15:29 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Nikol Paşinyan

Yoxa çıxan eyforiya: Paşinyanın ağ bayraq qaldırmaqdan başqa çıxış yolu qalmayıb

© Sputnik / Aram Nersesyan
SİYASƏT
Qısa URL
Azər RƏŞİDOĞLU
117811

Ermənistanda cərəyan edən son proseslər də sübuta yetirdi ki, İrəvan istər Qərb üçün, istərsə də Rusiya üçün etibarsız müttəfiqdir

BAKI, 21 iyul — Sputnik. Bu həftə Ermənistanda baş verən hadisə bölgə üçün önəmli təhlillərə səbəb oldu. Rusiya Federasiyasının Ermənistanda yerləşən 102-ci hərbi bazasına məxsus avtomobil karvanının Şirak inzibati ərazisinin Panik kəndinin içi ilə atəş aça-aça hərəkət etməsi ermənilərin ciddi narahatlığına səbəb olub.

Paşinyanın hakimiyyətə gəlməsindən sonra yaşanan eyforiya bununla da puç olub. Rusiya təhlilçiləri bəyan edirlər ki, İrəvan mövcudluğuna görə Kremlə borclu olmalıdır. Onu da vurğulayaq ki, Nikol Paşinyanın baş nazir seçilməsindən sona İrəvan-Moskva münasibətlərində ciddi dəyişikliklər baş verməkdədir. Paşinyan öz ətrafına qərbpərəst simaları toplayır. Lakin İrəvanın Moskvadan uzaqlaşmağa imkanı yoxdur. Ən azı Rusiya bunu arzulamır.

Ermənistan Rusiyanın Cənubi Qafqazda yeganə dayaq nöqtəsidir. Rusiya Ermənistan vasitəsi ilə təkcə Cənubi Qafqazda deyil, eyni zamanda daha uzaq cənub bölgəsinə nəzarət edir. Digər səbəb isə ondan ibarətdir ki, Ermənistan istəsə belə, Rusiyanın forpostluğundan uzaqlaşa bilməz. Ermənistan adlı dövlətin varlığı məhz Rusiyanın İrəvana münasibətindən asılıdır. Qərb ölkələri Ermənistanın Rusiya ilə yaxınlığına dözümlə yanaşır. Məsələ bundadır ki, ABŞ-da və başqa Qərb ölkələrində də Ermənistanın dəstəyi az deyil, çünki bu ölkələrdəki erməni diasporu ciddi siyasi amilə çevrilə bilib. Bu amil Rusiya tərəfindən də nəzərə alınır. Rusiyanın geosiyasi missiyasının ifaçısı olan Ermənistan Moskvanı şantaj etməklə, əslində, özünü tələyə salır.

Ermənistan Rusiyanın forpostudur və Kreml problemi hansı formada həll etmək istəsə, İrəvan bununla razılaşmağa məhkum olacaq. Onu da vurğulayaq ki, Rusiya tərəfindən küncə sıxıldığını dərk edən kimi Nikol Paşinyan yenidən "Qarabağ kartı"nı işə sala bilər. Lakin Paşinyan yeni savaşa da başlaya bilməz. Belə ki, Rusiya Qarabağda atəşkəsi pozmaq istəmir. ABŞ ilə gərginlik yaşayan Rusiyaya Cənubi Qafqazda savaş sərf etmir. Paşinyan ayağını Kremlin çəkdiyi xətdən kənara atsa, onu elə erməni ictimai rəyi özü linç edə bilər. Ermənistan heç bir halda Azərbaycan deyil və müstəqil xarici siyasət yürüdə bilməz.

Sadə bir fakta diqqət edək. Rusiya qazı Ermənistana bazar qiymətlərindən çox aşağı qiymətə satır. İrəvan silahı da Rusiyanın daxili bazarı qiymətlərinə alır. İqtisadi baxımdan, İrəvan erməni diasporunun pullarından və ya Qərbin verə biləcəyi kreditlərdən deyil, məhz Moskvadan asılıdır. Bu baxımdan, İrəvan Kremlin təkliflərini yerinə yetirməyə məhkumdur. Ermənistan artıq Qarabağ münaqişənin həlli ilə bağlı da heç bir qərar qəbul etməyə qadir deyil. Ermənistan müstəqilliyini de-fakto itirmiş bir ölkədir. Söhbət Rusiya-Ermənistan münasibətlərindən deyil, Ermənistanın müstəqil bir ölkə kimi mövcud olmamasından gedir. Azərbaycanla Dağlıq Qarabağ münaqişəsi, Türkiyə ilə tarixi problemləri olan Ermənistan faktiki blokada içindədir. Ermənilər üçün yeganə təhlükəsizlik təminatçısı Moskvadır.

Ermənistanda cərəyan edən son proseslər də sübuta yetirdi ki, İrəvan istər Qərb üçün, istərsə də Rusiya üçün etibarsız müttəfiqdir. Bunu Paşinyan da anlayır və onun bir yolu qalır – Kremlin qarşısında ağ bayraq qaldırmaq. Bu dəfə İrəvan Bakının da maraqlarını nəzərə almağa məhkumdur. Əks təqdirdə, Paşinyanı da Sarkisyanın taleyi gözləyə bilər.

Rusiyanın Cənubi Qafqazdakı hərbi qüvvələrinə ciddi diqqət yetirməsi də göstərir ki, Moskva təhlükəsizlik məsələsinə üstünlük verir. Bu baxımdan, İrəvan ABŞ-ın İrana mümkün hərbi əməliyyatları zamanı Moskvanı narazı salacaq addım ata bilməz. Əslində, Paşinyan həm daxili, həm də xarici təzyiqlər altındadır. Onun buna uzun müddət tab gətirəcəyi də inandırıcı deyil…

Teqlər:
Ermənistanın baş naziri Nikol Paşinyan, hərbi baza, forpost, Cənubi Qafqaz, Rusiya, Ermənistan

Əsas mövzular