CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İtkin düşən neftçi "Təzə Pir"in imamı olub

Əzizağa Quliyev
Əzizağa Quliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Cəsədi Türkmənistanda tapılan Əzizağa Quliyevin yaxınları ilginc açıqlamalar verdilər

BAKI, 5 yan-Sputnik. Bu gün Cəsədi Xəzərin Türkmənistan sahilindən tapılaraq, Azərbaycana gətirilən neftçi Əzizağa Quliyevin yas mərasimi idi. Mərhum neftçinin qohumları və yaxınları ona öz vəfa borclarını ödəməyə gəlmişdilər.

"Əzizağa gözəl avazı ilə məscidə gələnləri heyran qoyurdu. "Quran" oxumağı çox sevirdi. 15 gün dənizdə işləyirdi, qalan 15 günü isə məsciddə ibadətlə keçirirdi". Sputnik-in əməkdaşı ilə söhbətində Ə.Quliyevin dayısı oğlu Balaqardaş Quliyev belə dedi.

Onun dediklərinə görə, Əzizağa bir an belə dindən ayrı yaşaya bilmirmiş: "Ərəb dilini yaxşı bilirdi. "Təzə Pir" məscidində neçə il imamlıq da etmişdi. 15 iş günündə belə müqəddəs kitabımız "Quran-i Kərim"i özü ilə platformaya aparırdı".

2004-cü ildə Əzizağa ilə birlikdə müqəddəs Kəbəni ziyarət etdiklərini deyən dostu və əsgər yoldaşı Hacı Akif, mərhum neftçinin gözəl səsi olduğunu, hətta bir neçə dəfə məşhur xanəndələrin muğam sənətinə keçməsi üçün ona təkliflər verdiklərini bildirdi: "Əlibaba Məmmədovu çox sevirdi və dinləyirdi. Elə səs tonu da onunkuna çox bənzəyirdi. Muğam sənətinə marağı var idi. Bir neçə xanəndə ona təkliflər də vermişdi, amma o bu sənətdə özünü görmədiyini deyərək təklifləri geri çevirirdi. Baxmayaraq ki, onun buna şansı var idi. Səsi məlahətli olduğuna görə, məsciddə azanı onun oxumasını istəyirdilər".

Каспийское море - Sputnik Azərbaycan
İtkin düşmüş daha bir neftçinin meyiti tapılıb

Mərhumun qardaşı Şamil və dayısı Əlirza Quliyevlər, dövlətin diqqət və qayğısına görə minnətdar olduqlarını, ailəyə göstərilən köməyə görə şəxsən prezident İlham Əliyevə təşəkkürlərini bildirdilər: "Ailədə ondan başqa heç kim işləmirdi. Sağ olsun dövlətimiz, maddi yardımı əsirgəmədi və ailəsinə kömək əlini uzatdı. Nə lazımdır elədi, müavinətdən savayı, övladlarına iş tapacaqları vədini də verdi. Buna görə onlara minnətdarıq".

Qeyd edək ki, Əzizağa Quliyevin cəsədi iki gün əvvəl Xəzərin Türkmənistan sahilində tapılaraq, dünən axşam vətənə gətirilib. Tibbi ekspertizadan sonra onun cəsədi ailəsinə təhvil verilib. Meyit bu gün səhər saatlarında ailə üzvləri tərəfindən morqdan götürülərək Zirə kənd qəbiristanlığında dəfn edilib. 62 yaşlı Əzizağa Quliyev 4 qız və 1 oğul atası idi.

Ötən il dekabrın 4-ü, saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə faciə baş verib. 29 nəfərin itkin düşdüyü hadisədən sonra 3 neftçinin cəsədi tapılsa da, 26 nəfər hələ də axtrılır.

Xəbər lenti
0