13:27 23 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Seçkilər

Müxalifət partiyaları təbliğat-təşviqat prosesindən razıdırlar

aznews.az
Parlament seçkiləri 2015
Qısa URL
2501

“Secki-2015.az” saytı bir neçə müxalif siyasi partiya arasında sorğu keçirərək, onların seçkiqabağı təşviqatı hansı səviyyədə aparmaları, daha çox hansı üsullara üstünlük vermələri ilə maraqlanıb.

BAKI, 26 okt — Sputnik. Azərbaycanda parlament seçkiləri hər 5 ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Cari ildə IV çağırış Milli Məclisin səlahiyyət müddəti başa çatdığından Prezident İlham Əliyev avqustun 28-də bu barədə xüsusi sərəncam imzalayıb və növbəti seçkilər noyabr ayının 1-ə təyin olunub. Bundan bir gün sonra Mərkəzi Seçki Komissiyasının qərarı ilə Milli Məclisə seçkilərlə bağlı Təqvim Planı təsdiq edilib. Təqvim Planında seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlər öz əksini tapıb. Həmin plana uyğun olaraq, sentyabrın 12-dən oktyabrın 2-si saat 18.00-dək namizədlərin qeydə alınması prosesi həyata keçirilib və zəruri olan seçki sənədləri seçki komissiyalarına təqdim olunub. Namizədlərin qeydə alınması üçün ayrılan vaxt başa çatdıqdan sonra seçkiqabağı təşviqat mərhələsi start götürüb. Seçki qanunvericiliyinə əsasən seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır. V çağırış Milli Məclisə seçkilər də noyabrın 1-nə təyin olunduğundan seçkiqabağı təşviqat 9 oktyabrdan start götürüb və oktyabrın 31-də səhər saat 08.00-da başa çatacaq. Seçkiqabağı təşviqatın aparılmasında qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri iştirak edə bilərlər.

“Secki-2015.az” saytı bir neçə müxalif siyasi partiya arasında sorğu keçirərək, onların seçkiqabağı təşviqatı hansı səviyyədə aparmaları, daha çox hansı üsullara üstünlük vermələri ilə maraqlanıb. Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa bildirib ki, rəhbərlik etdiyi təşkilat V çağırış Milli Məclisə seçkilərə partiya siyahısı ilə getməyib. Onun sözlərinə görə, BQP daha çox fərdi qaydada, yəni partiya üzvünün hansının şansı, nüfuzu daha çoxdursa, onun namizədliyini irəli sürür: “Ölkədə majoritar qaydada parlament seçkiləri keçirildiyi üçün əsas ağırlıq namizədlərin öz üzərinə düşür. Partiyanın şüarlarını qabartmırıq. Hər bir namizəd öz şüarı, platforması ilə seçkiyə gedir, partiya da onlara dəstək verir. Seçkinin indiki mərhələsinə kimi namizədlərimiz bütün prosesləri vaxtında yerinə yetiriblər. Bununla bağlı ciddi qanun pozuntusu ilə rastlaşmamışıq. Bir-iki dairədə namizədlərin qeydə alınmasında anlaşılmazlıq var idi, onlar da qanun çərçivəsində öz həllini tapdı”.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, Fərəc Quliyev  söyləyib ki, builki parlament seçkilərində seçicilərlə görüşə, məlumat xarakterli bukletlərin mənzillərə çatdırılmasına, sosial şəbəkə və media üzərindən çıxışlar etməyə, məlumat lövhələrində plakatlarının asılmasına üstünlük verilib. O, seçicilərinə çatdırdığı bukletlərin hesabat xarakterli olduğunu, bununla deputat mandatı daşıdığı 5 il ərzində gördüyü işlər barədə insanlara məlumat verdiyini qeyd edib. F.Quliyev partiyasından ümumilikdə 17 nəfərin deputatlığa namizəd olduğunu, hamısının da eyni qayda ilə təşviqat apardığını, hər hansı ciddi qanun pozuntusu ilə rastlaşmadıqlarını deyib.

Müsavat Partiyası (MP) Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı söyləyib ki, təmsil etdiyi siyasi təşkilat tərəfindən irəli sürülmüş namizədlər seçki kampaniyasının bu dövründə özlərinin seçki təbliğatını müstəqil və sərbəst surətdə, güclərinin çatdığı həddə, qanunauyğun şəkildə qurmağa çalışırlar.

Ümid Partiyasının (ÜP) sədr müavini Ənvər Ağazadə qeyd edib ki, 17 nəfər partiya namizədi təşviqat dövründə seçicilərlə birbaşa görüşlərə, təbliğat materiallarının sakinlərə çatdırılmasına üstünlük verirlər. O, seçkinin indiki mərhələsinə qədər hər hansı qanun pozuntusu ilə rastlaşmadıqlarını dilə gətirib.

Qeyd edək ki, Konstitusiyaya əsasən Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Milli Məclisin deputatı seçilə bilər. İkili vətəndaşlığı, başqa dövlətlər qarşısında öhdəliyi olan, ağır cinayətlərə görə məhkum edilmiş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Milli Məclisə deputat seçilə bilməzlər. 

Əsas mövzular