10:55 28 İyun 2017
Canlı yayım
Jurnalist

Siyasilərin məzuniyyətə çıxdığı gün jurnalistika...

© Foto: STR
SİYASƏT
Qısa URL
Azər RƏŞİDOĞLU
40 0 0

Ölkədə gündəm yoxdur və ictimai rəy mətbuatın təklif etdiyi məsələləri müzakirə etməkdən başqa çıxış yolu tanımır

BAKI, 26 okt — Sputnik. Jurnalist olmaq asan deyil. Xüsusilə Azərbaycan cəmiyyətində mətbuata münasibətin anormal olduğunu nəzərə alsaq. Siyasi düşərgəsindən, dini baxışlarından və digər kateqoriyalardan asılı olmayaraq, hər kəs mətbuata öz şərtini diktə etmək istəyir. Bütün qüvvələr, onların maraqlarına cavab verməyən məlumatın yayılmasını qəzəblə qarşılayır.

Azad insan
© Foto: humansarefree.com

Jurnalist nəinki siyasi lideri, hətta bir müğənnini belə, tənqid etməyə çəkinir. Bunun nəticəsidir ki, hər bir jurnalistin içində daxili bir senzor yaranmaqdadır.

Mətbuatdan gözləntilər də məntiqə ziddir. Normal cəmiyyətlərdə mətbuatın siyasi partiyaların missiyasını həyata keçirməsi yolverilməzdir. Lakin Azərbaycanın siyasi həyatı o dərəcədə cansıxıcıdır ki, mətbuat bu funksiyanı da öz üzərinə götürmək zorundadır.

Heç bir demokratik ölkədə gündəmi KİV müəyyən etmir. Mətbuat baş verənlərin şəklini çəkməklə məşğul olmalıdır. Azərbaycanda isə gündəmi də mətbuat formalaşdırır. Əgər mətbuat öz missiyası ilə məşğul olmağa başlasa və gündəmi müəyyən etməyi siyasilərin öhdəsinə buraxsa, ölkənin siyasi həyatında "qəbiristanlıq sakitliyi" yarana bilər.

Mətbuatın başlıca problemi gündəmi müəyyən etməkdən ibarətdir. Siyasətçilərin tam "məzuniyyətə çıxdığı bir zamanda" gündəmi müəyyən etmək olduqca müşküldür. Belə bir vaxtda aparıcı bir partiyada daxili gərginlik yaşanır və mətbuat tərəflərə mövqeyini izah etməyə tribuna verir. Bu, elementar jurnalistika tələbidir. Hətta bu adi bir gediş də siyasətçilərin jurnalistlərə nifrət püskürməsiilə müşayiət edilir.

Mətbuat bütün bunları görməzdən gələ bilərdi, lakin yeni auditoriya qazanmaq marağı jurnalistləri gündəmi müəyyən etməyə vadar edir. Bu baxımdan, Azərbaycanda ictimai rəyin yönləndirilməsi mətbuatın üzərinə düşür. Bütün bunların baş verməsinin başlıca səbəbi odur ki, ölkədə gündəm özü yoxdur və ictimai rəy mətbuatın təklif etdiyi məsələləri müzakirə etməkdən başqa çıxış yolu tanımır.

Hadisə yaratmaq, ən azı ictimai rəyi manipulyasiyadan xilas etmək siyasi texnoloqların işidir. Mətbuat yalnız köməkçi element kimi çıxış etməlidir. Görünən isə budur ki, müxalifət düşərgəsində texnoloqların sayı azdır və yaxud ən müxtəlif səbəblərdən onların səsi eşidilmir.

Siyasi liderlər çox zaman özləri həm texnoloq, həm analitik, həm də siyasətçi kimi çıxış edirlər. Bu isə nonsensdir. Normal cəmiyyətlərdə belə hal yaşanmır. Bütün ümidləri, yalnız mətbuata bağlamaq da yanlışdır. Mətbuat üstqurum funksiyasını yerinə yetirə bilməz. KİV-dən belə bir missiya gözləmək, yumşaq desək, sadəlövhlükdür.

Azərbaycan kimi ölkələrdə ictimai rəy daha çox telekanalların vasitəsi ilə manipulyasiya edilir. Sosial şəbəkələrlə müqayisədə telekanallar daha effektli təbliğat vasitəsidir. Uzun illərdir ki, intellektual düşüncə telekanallardan uzaq düşüb və TV-lər şoulara üstünlük verir.

Ümumiyyətlə, Azərbaycan oxucusunun rəğbətini qazanmaq çox çətindir. Bunu istəyirsənsə, onun kimi düşünməlisən. Onun oxumaq istədiyini yazmalısan. Onun itaət etdiklərinə qulluq göstərməlisən. Proseslərə fərqli yanaşma, alternativ variantların təklif olunması bu cəmiyyətdə qorxuludur. Linç olunmaq təhlükəsi var. Siyasi bütləri tənqid etmək qorxuludur. Belə bir ölkədə jurnalist olmaq asan deyil…

Əlaqədar

Yas mərasimləri də boykot edilirsə...
İnhisarçı müxalifət
Yeni siyasi eskiz layihə
Təhlükəli tendensiya
Dəniz gəzmişlərin yoxluğu
Teqlər:
gündəm, siyasət, mətbuat, KİV, media, cəmiyyət, jurnalist

Əsas mövzular