11:13 22 Noyabr 2017
Canlı yayım
Yas mərasimi

Yas mərasimləri də boykot edilirsə...

SİYASƏT
Qısa URL
Azər RƏŞİDOĞLU
113 0 0

Və ya siyasəti bu qədər eybəcərləşdirmək lazım deyildi

BAKI, 5 okt — Sputnik. Siyasət şəxsi münasibətlərə təsir etməməlidir. İndi hər kəsi bu suallar düşündürür — siyasətdə rəqib olanlar həyatda da düşmənə çevrilməlidirlərmi? Siyasi baxışların fərqliliyi adi insani münasibətlərin qurulmasına mane olmalıdırmı?

Qərbdə belə nüanslar heç müzakirə də edilmir. Azərbaycanda isə hər şey fərqlidir. Siyasi baxışlar cəmiyyətin bütün sahələrinə təsir göstərir. Vəziyyət o qədər anormaldır ki, siyasi rəqiblər bir-birlərinin yas və yaxud toy məclislərində də iştirak edə bilmirlər.

Heç bir rəqib digər düşərgənin nümayəndəsinin yas mərasiminə qatıla bilmir. Bu yanlış yanaşma heç şübhəsiz ki, cəmiyyət tərəfindən şiddətlə qınanır. Siyasətçi olmazdan öncə insan olan kəsin öz siyasi rəqibinin məclislərində iştirak etməyində nə qəbahət ola bilər ki?

Ölkədə elə vəziyyət yaranıb ki, siyasi rəqiblər bir-birlərinin qatı düşməninə çevrildilər. Bu, bir məişət hadisəsi kimi görünsə də, əslində gələcək vətəndaş qarşıdurmasının bünövrəsidir. Ən acınacaqlısı isə odur ki, artıq çoxları bu metoddan bəhrələnməyə başlayıblar. Siyasi baxışları müxtəlif olan insanların bir-birlərinin yas və toyunda iştirakı az qala düşmənçilik kimi qəbul olunur. Siyasəti bu qədər eybəcərləşdirmək lazım deyildi…

Nə oldu bu cəmiyyətə? Vaxtilə ən qatı düşmənlər bir-birlərinin yas və toylarında iştirakı özlərinə borc bilərdilər. Bir-birinin qanını tökməyə hazır olanlar öz rəqiblərinə başsağlığı verməkdə əsla tərəddüd etməzdilər. Bu gün bütün bunları düşünmək belə, ağlasığmazdır.

İnsanları mənəvi deqradasiyaya uğradan əsas amillərdən biri də uzun müddət heç nəyin dəyişməməsidir. Ölkədə vahid siyasi müstəvi yaranıb. Az qala hamı eyni cür düşünməyə başlayıb.

Əsas məqsəd mənasız mübahisələr deyil, vəziyyətin dəyişdirilməsinə nail olmaq və beynəlxalq dəstəyi qazana bilməkdir. Kimin hansı yasda və yaxud toyda iştirak etməsi qarşılıqlı ittihamlara səbəb olmamalıdır. Qarşılıqlı savaşlar yalnız mənəviyyata zərbələr endirmir, eyni zamanda rəqibini daha da güclü edir.

Bu xalq gec-tez normal siyasi münasibətlər sistemi yaradacaq. Siyasətlə də peşəkarcasına məşğul olanlar meydana çıxacaq. Siyasətdə tərəflərin münasibətləri korlana bilər. Lakin bu, yas və toyların da boykotu ilə sonuclanmamalıdır.

Bu gün ölkənin problemləri az deyil. Müzakirələr onların həlli yollarını aramaq deyil, cılız suallara cavab axtarmaqdırsa, bu, anormaldır.

Siyasi düşərgələr arasındakı gərginliyi azaltmaq daha çox siyasi liderlərdən asılıdır. Siyasi partiyalarda islahatlar həyata keçirilməsə, problem davam edəcək. Bu gün müxalifətçi olan, sabah iqtidara gələ biləcək insanlar da eyni düşüncəyə malikdirlərsə, ölkədə demokratiyanın gələcəyi necə olacaq?

Dəyişikliyə hər kəs özündən başlamalıdır. Siyasi tərəflər hər kəsin düşüncəsinə hörmətlə yanaşdığını sübuta yetirməlidir. Bu, aksiomadır.

Siyasət yalnız ağ və qara rənglərdən ibarət olmur. Bu, məntiqə zidd olardı. Sağlam düşünə bilməyənlərin isə siyasətdə nə işi var? İlk baxışdan, sıradan bir məsələ kimi görünən münasibətlər sistemi əslində cəmiyyətin siyasi proseslərə münasibətini formalaşdırır. İnsan amili önəmlidir və siyasətçilər bunu nəzərə almağa məhkumdurlar…

Əlaqədar

Klassik siyasətin iflası
Təhlükəli tendensiya
Dəniz gəzmişlərin yoxluğu
Azərbaycanı müstəmləkəyə çevirmək istəmiriksə...
Siyasi müstəvini inhisara almaq cəhdləri
Teqlər:
münasibət, yas mərasimi, toy, rəqib, siyasət, düşmən

Əsas mövzular