02:05 18 Oktyabr 2017
Canlı yayım
Azərbaycan Xalq Cümhuriyyətinin ordusu

Kürdəmirin erməni işğalından azad edildiyi gün

azhistorymuseum.az
SİYASƏT
Qısa URL
61171

1918-ci il iyulun 10-da Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələri (Qafqaz İslam Ordusu) Kürdəmir yaxınlığındakı döyüşdə daşnak-bolşevik «Bakı Soveti»nin qoşunlarını məğlub ediblər.

BAKI, 10 iyul — Sputnik.

Ruhəngiz Kərimli, AMEA Tarix İnstitutunun doktorantı

1918-ci il iyulun 10-da Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələri (Qafqaz İslam Ordusu) Kürdəmir yaxınlığındakı döyüşdə daşnak-bolşevik «Bakı Soveti»nin qoşunlarını məğlub ediblər.

Kürdəmir qəsəbəsi işğalçılardan azad olunub. Bu qələbədən sonra Qafqaz İslam Ordusunun daşnak-bolşevik qüvvələri üzərinə geniş əks-hücumu başlanıb. İyulun 14-də azərbaycanlı-türk qoşun hissələri strateji əhəmiyyətli Kərrar dəmir yolu stansiyasını ələ keçiriblər.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyəti Gəncəyə köçdükdən sonra milli hökumət təcili olaraq Bakının  daşnak-bolşevik qoşunlarından azad edilməsi istiqamətində tədbirlə palnı hazırlayırlar. O dövrdə Azərbaycanın öz ordusu tam formalaşmadığından AXC hakimiyyəti Bakını və digər əraziləri daşnak-bolşevik qoşunlarından azad etmək üçün türklərdən yardım istəyir və onların dəstəyi ilə buna nail olmaq istəyirlər. Ona görə də AXC hakimiyyəti Bakının azad olunması uğrunda türk və azərbaycanlı hərbi birləşmələrdən ibarət olan Qafqaz İslam Ordusu yardır və bu yolla  rus-erməni qüvvələrindən yaradılmış Bakı Sovetinin Qırmızı Ordusuna qarşı hücumlara başlayır.

Bakının azad olunması üçün Qafqaz İslam Ordusu ilə erməni-rus hərbi birləşmələri arasında mübarizə üç aydan artıq davam edir və ilk uğurlu hərbi əməliyyat Göyçay yaxınlığında baş tutur. 

1918-ci ilin iyunun 18-də Nuru Paşa azərbaycanlı hərbi qüvvələrinin komandanı general Əliağa Şıxlinski və beşinci Qafqaz piyada diviziyası qərargah rəisi Rüştü bəylə birlikdə Gəncədən cəbhə bölgəsinə — Müsüslü stansiyasına gələrək vəziyyətlə yerində tanış olurlar. Bolşevik-daşnak qüvvələrinin sayının ətrafdakı erməni və rus kəndlərinin sakinlərinin qatılması ilə 30 minə çatdığı, həmçinin bu qoşunların Bakıdan Qaraməryəmə gedərkən yolboyu 50-dən artıq azərbaycanlı kəndini yandırdığı, bölgədə yaşayan dinc müsəlman əhalisini qırdığını, bir həftə ərzində 400 mindən artıq sakinin isə qaçaraq Göyçay, Ağdaş, Yevlax ətrafına sığındığı məlum olur. Beşinci Qafqaz piyada diviziyasının, hələ yolda olan qüvvələr hesaba alınmaqla özündən sayca xeyli üstün, silahla yaxşı təchiz olunmuş, yemək və su təmini baxımından bir sıxıntı çəkməyən düşmənə qarşı imkansız olduğu aydınlaşır. Azərbaycanlı gənclərin orduya cəlb olunması, vuruşan qoşunların ən azı su və ərzaqla təmin edilməsi məsələsi tam ciddiliyi ilə üzə çıxır. 

