17:03 02 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
1010

Qardaş Türkiyə Respublikasının nümayəndəsi cənab Volkan Bozkırın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Sədri vəzifəsinə seçilməyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm

BAKI, 18 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.

Sputnik Azərbaycan xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım. Qardaş Türkiyə Respublikasının nümayəndəsi cənab Volkan Bozkırın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Sədri vəzifəsinə seçilməyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyiniz altında həyata keçirilən Türkiyə diplomatiyasının ardıcıl və uğurlu fəaliyyəti sayəsində ölkəniz beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Şəxsi təşəbbüsünüzün nəticəsində BMT sistemi tarixində Türkiyə nümayəndəsinin ilk dəfə belə mühüm vəzifəyə seçilməsi xəbəri bizi olduqca sevindirdi.

Əminəm ki, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri birgə səylərimizlə çoxtərəfli müstəvidə də uğurla davam edəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə xalqına daim rifah diləyirəm".

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının yeni seçilmiş Sədri Volkan Bozkıra təbrik məktubu göndərib.

Məktubda deyilir: "Hörmətli cənab Bozkır, Birləşmiş Millətlər Təşkilatının yaranmasının 75 illik yubileyi ərəfəsində Baş Assambleyanın Sədri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

BMT sistemi tarixində qardaş Türkiyə Respublikasının nümayəndəsinin belə yüksək vəzifəyə seçilməsi bizi olduqca sevindirir.

Azərbaycan Respublikası həm BMT-nin üzvü, həm də Qoşulmama Hərəkatının hazırkı sədri qismində Sizinlə yaxından əməkdaşlıq etməyə, əlaqələrimizi hərtərəfli genişləndirməyə hazırdır.

Əminəm ki, Sizin diplomatiya sahəsindəki peşəkarlığınız, çoxillik təcrübəniz Baş Assambleyanın qarşısında duran vəzifələrin icrasına mühüm töhfə verəcək, dünyada multilateralizmin inkişafına xidmət edəcəkdir.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar arzulayıram".

Əsas mövzular