00:46 26 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
XƏBƏRLƏR
Qısa URL
3510

Sənətkar 1901-ci ildə Şuşada təşkil olunmuş Birinci Şərq konsertində iştirak edir. Orada ilk dəfə tarda "Mahur" muğamını tək, solo ifa edir. Üstündən bir il keçəndən sonra isə doğma şəhəri Şuşada dünyasını dəyişir.

BAKI, 8 sentyabr — Sputnik. Sadıqcan (əsl adı Mirzə Sadıq Əsəd oğlu Sadıqcan) görkəmli Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar kimi tarixə düşüb. Bu qüdrətli şəxsiyyət virtuoz tarzən kimi Qafqazda və İranda geniş şöhrət qazanıb. Tədqiqatçıların yazdığına görə, tarı təkmilləşdirərək ona cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. Sadıqcan ilk dəfə tarı sinədə (əvvəllər tarı diz üstündə çalardılar) çalmağa başlayıb. Tədqiqatçılar yazır ki, məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılaraq Azərbaycanın musiqi simvoluna çevrilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu il görkəmli tarzənin anadan olmasının 175-ci ildönümü tamam olur.

Mirzə Sadıq Əsəd oğlu Sadıqcan 1846-cı ildə Şuşa şəhərində anadan olub. Məlumatlara görə, bütün şuşalılar kimi, Sadıq da kiçik yaşlarından öz gücünü xalq mahnılarının və muğamlarımızın ifası sahəsində sınayıb. Sənətkar toylarda, konsertlərdə, qəbullarda, ziyafətlərdə, həmçinin Bakı və Şuşada Azərbaycan və İran qastrolçularının qoyduqları tamaşaların fasilələri zamanı tarda ifa edir, özü də Qafqaza, Orta Asiya və İrana tez-tez qastrol səfərlərinə gedir, burada musiqi məclislərində iştirak edirdi. Qafqazın birinci tarzəni kimi xarakterizə edilən sənətkar haqqında "Kafkazskoye obozreniye" qəzeti yazırdı:

"Onun çalğısı səlis, artistik baxımdan dəqiqdir. Sənətkarın cazibə qüvvəsi isə güclüdür. Əgər Tiflisdəki bəstəkarlar onun burada olmasından istifadə edib Sadıqdan Şərq motivlərini mənimsəyə bilsə idilər, onların yeni bəstələri üçün yaxşı materiala çevrilə bilərdi".

Mirzə Sadıq artıq özünün tarzənlik bacarığının ən yüksək zirvəsində olduğunu anlayaraq ciddi-cəhdlə bu qədim aləti təkmilləşdirmək və onda çalğı manerasını dəyişdirmək üçün yollar axtarmağa başlayır. Onu nahaq yerə Mirzə Sadıq, yəni alim Sadıq adlandırmamışlar. Sənətkarın analitik ağlı bir neçə ildə həmin işin də öhdəsindən gəlməsi üçün ona imkan verib. Sadıqcana qədər tarı diz üstündə çalırdılar. O özünün virtuoz bacarığından istifadə edərək ilk dəfə tarı sinəsinə qaldırıb.

Mirzə Sadıq, eyni zamanda, istedadlı bir bəstəkar idi. O, "Orta Segah" və "Bayatı Şiraz" muğamlarına bir neçə rəng bəstələmişdi. Bu və digər muğamların tərkibinə daxil olmuş musiqi pyesləri onların dolğunlaşmasında mühüm rol oynayıb. Onun Azərbaycan musiqisinin inkişaf tarixindəki rolu əvəzedilməzdir. Sadıqcan Azərbaycan milli musiqisində misilsiz rol oynayan dahi sənətkar kimi tarixdə iz qoyub. Tarı dizdən sinə üstünə qaldıran Sadıqcan böyük bir azərbaycanlı kimi milli ideologiyamıza, mənəvi dəyərlərimizə misilsiz xidmət göstərib. Tarixdə adı qalan sənətkar Sadıqcan neçə əsr sonra da xatırlanacaq. Çünki onun ömrü tarda davam edəcək.

Sadıqcan 1901-ci ildə Şuşada təşkil olunmuş Birinci Şərq konsertində iştirak edir. Orada ilk dəfə tarda "Mahur" muğamını tək, solo ifa edir. Üstündən bir il keçəndən sonra isə doğma şəhəri Şuşada dünyasını dəyişir.

Teqlər:
tar, tarzənlər

Əsas mövzular