14:51 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
© Sputnik / Ilham Mustafa
Şəmkirdə insanların şiddətə qarşı çıxmasını əks etdirən qraffiti

"Şiddətə yox, sevgiyə davam","Güldən ağır söz demə" - Nizami küçəsində çəkilən divar rəsmləri hər kəsin marağına səbəb olur

İlham Mustafayev, Sputnik Azərbaycan

Şəmkirli gənclər maraqlı ideya reallaşdırıblar. Onlar bölgədə ilk olan "bullinqlərə yox deyək" təşəbbüsü çərçivəsində fikirlərini qraffitiyə çeviriblər. Küçələrdə avanqard formada rəsmlər çəkənlərdən fərqli olaraq onlar insanları düşündürən, cəmiyyət üçün faydalı olan mesajlar verməyə çalışıblar. Şəhərin Nizami küçəsində çəkdikləri divar rəsmləri nəinki həmin küçə, eləcə də rayon sakinləri tərəfindən maraqla qarşılanıb. Sosial şəbəkələrdə də maraqla paylaşılıb.

Qraffitinin müəlliflərindən olan Etibar Usubov hər bir kəsin isti münasibətə, gözəl sözlərə ehtiyacı olduğunu deyib. Elə bu səbəbdən dostları ilə birgə divarlarda bu cür mesajlar verməklə insanları şiddətə qarşı çıxmağa səslədiklərini söyləyib:

"Son vaxtlar demək olar insanlar arasında şiddət halları artıb. O səbəbdən qərara gəldik ki, belə bir qraffiti çəkək. Bu işimizlə çalışmışıq ki, insanların üzündə təbəssüm yaransın. Şiddətdən uzaq olsunlar. Bu işdə şəmkirli gənc könüllülər yaxından iştirak edib. Hətta küçədən keçən insanlar da yaxşı mənada nəsə etməyə çalışıblar", - deyə o, bildirib.

Şəmkir Gənclərin İnkişafı və Karyera mərkəzinin mütəxəssisi Könül Rəhimova layihənin gənclər arasında intiharların azalması, şiddətin xoş sözlər, nəvaziş və digər qayğıkeş hərəkətlərlə əvəz edilməsini özündə ehtiva etdiyini deyib. Onun sözlərinə görə, ilk öncə anti-bullinqlə bağlı sosial şəbəkələrdə müxtəlif mesajlar toplayıb. Bundan sonra bu anti-bullinq mesajları respublikamızda ilk dəfə olaraq Şəmkir şəhər mərkəzi küçələrinin birində divara çəkilən qraffitidə istifadə olunub.

"Şəmkirdə bullinqə son mövzusunda layihə işləmək istədik. Fikirləşdik ki nə edə bilərik. İnsanlara fikrimizi necə çatdıra bilərik. Belə qərara gəldik ki qraffiti edək. Eskimizi hazırladıq, UNİSEFə göndərdik. UNISEF bizim ideyamızı dəstəklədi. Facebookda sorğu edərək sloqanları yazdıq. Nəticədə belə maraqlı iş ortaya çıxdı", - deyə məlumat verib.

Gənclər soyuqda divarlarda boya ilə işləməyin çətin olmasına baxmayaraq, küçə sakinlərinin də köməyindən istifadə edərək işlərini gerçəkləşdirirlər. Onlar əl işlərini gələcəkdə Şəmkirin ucqar dağ kəndlərdə, eləcə də digər yaşayış məntəqələrində tətbiq etməyi planlaşdırırlar.

Digər fotolentlər

Əsas mövzular