SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Respublikanın keçmiş rəhbəri Vəli Axundovun yubileyi keçirilib

© Photo : AzTU-nun mətbuat xidmətiAzərbaycan Tibb Universitetində akademik Vəli Axundovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş toplantı
Azərbaycan Tibb Universitetində akademik Vəli Axundovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş toplantı - Sputnik Azərbaycan
Abunə olmaq
Vəli Axundov 1959-1969-cu illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub.

BAKI, 3 may — Sputnik. “Tibb Universitetinin yetirməsi olan bu görkəmli alim, ictimai-siyasi xadimin Azərbaycanın tarixində, ölkəmizin müstəqilliyinin formalaşmasında böyük rolu olub”.  Bu fikirlər bu gün Azərbaycan Tibb Universitetində akademik Vəli Axundovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş toplantıda səslənib. 

Tibb Universitetinin rəhbərliyi, Səhiyyə Nazirliyinin, Azərbaycandakı elm-tədqiqat institutlarının nümayəndələrinin və digər qonaqların iştirak etdikləri tədbirin əvvəlində ATU rektoru, professor Gəray Gəraybəyli giriş nitqi ilə çıxış edib. Rektorun sözlərinə görə, Azərbaycanın səhiyyəsində və elmində dərin  iz qoymuş tarixi şəxslərin yubileyləri daima Tibb Universiteti tərəfindən qeyd olunur. G.Gəraybəyli xatırlatdı ki, ümummilli lider Heydər Əliyevin fərmanına əsasən, Vəli Axundovun 80 illik yubileyi respublikamızda təntənəli şəkildə qeyd olunub. ATU da bu ənənəyə sadiq qalaraq və prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq görkəmli şəxsiyyətin 100 illik yubileyi münasibətilə geniş müzakirə açıb. 

Professor Gəray Gəraybəyli akademik V.Axundovu sovet dövrünün ən istedadlı, hazırlıqlı, mədəni və geniş dünyagörüşünə malik bir şəxsiyyəti kimi qiymətləndirdi: “Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi V.Axundov Azərbaycanın həyatı üçün taleyüklü qərarlarla çıxış edib. Vəli Axundov uzun illər dövlət idarəçiliyi sahəsində ən məsul vəzifələrdə çalışarkən təqdirəlayiq fəaliyyət göstərmiş və tibb alimi kimi respublikada səhiyyə işinin təşkilinə töhfələr verib”.

Daha sonra ATU-nun epidemiologiya kafedrasının müdiri İbadulla Ağayev mərhum akademikin həyat və peşəkar fəaliyyəti barədə ətraflı təqdimatla çıxış etdi. Akademik Vəli Axundovun həm tibb nümayəndəsi, həm də ictimai xadim kimi şəxsi keyfiyyətləri haqqında danışan natiq vurğuladı ki, o, 1916-cı ildə Bakının saray kəndində ruhani-ziyalı ailəsində anadan olub. 1941-ci ildə Tibb İnstitutunu bitirdikdən sonra cəbhəyə gedib: “Cəbhədə apardığı saysız əməliyyatlar haqqında sonralar bütün ordu qəzetlərində silsilə məqalələr dərc olunurdu. Berlinə qədər rəşadətli döyüş yolu keçən V.Axundov faşizmə qarşı mübarizədə yaralanmış əsgər və zabitləri peşəkarcasına cərrahi əməliyyat edərək həyata qaytarıb”.

Müharibədən sonraki illərdə V.Axundov Azərbaycan Dövlət Tibb İnstitutuna qayıdıb və tibb tarixi kafedrasında assistent vəzifəsində işə başlayıb. Parlaq zəka sahibi olan V.Axundov 1946-cı ildə Respublika tibb işçiləri həmkarlar komitəsinin sədri təyin olunub. Səhiyyə naziri vəzifəsinə kimi yüksələn V.Axundov sonradan düz 10 il ərzində Azərbaycana rəhbərlik edib. Azərbaycan Kommunist Partiyasının baş katibi vəzifəsində işlədiyi dövrlərdə Naxçıvan və Qarabağın peşkəş kimi Ermənistana verilməsinə mane ola bilib. 

Vəli Axundovla bağlı şəxsi xatirələrindən danışan İbadulla Ağayev özünün də karyerasında bu şəxsin təmənnasız yardım göstərdiyini bildirdi. 

Tədbirin davamında ATU-nun qidalanma və kommunal gigiyena  kafedrasının professoru, Maqsud Qasımov görkəmli alimi tibbi uğurlarından bəhs etdi. Bildirdi ki, ötən əsrin 70-ci illərində SSRİ məkanında, Ukraynanın bir neçə vilayətində, həmçinin Orta Asiyada vəba xəstəlikləri epidemiyası başlayıbmış. Həmin dövrdə epidemiyanın Azərbaycanda yayılma ehtimalının sıfıra endirilməsi üçün Bakının baş planına baxılması məhz Vəli Axundova həvalə olunub. 

Daha sonra Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri Fərhandə Sadıxova, ATU-nun Uşaq və yeniyetmələr gigiyenası kafedrasının professoru Rüxsarə Əliyeva Vəli Axundovun bütün uğurlu həyatı boyu amalını insanlara xidmətdə görən, çətin dövrdə bütöv bir respublikaya başçılıq edən işıqlı şəxsiyyət olduğunu qeyd etdilər. Neçə illər keçməsinə baxmayaraq V.Axundovun xatirələrdə daim xeyirxah və nəcib əməlləri ilə yaxşı insan kimi xatırlanacağını da vurğuladılar. 

Tədbirin sonunda görkəmli alimin qızı Nigar Axundova atasının xatirəsinin yad edilməsinə görə təşəkkürünü bildirdi: “Bu, çox xoş haldır ki, biz bu silsilə tədbirlərə ilk olaraq Azərbaycan Tibb Universitetindən başlayırıq. Çünki  bu bilik ocağı atamın həyatında ayrılmaz bir yer tutub. Onu da deyim ki, anamla da atam məhz burda tanış olub. Bu baxımdan, Tibb Universiteti bizim üçün doğma bir məkandır”. Nigar Axundova ATU-nun tarixi ilə bağlı maraqlı faktı da açıqladı.  O, Vəli Axundovun nazir olarkən Azərbaycan Tibb İnstitutuna Nəriman Nərimanovun adının verilməsi haqqında yazdığı məktubu təqdim etdi. 

Toplantıda çıxış edənlərin hər biri V.Axundovun qayğıkeş həkim, istedadlı alim, ziyalı və xeyirxah insan kimi xatırladılar. Onun xatirəsi demokratik və həqiqətpərvər şəxsiyyət kimi dərin ehtiramla yad olundu. 

Xəbər lenti
0