03:05 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
169430

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan həmin gün proqramının çox gərgin olmasına baxmayaraq, nəzərdə tutulan müddətdən artıq vaxtda xanım Sahibə Qafarova ilə müzakirələr apardı.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 sentyabr — Sputnik. Azərbaycan Milli Məclisinin xanım sədri Sahibə Qafarova ötən həftə il xarici ölkə səfərini reallaşdırdı. Gözlənildiyi kimi xanım sədr artıq formalaşmış ənənəyə uyğun olaraq ilk xarici səfərini qardaş ölkəyə - Türkiyəyə həyata keçirdi. Xanım sədrin rəhbərlik etdiyi Nümayəndə heyətinin tərkibində Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Sevil Mikayılova, Fazil Mustafa, Elşən Musayev, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil idi. Səfər zamanı Azərbaycan nümayəndə heyəti Türkiyənin ticarət naziri, Türkiyə parlamentinin sədri və Türkiyə prezidenti ilə görüşlər keçirərək ikitərəfli, regional məsələləri müzakirə edib.

Qardaş ölkədə də bu səfərə xüsusi önəm verilirdi, təsadüfü deyil ki, nümayəndə heyətinin görüşləri hər iki ölkənin KİV-i tərəfindən geniş şəkildə işıqlandırılırdı. Heç şübhəsiz baş tutan görüşlər Azərbaycan – Türkiyə əlaqələrinin daha da inkişaf etməsinə, daha da dərinləşməsinə öz töhfəsini verəcək. Sputnik Azərbaycan Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə səfəri, onun yekunları barədə həmin nümayəndə heyətinin tərkibində olmuş, milli məclisin deputatı Fazil Mustafa ilə həmsöhbət olub.

Fazil Mustafa xatırladıb ki, adəti üzrə Azərbaycan parlamentinin sədri ilk xarici səfərini Türkiyə Cümhuriyyətinə edir:

"Eyni prinsip Türkiyə tərəfindən də gözlənilir. Baş tutan bu səfər bir qardaşlıq jesti olaraq qiymətləndirilməlidir. Xüsusi ilə indiki ərəfədə Türkiyənin Aralıq dənizi bölgəsində kritik bir zamanda yaşadıqları prosesləri nəzərə alaraq, Azərbaycan Parlamentinin rəhbərinin bu addımı həm də Türkiyə ilə həmrəylik xarakteri daşıyır. Digər tərəfdən, bu səfər Türkiyə Böyük Millət Məclisi ilə bizim parlamentin yeni rəhbərliyinin tanışlığı üçün zəmin rolu oynadı. Səfər zamanı iki ölkə arasında münasibətlər, əməkdaşlıq formatının daha da genişləndirilməsi istiqamətində müzakirələr aparıldı. Hesab edirəm ki, səfər ən yüksək səviyyədə baş tutdu və nümayəndə heyətimiz böyük bir mehribançılıqla qəbul olundu".

Deputat qeyd edib ki, parlamentin sədri Sahibə Qafarova keçirdiyi görüşlər zamanı Azərbaycanla, Azərbaycan – Türkiyə münasibətlərin gələcəyi ilə bağlı mesajlar verib:

"Həm Türkiyə parlamentinin sədri cənab Mustafa Şəntop, ticarət naziri Ruhsar Pekcan və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü bütövlükdə bu münasibətlərin nə dərəcədə səmimi və gələcəyi yönəlik olduğunu göstərdi. Hətta Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan həmin gün proqramının çox gərgin olmasına baxmayaraq, nəzərdə tutulan müddətdən artıq vaxtda xanım Sahibə Qafarova ilə müzakirələr apardı. Hesab edirəm ki, səfər həm Türkiyə, həm də Azərbaycanın problemləri baxımından, həm də dəstək xarakterli mesajların əməldə göstərilməsi baxımından olduqca faydalı idi. Ümid edirəm ki, bunun da müsbət nəticələri yaxın vaxtlarda özünü qabarıq şəkildə göstərəcək".

Əlaqədar

Sahibə Qafarova ilk rəsmi səfərini Türkiyəyə edəcək
Milli Məclisin spikeri Türkiyə Prezidenti ilə görüşüb

Əsas mövzular