Həmin məsələlərlə bağlı Göyçayda xalqa xitabən tənbeh dolu müraciət edən Nuru Paşanın Əliağa Şıxlinski ilə birlikdə ətraf qəsəbə və kəndlərdə yaşayan ağsaqqal və nüfuzlu sakinlərlə apardığı danışıqlar nəticəsində azərbaycanlı könüllülər toplanmağa başlayır. Göyçay, Ağdaş, Yevlax, hətta Bərdə ətrafından yığılan gənclər və bütün əli silah tutanlar qısa müddətdə cəbhə xəttindəki yerlərini almaq üçün hərbi təlimlərə cəlb olunurlar. Bununla bərabər, yaranmış vəziyyətin ağırlığını anlayan Nuru Paşa İstanbula ünvanlandığı raportlarda dönə-dönə Qafqaza daha bir diviziyanın göndərilməsini israr edir. Lakin bu tələb yerinə yetirilənə qədər cəbhədə vəziyyəti dəyişmək labüd idi. Göyçay-Qaraməryəm cəbhə xəttində bir müddət qarşılıqlı müdafiə mövqeyi tutan türk və bolşevik qüvvələri yeni döyüşlərə hazırlaşırdılar və türk qoşunlarının iyunun 29-da hücuma keçmək planlarından xəbər tutan sovet ordusu iyunun 27-də səhər tezdən vuruşa başlayır. Qəfil hücumdan ani çaşqınlıq keçirən türk qoşunları tez bir müddətdə qüvvələrini toplayaraq düşməni geri oturdaraq irəli gedib yeni mövqelər ələ keçirirlər və axşama yaxın Qaraməryəmi azad edirlər. Bu savaşda Müsüslüdən gətirilən Həbib Səlimovun komandanlığı ilə  Azərbaycan könüllü süvari birliyinin də böyük rolu olur.

Qaraməryəm ətrafındakı qələbə Qafqaz İslam Ordusunun ilk böyük uğuru sayılmaqla Bakının azad edilməsi yolunda aparılan son dərəcə ağır, itkilərlə dolu, lakın şərəfli qalibiyyətin başlanğıcı oldu. Bu döyüşün ertəsi günü, iyun ayının 30-da Göyçay tərəfdən əks-hücuma keçən sovet qoşunlarının həmləsi də son nəticədə uğursuzluqla bitdi. Bolşevik rus və erməni qüvvələrinə böyük itkilər verdirən türk ordusu pərakəndə halda qaçan düşməndən çoxlu sayda silah və sursat ələ keçirdi, eyni zamanda, Ağdaş, Göyçay, Qaraməryəm və İsmayıllı  bölgələrindəki qəsəbə və kəndlərdə yaşayan erməni və rus əhalisi itaət altına alınaraq tərksilah edildilər.

Göyçay vuruşlarında həlak olan türk əsgərlərinin böyük bir hissəsi və yaralılar Gəncəyə aparıldı. Şəhidlər Gəncə və ətraf məntəqələrdəki  qəbiristanlıqlarda dəfn edildi. Həlak olmuş döyüşçülərin bəziləri isə İslam adət-ənənəsinə uyğun olaraq qanlı libasları ilə şəhid olduqları yerdə dərhal həmin gün torpağa tapşırıldı. Göyçay, Qaraməryəm, Bığır və İsmayıllı bölgələrində ilk türk məzarları yarandı. Az sonra belə məzarlıqların sayı Qafqaz İslam Ordusunun keçdiyi bütün döyüş yolu boyu artacaqdı.

İyul ayının 5-də 7 min nəfərlik hərbi qüvvə ilə Kürdəmirə çəkilən bolşevik-erməni qüvvələrinə qarşı hücuma başlayan Qafqaz İslam Ordusunun alayları gərgin döyüşlər nəticəsində iyulun 10-a kimi Kürdəmir və Ağsunu azad etdilər. Kürdəmir stansiyası və kəndi qismən, Ağsu qəsəbəsi isə tamamilə qaçan ermənilər tərəfindən yandırılmış vəziyyətdə idi. Üç gün davamlı olaraq Kürdəmir uğrunda gedən şiddətli və qanlı döyüşlərdə türk alayları ilə birgə  keçmiş "vəhşi" diviziyanın azərbaycanlı süvari bölmələri də fərqləndilər.

Qeyd edək ki, bu ərazilər hərbi əməliyyat aparmaq baxımından çox mürəkkəb coğrafi məkana malik olduğundan itkilər çox olub və döyüşlər həddən artıq gərgin keçib.

Məhz bu döyüşlərdən sonra Bakının azad olunması istiqamətində üç istiqamətdə döyüş planı hazırlandı.

Bu planın həyata keçirilməsi nəticəsində ölkənin digər bölgələri və Bakı bir neçə yadan sonra erməni-rus hərbi birləşmlərindən azad olundu. Hətta erməni-bolşeviklərin liderlərindən olan Şaumyan Leninə yardım almaq üçün təcili bir məktub da ünvanlayır. Onun “İliçə məktubu”nda təcili olaraq canlı qüvvə və hərbi sursatla yardım istəyir.  Məktubda Bakı neftinin əldən çıxma təhlükəsini qeyd edərək, təcili olaraq canlı qüvvə ilə onlara dəstək göndərilməsini istəyir və təbii ki, Lenin də onun istəklərini yerinə yetirir. Ancaq onun bu yardımı da nəticəsini vermir və Qafqaz İslam Ordusunun başlatdığı hərbi əməliyyatlar uğurla başa çatır.

Əsas mövzular