamentlər səviyyəsində aparılan işlərin, eləcə də iki ölkənin səfirlikləri və ticarət nümayəndəliklərinin rolunu xüsusi qeyd etmək lazımdır. Sentyabr ayında Milli Məclisin spikeri Sahibə xanım Qafarova Rusiyaya səfəri zamanı bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirdi. Bir neçə gün bundan əvvəl isə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvaya səfər etdi. Hökumətlərarası komissiyanın səlahiyyətində olan çoxsaylı məsələlər geniş müzakirə olundu.

- Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağla bağlı razılaşması necə həyata keçirilir?

- Bu məşhur üçtərəfli bəyanatın imzalanmasından 50 gün keçir. Və biz artıq onun nəticələrini görürük. Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycanın nəzarətinə qaytarıldı və ölkənin ərazi bütövlüyü tamamilə bərpa edildi. Bölgəyə bir sülhməramlı kontingent yerləşdirildi, atəşkəsə nəzarət etmək üçün Rusiya-Türkiyə sülhməramlı mərkəzinin inşası başa çatmaq üzrədir, hazırda bəyanatın digər maddələrinin reallaşması üçün iş gedir. Bura bir sıra başqa məqamlarla yanaşı, məcburi köçkünlərin öz torpaqlarına qaytarılması, bölgədəki iqtisadi əlaqələrin böhran vəziyyətindən çıxarılması, nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi daxildir ki, bu da bütövlükdə çox zəhmətli və uzun prosesdir.

Yaddan çıxarmamalıyıq ki, bütün bunlar 44 günlük Vətən müharibəsi sayəsində mümkün oldu, nəticədə ordumuzun Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında göstərdiyi şücaət sayəsində 30 ildən çox davam edən Azərbaycan torpaqlarının işğalına son qoyuldu. Ədalət qələbə çaldı və əminəm ki, yaxın gələcəkdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi dünyanın ən çiçəklənən guşələrindən birinə çevriləcək. Azərbaycan öz prezidentinin rəhbərliyi altında ən qısa müddətdə Qarabağı viranə vəziyyətindən çıxaracaq.

- Rus sülhməramlılarının Qarabağdakı fəaliyyətini necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, "sülhməramlı" sözünün özü bölgədəki kontingentin üzərinə müəyyən öhdəliklər qoyur. Yuxarıda qeyd etdiyim kimi, bu bölgə təxminən 30 ildir hərbi əməliyyatlar teatrı hesab olunur. Bu gün Rusiya sülhməramlıları üçtərəfli bəyanata uyğun olaraq qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi üçün öz məsuliyyət zonalarına yerləşdiriliblər. Bu tapşırıqlardan ən vacibi isə sülhün və sabitliyin qorunmasıdır. Eləcə də humanitar məsələlər həll olunur, meyitlər dəyişdirilir, infrastrukturun bərpası və məcburi köçkünlərin könüllü qayıdışı üçün lazımı şəraitin yaradılması məqsədilə iş aparılır. Dekabrın 14-də Rusiya sülhməramlılarının birbaşa vasitəçiliyi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə aparılan çətin dəqiqləşdirmələrdən sonra "hamının hamıya" prinsipi əsasında əsirlərin dəyişdirilməsi prosesi baş tutdu. Yeri gəlmişkən, Azərbaycan tərəfi hələ lap əvvəldən buna bənzər bir humanitar təşəbbüs irəli sürmüşdü.

Təəssüflə qeyd etmək istəyirəm ki, bəzi silahlı qruplar hələ də qisas almaq ümidi ilə yaşayır və bu, şübhəsiz ki, mövcud sabitliyin pozulmasına gətirib çıxarır, eyni zamanda, adekvat cavab tədbirlərinin görülməsini tələb edir. Məsələn, dekabrın 10-da Azərbaycan tərəfi ilə koordinasiyada olan Rusiya sülhməramlılarının fəal iştirakı ilə Xocavənd rayonunun kəndlərində yaranan vəziyyət nəzarət altına alındı. Dekabrın 27-də isə Ermənistan silahlı qüvvələrinin kiçik bir dəstəsi Xocavənd rayonunun Ağdam kəndi (Akaku) istiqamətində Azərbaycan ordu bölmələrinə hücum etdi. Nəticədə Azərbaycan Ordusunun bir hərbçisi şəhid oldu, biri yaralandı. Cavab tədbirləri nəticəsində qeyri-qanuni erməni silahlı qruplaşmasının altı üzvü zərəsizləşdirildi. Ancaq ümumilikdə atəşkəsə riayət olunur, əminəm ki, bu hallar təkrarlanmayacaq və sözügedən bəyanatın qeyd-şərtsiz həyata keçirilməsinə mane olmayacaq.

Qarabağ münaqişəsinə son qoyuldu! Və hamı bunu başa düşüb qəbul etməlidir. Bunu nə qədər tez dərk etsələr, bölgəyə daha çox faydası olar. Region üçün yeni imkanlar pəncərəsi açıldı. İqtisadiyyatın və nəqliyyatın inkişafı ilə bağlı irəli sürülən planlara alternativ yoxdur. Bunu birdəfəlik başa düşmək lazımdır.

- 9 noyabr tarixli razılaşma ilə Azərbaycanın nəzarətinə keçən ərazilərdə məskunlaşdırma prosesi necə gedir?

- Məncə, bu məqamda "nəzarətinə keçən" deyil, "nəzarəti altına qayıdan" ifadəsindən istifadə etmək daha doğrudur. Eləcə də "məskunlaşdırma" ifadəsini işlətməzdim. Çünki işğal olunmuş ərazilərdəki Azərbaycan əhalisinin etnik təmizlənməsindən sonra azərbaycanlılar qovulduqları yerlərə, öz evlərinə qayıdırlar. Bildiyiniz kimi, bəyanata əsasən, bu proses Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında həyata keçirilməlidir.

Nədənsə, hamı yuxarıda göstərilən ərazilərin yandırıldığını, bütün infrastrukturun tamamilə məhv edildiyini, Azərbaycanın mədəni və tarixi irsinin yer üzündən silindiyini görə-görə utanmadan susur. Bütün şəhərlər, qəsəbələr və kəndlər tamamilə yerlə yeksan edilib. Azərbaycan artıq şəhərlərimizin yenidən qurulması və yolların salınması prosesinə başlayıb. Tikinti lap başdan planlaşdırılmalı və nəhəng ərazilər minalardan təmizlənməlidir ki, bu da çox çətin prosesdir. Dövlət bu məqsədlə bir milyard ABŞ dollarından çox vəsait ayırıb. Təcrübəli xarici şirkətlər də bu prosesdə iştiraka dəvət edilib.

- Ən yüksək səviyyədə hansı ikitərəfli təmaslar planlaşdırılır?

- Sizi əmin edə bilərəm ki, dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri və təmasları daimi xarakter daşıyır, hər zaman aktualdır və ehtiyac olduğu təqdirdə hər iki tərəfin gündəliyinə uyğun şəkildə həyata keçirilir.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
Teqlər:
Rusiya, Azərbaycan, Qarabağ, müsahibə, səfir, Polad Bülbüloğlu

Əsas mövzular