23:42 25 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
XƏBƏRLƏR
Qısa URL
12 0 0

Sabiq direktor vətəndaşları müəllim, kitabxana müdiri və sair vəzifələrə düzəldəcəyi barədə yalan vədlər verərək onların 30 min manat məbləğini dələduzluq yolu ilə ələ keçirib.

BAKI, 8 sentyabr — Sputnik. Abşeron rayonu Mehdiabad qəsəbəsi 5 saylı tam orta məktəbin sabiq direktoru Samirə Əkbərovanın qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Sputnik Azərbaycan-a Abşeron rayon prokurorluğundan verilən məlumata görə, aparılan istintaqla müəyyən edilib ki, Samirə Əkbərova həmin məktəbin direktoru vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək Təhsil Nazirliyinin işə qəbulla bağlı müəyyən edilən qaydalarından kənar ayrı-ayrı vətəndaşlara onların həm özününün direktoru olduğu orta məktəbə, həm də digər təhsil müəssisələrinə xeyli miqdarda pul müqabilində müəllim, kitabxana müdiri və sair vəzifələrə düzəldəcəyi barədə yalan vədlər verib aldadaraq, həmin vətəndaşların 30 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.

Samirə Əkbərovaya Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (xeyli miqdarda dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunub və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, bir müddət öncə Dövlət büdcəsi vəsaitlərinin Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C.Cahangirov adına 4 saylı tam orta məktəbdə direktor vəzifəsində işləyən Rəhimova Fətdanə Əsədulla qızı tərəfindən maliyyə vəsaitinin mənimsəməsinə dair Sabunçu rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma nəticəsində Rəhimova Fətdanə Əsədulla qızının vəzifə səlahiyyətlərindən istifadə edərək rəhbərlik etdiyi təhsil müəssisəsinin əməkdaşlarının işə gəlməmələrinə şərait yaradıb onlara ayrılmış 35.000 manat əmək haqqını mənimsəməsinə əsaslı şübhələr müəyyən edildiyindən Sabunçu rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Fətdanə Rəhimova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun:

Şagirdlərə maska taxmaq məcburidirmi?

Teqlər:
direktor

Əsas mövzular