SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Həqiqətləri saxtalaşdırıb müxtəlif şəkillərdə təqdim etməyi ən yaxşı Ermənistan bacarır"

© Sputnik / Murad OrujovAzərbaycan XİN-in rəsmi təmsilçisi Leyla Abdullayeva
Azərbaycan XİN-in rəsmi təmsilçisi Leyla Abdullayeva - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ermənilərin ailələri, evləri olduğunu səsləndirən erməni nazir, görəsən, öz ölkəsinin təcavüzkar siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının evlərindən məhrum olduğunu, ailələrinin paramparça olduğunu heç düşünübmü?

BAKI, 8 noyabr - Sputnik. "Mnatsakanyan anlamalıdır ki, onun dediyi kimi bizim və ya sizin həqiqət olmur; həqiqət birdir və bu həqiqət dünya ictimaiyyətinə çox yaxşı bəllidir".

Sputnik Azərbaycan bildirir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistan Xarici işlər naziri Z.Mnatsakanyanın İsveçin Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

L.Abdullayeva bildirib ki, əslində, Ermənistan Xarici işlər naziri yeni heç bir fikir söyləməyib: "Beynəlxalq səviyyədə işğalçı kimi tanınan bir ölkə rəsmisinin Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsindəki ərazilərini güya ki, özünün işğal etməsi barədə eyni əsassız iddiaları. Məsələnin beynəlxalq hüquqi tərəfini bir kənara qoyaq, bu, heç normal düşüncə çərçivəsinə belə sığmır.

Təsəvvür edin, bir ölkə qanunsuz şəkildə digər ölkənin ərazilərini işğal edir, bu ərazilərdə tarixən yaşayan yerli azərbaycanlıları etnik təmizləməyə məruz qoyur, sonra da iddia edir ki, “bu ərazilərdə yaşayan 150.000 erməninin təhlükəsizlik problemi var”. Bu ermənilərin ailələri, evləri olduğunu səsləndirən erməni nazir, görəsən, öz ölkəsinin təcavüzkar siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının evlərindən məhrum olduğunu, ailələrinin paramparça olduğunu, adlarının məcburi-köçkün və qaçqına çevrildiyini heç düşünübmü?

Əlbəttə, yox, əgər düşünsəydi, bu kimi cəfəng fikirlərlə özünü və xalqını aldatmazdı və münaqişənin həlli istiqamətində real addımlar atılardı. Mnatsakanyan anlamalıdır ki, onun dediyi kimi bizim və ya sizin həqiqət olmur; həqiqət birdir və bu həqiqət dünya ictimaiyyətinə çox yaxşı bəllidir. Sadəcə, mövcud həqiqətləri saxtalaşdıraraq onu öz maraqları naminə müxtəlif şəkillərdə təqdim etmək təcrübəsi də mövcuddur ki, bunu da ən yaxşı Ermənistan bacarır".

Xəbər lenti
0