13:36 23 Oktyabr 2017
Canlı yayım
mitinq

Növbəti parlament seçkiləri nə vəd edir: müxalifət

a24.az
Parlament seçkiləri 2015
Qısa URL
12701

Azərbaycanın müxalifət düşərgəsinin geniş spektrli olması seçkiyə hazırlıq məsələsində də özünü büruzə verir.

BAKI, 10 iyul — Sputnik. Bu günkü şərhimizdə parlament seçkiləri öncəsi müxalifət düşərgəsinin vəziyyətinə nəzər yetirəcəyik. 

Azərbaycanın müxalifət düşərgəsinin geniş spektrli olması seçkiyə hazırlıq məsələsində də özünü büruzə verir. Məhz bu səbəbdən də müxalifətdə yeni konsolidasiyanın yaranması mümkün olmur. Əvvəlki illərdə seçki başlamazdan xeyli öncə müxalifətin konsolidasiyası istiqamətində ciddi işlər aparılardı. Bəzən ciddi, bəzən isə amorf və uzunmüddətli olmayan birliklər yaradılardı. Ancaq bu seçkidə biz bunun şahidi olmuruq. Düzdür, bu yaradılan müxalifət birliklərin ömrü  bir çox hallarda heç seçkiyə kimi də çəkməyib. Yaradılan əksər birliklər və bloklar seçkidən dərhal sonra dağılıb. Bir araya gələn partiyalar bir-birinə qarşı ittihamlar səsləndiriblər. Bir-birini satqınlıqda, xəyanətdə suçlayıblar. Müxalifətin bu gün bir araya gəlib geniş birlik yarada bilməməsinin əsas səbəblərindən biri də məhz bu amillə bağlıdır. Ümumiyyətlə, bu gün Azərbaycan müxalifətinin fəaliyyətini hiss etmək olmur. Müxalifətin belə bir vəziyyəti isə əvvəlcədən onun qarşıdan gələn seçkilərdə uğurlu çıxış edəcəyini imkansız edir. Yəni payızda keçiriləcək parlament seçkilərinə belə qısa vaxt qaldığı bir zamanda müxalifətin səssizliyi onun indidən məğlubiyyəti ilə razılaşması kimi görünür.

Bu gün siyasi müxalifətin bir araya gəldiyi yeganə seçki bloku “Azadlıq-2015” blokudur. Bura səkkiz siyasi partiya — KXCP, AXP, VİP, ALDP, Böyük Azərbaycan, Azadlıq və Aydınlar Partiyası daxildirlər. Bu partiyalar hakimiyyətlə münasibətlərdə daha çox dialoqa və problemlərin danışıqlar yolu ilə həllinə üstünlük verirlər. Hazırda blokda seçki ilə bağlı proseslər qızğın olmasa da gedir. İndiki məqamda blok namizədlərin müəyyənləşməsi istiqamətdə müzakirələrə başlayıb. Bu blokda digər diqqəti çəkən məqam ondan ibarətdir ki, quruma daxil olan AXP sədri, Azərbaycanın tanınmış siyasi simalarından olan Pənah Hüseyn hələ bir müddət öncə siyasi partiyaların toplantısında hakimiyyətə açıq mesaj ünvanlayaraq danışıqlar yolu ilə mandat əldə etməyə hazır olduqlarını bəyan etdi. Və o bunda heç bir qəbahətin olmadığını da dilə gətirərək bildirdi ki, vaxtı ilə Azərbaycan parlament tarixində belə hallar olub. Onun fikrincə, bu daha optimal və Azərbaycan cəmiyyətinin bu günkü reallığında məqsəduyğun hadisə olardı.

Azərbaycan müxalifətinin digər aparıcı siyasi qüvvələrindən olan Müsavat Partiyası və AXCP hələ də seçki ilə bağlı konkret mövqelərini ortaya qoymayıblar. Adı çəkilən partiyalar seçkiyə hazır olmadıqlarından seçkiöncəsi demokratik mühitin olmamasını bəhanə gətirərək indidən seçkini boykot edəcəkləri ilə bağlı fikirlər səsləndirirlər.  AXCP və “Müsavat” bu yolla öz uğursuzluqlarını sığortalamaq istəyirlər. Seçkidə Azərbaycan müxalifəti üçün istənilən şərait yaradılsa belə, bu düşərgənin hazırkı məqamda kifayət qədər real mandat qazana biləcək kadrı və namizədi yoxdur.

2014-cü ildə Müsavat Partiyasının qurultayından sonra təşkilat daxilində baş verən böhran baş verdi və partiya parçalandı. Vaxtı ilə bu paryiada təmsil olunan və cəmiyyətdə kifayətə qədər nüfuza malik olan şəxslər qurultaydan sonra istefa verib “Müsavat”ı tərk etməli oldular. Bu günlərdə isə “Yeni Müsavat” qəzetinin baş redaktoru, partiyada ciddi fiqurlardan biri olan Rauf Arifoğlu Müsavatdan gedəcəyini açıqlayıb. Böhranlı vəziyyətin hələ də davam etməsi partiyanın seçkiyə hazırlığına ciddi maneçilik törədir və bu səbəbədən də partiya öz məğlubiyyətini hansı formada sığortalamağa çalışacaq.  

Müxalifətin digər aparıcı qüvvəsi olan AXCP və Milli Şurada da vəziyyət qaneedici səviyyədə deyil. Burada da  2013-cü il prezident seçkilərindən sonra baş verən böhranlı durum hələ başa çatmayıb və daxili ziddiyyətlər və istefalar dalğası davam etməkdədir. Təkcə son bir neçə ayda partiya sıralarında rəhbər strukturlarda təmsil olunan neçə şəxs istefa verib. Sonuncu olaraq partiya sıralarını tərk etmiş sədr müavini Əbülfəz Qurbanlını göstərə bilərik. 

AXCP bu böhranlı vəziyyətdən çıxmaq üçün bir sıra cəhdlər etsə, də nəticə vermədi. Belə ki, son iki ildə bu təşkilat sosial tələblərlə hakimiyyətə qarşı  ən radikal şüarlar adı altında  etiraz aksiyaları keçirsələr də  cəmiyyətdən dəstək ala bilmədilər.

Özlərini ölkənin əsas müxalif qüvvəsi hesab edən bu iki partiya məğlubiyyətdən sığortalanmaq üçün konkret olaraq boykot taktikasına əl ata bilər. 

Müxalifətin digər qüvvələri də zəif olduqlarından seçkidə uğur əldə edəcəkləri gözlənilmir. Ola bilsin ki, hansısa siyasi partiyadan bir və ya iki şəxsin parlamentə düşmək şansı olacaq.

Qeyd etmək lazımdır ki, müxalifətin seçkilərdə məğlubiyyətlərini şərtləndirəcək əsas amillərdədn biri də onun yetərincə kadr potensialının olmaması ilə bağlıdır.

Bütün bunları sadalamaqla belə bir mövqeyə gəlmək olar ki, növbəti parlament seçkilərinin şəksiz qalibi YAP olacaq.

Əsas mövzular