23:46 22 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Nikol Paşinyan Gürcüstanda

Paşinyanın gözlənilməz səfəri: Tiflis Bakının maraqlarını qurban verəcəkmi?

© FB / MFA of Georgia
SİYASƏT
Qısa URL
Azər RƏŞİDOĞLU
879 0 0

Saziş həyata keçirilərsə, Azərbaycan və Türkiyə tərəfdən Ermənistanın iqtisadi blokadası zəifləyəcək

BAKI, 1 iyun — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbəri olduğu nümayəndə heyətinin Tiflisə səfəri həftənin ən mühüm siyasi hadisələrindən oldu.

N.Paşinyanın Tiflisə səfəri bir neçə aspektdən şərh edilə bilər. Məsələn, Cənubi Qafqaz ölkələrindən Avropa İttifaqı ilə ən sıx əlaqələri Gürcüstan qurub. İstisna deyil ki, Paşinyan Gürcüstan vasitəsilə İrəvanı Qərbə inteqrasiya elətdirmək istəyir. Unutmaq lazım deyil ki, Nikol Paşinyan öz çıxışlarında Avropa İttifaqı ilə vizasız gediş-gəlişə nail olmaq istədiyini bildirib. Onu da nəzərə alaq ki, Tiflisə səfər zamanı Paşinyanı Ermənistan müdafiə naziri Tonoyan da müşayiət edib.

Görünür, Paşinyan Ermənistanla Gürcüstan arasında hərbi əlaqələri inkişaf elətdirmək istəyir. Paşinyanın səfərinin əsas məqsədlərindən biri də Abxaziya üzərindən Ermənistana dəmir yolunun açılması üçün Tiflisin razılığını əldə etməkdir.

Rusiya-Gürcüstan dəmiryolunun açılışına nail olsa, bu, Paşinyan üçün ölkədəki rəqibləri üzərində parlaq qələbə olardı. Abxaziya dəmir yolu Tiflisdən qərbə doğru uzanaraq Samtredia qəsəbəsində cənub və şimal olmaq üzrə iki xəttə ayrılır. Şimal xətti Abxaziya üzərindən Rusiyaya uzanır. Cənub xətti isə İrəvandan başlayır, Gümrüyü və kiçik Qafqaz dağlarını keçərək Tiflisə və oradan şimala-Rusiya xəttinə qovuşur. Abxaziya separatçılarının 1990-cı illərdə başlayan müstəqillik tələbləri nəticəsində Abxaziya dəmir yolu bağlandı. Bu dəmir yolu Ermənistanın əsas şimal nəqliyyat xətti olsa da, 1992-ci ildən etibarən Ermənistan bu nəqliyyat xəttindən istifadə edə bilmir. Abxaziya dəmir yolunun açılması Ermənistan qədər Rusiya üçün də əhəmiyyətlidir. Belə ki, 19 aprel 2011-ci ildə Gürcüstan parlamenti 31 mart 2006-cı ildə Rusiya ilə imzalanmış “Hərbi yüklərin və şəxsi heyətin daşınması haqqında” müqaviləni ləğv etdikdən sonra Ermənistanda yerləşən 102-ci rus hərbi bazasının təminatında Rusiya problemlərlə üzləşir.

Hələlik bu təminat Rusiya-İran-Ermənistan nəqliyyat xətti üzrə həyata keçirilsə də (Rusiya yükləri Xəzər dənizindən İranın Ənzəli limanına, oradan da İrəvana daşıyır), bu xətt çox bahadır və zaman baxımından əlverişli deyil. Abxaziya dəmir yolunun açılması son 20 ildə müxtəlif səviyyələrdə müzakirə edilib və reallaşması mümkün olmayıb. Regionda və xüsusilə Gürcüstan-Rusiya münasibətlərində gərginliyin davam etdiyi müddətdə problemin həll edilmə ehtimalı olduqca zəifdir. Digər tərəfdən, Tiflis Paşinyanın istəyi əsasında Abxaziya üzərindən dəmiryolunun açılmasına icazə versə, bununla Bakıya xoş olmayan mesaj göndərmiş ola bilər.

Lakin onu da nəzərə alaq ki, mayın 24-də Rusiya və Gürcüstan nümayəndələri Praqada Abxaziya və Cənubi Osetiya ərazisində yüklərə gömrük nəzarəti üçün üçtərəfli komissiya yaradılacağı barədə razılıq əldə ediblər. Komissiyanın tərkibinə Gürcüstanın, Rusiyanın və İsveçrənin SGS şirkətinin nümayəndələri daxil olacaq. Bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Avinyan öz feysbuk səhifəsində yazıb.

"Saziş həyata keçirilərsə, "Yuxarı Lars" yolu bağlı olduğu hallarda bizim yüklərin nəqli üçün alternativ yollarımız olacaq" — deyə Ermənistan KİV-i Avinyandan sitat gətirir.

O, həmçinin qeyd edib ki, bu mövzuda hələ mayın 14-də Soçidə Paşinyanın Putinlə görüşündə söhbət olub.

Bir müddət əvvəl Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze RF xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşdən əvvəl rəsmi Tbilisinin Rusiyadan Gürcüstana və Ermənistana "ticarət dəhlizləri" açmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, bu saziş həyata keçirilərsə, Azərbaycan və Türkiyə tərəfdən yolların və əlaqələrin bağlanması ilə əlaqədar ciddi çətinliklər yaşayan Ermənistanın iqtisadi blokadasını zəiflədəcək.

Səfərlə bağlı daha bir məqam ondan ibarətdir ki, Paşinyan Gürcüstanda yaşayan ermənilərlə görüşüb. Gürcüstanın separatçı  Paşinyanı Cavaxetiya bölgəsinə buraxması və hətta ona geniş görüşlər keçirmək imkanı yaratması sual doğurur.

Ermənistan Gürcüstanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, Cavaxetiya ermənilərinin separatçı tələblərini dəstəkləyir və onların hökumətə qarşı təşkilatlanmasına kömək edir. Bundan başqa, Abxaziyada, təxminən, 70 min erməninin yaşadığını diqqətə alan Ermənistan bu bölgənin Gürcüstanın tərkibində qalmasını istəmir. Bir sözlə, ermənilər Cənubi Qafqazda sabitliyə ən böyük təhlükə olaraq qalırlar. Bu baxımdan, Gürcüstanın Ermənistanla münasibətlərinin dinamikası Azərbaycanın maraqlarını sıxışdırmamalıdır. Unutmaq olmaz ki, Azərbaycanın ticarət və nəqliyyat, eyni zamanda enerji yolları Gürcüstan və Türkiyə üzərindən keçir. Hər üç dövlətin maraqları qarşılıqlı əməkdaşlığı mühüm edir. Bu baxımdan, Tiflis Bakının maraqlarını İrəvana qurban verə bilməz…

Teqlər:
Nikol Paşinyan, blokada, Abxaziya, Gürcüstan, Bakı, sərhəd, səfər

Əsas mövzular