18:11 17 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9350
Milli Məclisin deputatı Tahir Kərimli

Tahir Kərimli: “Bu qədər düşmənim olduğunu bilmirdim”

© REPORT
SİYASƏT
Qısa URL
53 0 0

“Milli Məclisdə “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihəsi müzakirə olunursa, nədən danışmalıyam?”

BAKI, 14 yanvar — Sputnik. “Təqvim aylarına yeni adların verilməsi təklifinə ikili yanaşma var. Bir qisim insan var ki, sosial şəbəkələrdə tənqid edir. Maraqlıdır, irəli sürülən təklifin mahiyyəti ilə bağlı deyil, şəxsiyyətlə bağlı, konteksdən kənar mülahizələr yürüdürlər. Deyirlər deputatların işi, sənəti yoxdur ki, bu cür təkliflər irəli sürürlər. Halbuki bunu deputat kimi deyil, vətəndaş, Vəhdət Partiyasının sədri kimi demişəm. Təkliflə demək istəmişəm ki, özümüzə oxşayaq”.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

O, ad məsələsinin çox önəmli olduğunu vurğulayıb: “Övladlarımıza qoyduğumuz adlar da milli olmalıdır. Xalqımızın getdikcə özündən uzaqlaşması, digər millətlərə - özündən başqa hamıya oxşaması məni narahat edir. Bu, bütün sahələri əhatə edir. Soyad sonluqları qanunvericiliyə uyğun olaraq milliləşdirilməlidir. Yəni aylara yeni adların verilməsini də milliləşməyə görə demişəm. Bu, ictimai hərəkat kimi olmalıdır. Məqsədim odur ki, təklif etdiyim adlar məişətdə paralel olaraq istifadə edilsin, getdikcə dilimiz öyrəşsin. Nənəm deyərdi ki, zəlzələ ilinin biçin ayında doğulmuşam. Biz də bilirdik ki, zəlzələ 1902-ci ildə olub, biçin ayı da avqustdur. Yəni babalarımız bu cür sözlərdən istifadə ediblər. Təəssüflər olsun ki, bəzi saytları başlığa çıxarırlar ki, Tahir Kərimli ayların adını dəyişdirmək istəyir. Onlar başa düşmür ki, mən ayların adının dəyişdirilməsinin deyil, həmin adlarla paralel olaraq işlənilməsi üçün adlar təklif etmişəm. Türkiyədə ayların milli adlarına mahnılar da qoşublar”.

T.Kərimli sosial problemləri mütəmadi olaraq müzakirəyə çıxardığını qeyd edib: “Deyirlər ki, bu qədər problem var, amma deputatlar fərqli mövzuları qabardırlar. Axı bu problemlər nə vaxt bitəcək? 5-10 il gözləməliyik? Jurnalistlər şahiddir ki, mən və bəzi deputat həmkarlarım problemlərlə bağlı məsələ qaldırırıq. Elə bir problem yoxdur ki, onunla bağlı məsələ qaldırmayam. Buraya pensiyanın azlığı, kreditlə bağlı narazılıqlar, deputatı olduğum Ağsu rayonunun problemləri və s. məsələlər daxildir. Bunu bilmirlərsə, neyləyək? Mənim bu təklifim hansı problemin həllinə kölgə salır ki? Bəzi problemlərin olması bəlkə milli xarakterimizin olmamasından və ya tam formalaşmamasından irəli gəlir? Biz bunu formalaşdırmalıyıq. Bizim milli identifikasiyamız nədən ibarətdir? Haradan bilinir ki, bu, azərbaycanlıdır?.. Bəlkə adlarımızdan, soyadlarımızdan, geyimimizdən bilinir? Azərbaycan mətbəxini digər ölkələrin mətbəxləri üstələyir, Bakıda restoranların adları xarici dildədir. Azərbaycan dilində elanlara rast gəlmirik. Təəssüf edirəm, milliləşmə ilə bağlı təkliflərimi süngü ilə qarşılayırlar. 100 il bundan öncə Seyid Əzim Şirvani seyid olduğu halda oğlunun adını Ömər qoyması narazılığa səbəb olub, onu qapının arasında sıxıb öldürdülər... Mirzə Ələkbər Sabiri çərlədib öldürənlər bu gün də var, onlar xalqa səhv məlumatlar çatdırırlar, yazı oxunmadan xəbərin başlığına baxaraq qiymət verirlər. Himnlə bağlı təklifimə də sərt reaksiya verdilər. 

Onlar bilmirdi ki, mən həmin təklifi himnlə bağlı qanun layihəsi müzakirə olunan zaman səsləndirmişəm. Elə bilirlər, durduğum yerdə himnlə bağlı təklif səsləndirmişəm. Milli Məclisdə “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihəsi müzakirə olunursa, nədən danışmalıyam? Himnin mətni, musiqisi qəbul edilirdi... Doğrusu, bu qədər düşmənimin olduğunu düşünmürdüm. Xəbərə başlıq qoyanda ki, Tahir Kərimli himni təhqir etdi, təbii ki, söyəcəklər, heç mətni oxuyan olmayacaq. Təsəvvür edin, himnin 3 cümləsini bilməyənlər məni təhqir edir... Bəzi ziyalıları da başa düşə bilmirəm. Onlar da təklifin mahiyyətini bilmədən fikir bildirirlər. Bəzi siyasətçilər deputat olmağımı həzm edə bilmirlər. Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası parlamentdə təmsil olunub. Necə olur, onlar demokratik yolla seçilirlər, mən saxta? Deyirlər, məni guya iqtidar seçib... Mən kimin səsini oğurlamışam, hansı saxtakarlığa ehtiyacım olub? Xalqın səsi ilə deputat seçilmişəm, iqtidara nə deyim, deyim ki, məni nahaq təsdiq etmisiz, başqası seçiləydi?”.

Xatırladaq ki, T.Kərimli təqvim aylarının adlarına paralel olaraq bu adları irəli sürüb: İlk ay (yanvar), soyuq ay (çillə ay) (fevral), boz ay (mart), yağış ayı (aprel), çiçək ayı (may), əkin ayı (iyun), isti ay (iyul), biçin ayı (avqust), məhsul ayı (sentyabr), qızıl ay (oktyabr), xəzəl ayı (noyabr), son ay (dekabr). Onun bu təklifi sosial şəbəkələrdə tənqid edilib.

Əsas mövzular