11:34 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
13 0 0

Zahid Oruc: Bu gün Azərbaycanın Qərblə münasibətlərindəki əsas problem Almaniyadakı Angela Merkel və ABŞ-dakı Barak Obama hakimiyyəti ilə bağlıdır.

BAKI, 14 iyul — Sputnik. Bu gün Azərbaycanın Qərblə münasibətlərindəki əsas problem Almaniyadakı Angela Merkel və ABŞ-dakı Barak Obama hakimiyyəti ilə bağlıdır.

Bunu Sputnik-ə açıqlamasında millət vəkili Zahid Oruc Azərbaycan prezidentinin iyulun 13-də Nazirlər Kabinetinin iclasındakı çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, ölkə başçısı səviyyəsində beynəlxalq təşkilatlarla münasibətlərin yenidən gündəmə gəlməsi önəmli idi: “Çünki Azərbaycan indiyədək beynəlxalq təşkilarlarla və Qərb ölkələri ilə münasibətlərini ən yüksək səviyyədə qurmağa, Qərbin iqtisadi partnyoru rolunda oynamağa çalışsa da, əfsuslar olsun ki, ölkəmizə qarşı təzyiqlər davam etməkdədir. Azərbaycanın bu ölkələrlə mövqeyinə rəğmən Qərb dairələri son dövrlərdə Ermənistana dəstək verərək bu ölkə vasitəsi ilə Bakıya təzyiq etmək yolunu seçdilər. Qərb bölgədə Ermənistan vasitəsi ilə Azərbaycana təzyiq edib, təsir dairəsində saxlamaq yolunu seçməyə üstünlük verdi.”

Millət vəkili onu da əlavə etdi ki, Azərbaycan prezidentinin bu bəyanatları xalq tərəfindən də dəstəklənir və xarici siyasətin həyata keçirilməsində cəmiyyətdə fikir haçalanması yoxdur. “Yeganə olaraq bir diplomatımızın “verbovka” olunmasını çıxmaq şərti ilə, xarici siyasətə məsul olan digər şəxslərin hamısı ölkə başçısısnın həyata keçirdiyi  siyasətə sadiqdirlər”, — deyə Oruc vurğuladı.

Millət vəkilinin fikrincə, Azərbaycan bu gün qərb vektorundan geri çəkilməyib, sadəcə bəzi Qərb ölkələrinin hakimiyyətləri ilə problemlər var: “ Bu gün Azərbaycanın Almaniyadakı Angela Merkel, ABŞ-dakı Barak Obama hakimiyyəti ilə problemi var, baxmayaraq ki, son illərdə Qərbin bir sıra geostrateji layihələrinin və planlarının gerçəkləşməsində Azərbaycanın mövqeyi önəmli rol oynayıb. İnanıram ki, bu şəxslərin hakimiyyəti bitdikdən sonra  ölkələrimiz arasındakı münasibətlər yenidən öz əvvəlki məcrasına dönəcək və bu ölkələr Azərbaycanla əlaqələrinə yenidən böyük önəm verməyə başlayacaqlar.”

Millət vəkili hesab edir ki, Azərbaycan Qərblə siyasətindəki vektorlara, xüsusən də Avropa Şurası və digər təşkilatlarla münasibətlərə yenidən baxmalı və korrektələr etməlidir. 

“Biz Avropa Şurası ilə bundan sonra yeni yol xəritəsini müəyyən etməli və onunla gələcək əməkdaşlıq istiqamətində yeni sazişlər imzalamalıyıq. Ona görə ki, bu təşkilatların da üzərinə müəyyən məsuliyyət qoyulmalıdır. Daha sadəcə quruma üzv olan ölkələr öhdəlik götürməməlidir”, — deyə millət vəkili vurğuladı.

Azərbaycanın bundan sonrakı xarici siyasətinin prioritetləri haqqına mövqeyini bölüşən millət vəkili bildirdi ki, bundan sonra Azərbaycan daha çox Avrasiya istiqamətindəki vektora üstünlük verəcək və bu bölgənin bir parçası olmağa çalışacaq: “Bu günə kimi siyasi-iqtisadi cəhətdən Qərbin bir strateji parçası olmağa çalışırdıqsa, bundan sonra Avrasiya məkanının bir parçası olmağa üstünlük verəcəyik. Şübhəsiz ki, bu məkanda olmağımız bizə yeni imkanlar açacaq.  Bu məkanda Azərbaycanın özünü realizə etməsi üçün yeni perspektivli imkanlar mövcuddur. Bu məkanın Azərbaycanın resurslarına ehtiyacı var və biz bundan yararlanmalıyıq. Hesab edirəm ki, biz bundan ancaq uda bilərik.”

Teqlər:
deputat, millət vəkili, Avropa, Avrasiya, Qərb ölkələri, Avropa Şurası, Nazirlər Kabineti, Barak Obama, Angela Merkel, Zahid Oruc, ABŞ, Almaniya, Azərbaycan

Əsas mövzular