AZAL-ın vitse-prezidenti Şərqi Zəngəzurdakı hava limanları barədə

© Photo : AZƏRTACAzərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400"
Azərbaycanın Silk Way aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan Boeing 747-400 - Sputnik Azərbaycan, 1920, 05.09.2021
Abunə olmaq
Eldar Hacıyev qeyd edib ki, Azərbaycan Prezidentinin sərəncamı ilə artıq Şərqi Zəngəzur bölgəsində iki hava limanının da inşasına başlanıb.
BAKI, 5 sentyabr — Sputnik. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev Bakıdan Füzuli Beynəlxalq Hava Limanına sərnişin və yük təyyarələri ilə sınaq uçuşunun həyata keçirilməsinə münasibət bildirərkən deyib ki, bu gün çox önəmli gündür.
AZAL vitse-prezidentinin sözlərinə görə, Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanına "Qarabağ" sərnişin təyyarəsi və ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi texniki uçuşlarını həyata keçiriblər:
"Bizim hər birimizin keçirdiyimiz hisləri sözlə ifadə etmək çətindir. Cəmi bir il əvvəl bu torpaqlarımız işğal altında idi, 11 ay əvvəl bu torpaqlarda qızğın döyüşlər gedirdi. Bugünkü hisləri bizə yaşadan Ali Baş Komandanımıza, Azərbaycan Ordusuna öz minnətdarlığımızı bildiririk. Qarabağa xoş gəlmisiniz!"
E. Hacıyev qeyd edib ki, Azərbaycan Prezidentinin sərəncamı ilə artıq Şərqi Zəngəzur bölgəsində iki hava limanının da inşasına başlanıb:
"İnşallah, növbəti illərdə Şərqi Zəngəzurdakı həmin hava limanlarının açılışında da birgə iştirak edəcəyik".
Füzuli beynəlxalq hava limanına ilk uçuş
Məlumat üçün bildirək ki, bugün Füzuli beynəlxalq hava limanında əlamətdar hadisə baş verib. Hava limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan "Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib.
Simvolik məqam ondan ibarətdir ki, həmin təyyarə "QARABAĞ" adını daşıyır (AZAL-ın donanmasında olan təyyarələr Azərbaycanın rayon və şəhərlərinin şərəfinə adlandırılmışdır).
Bundan əlavə, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də bu gün Füzuli hava limanına eniş icra edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.
Sərnişin təyyarəsi ilə Bakı – Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edib.
"Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tikinti işlərinə birbaşa nəzarəti sayəsində mümkün olmuşdur. Dövlət başçısının qeyd etdiyi kimi, bu hava limanı Qarabağa hava qapısı olacaq. Qeyd etmək istərdim ki, qısa müddətə baxmayaraq, Füzuli hava limanı beynəlxalq hava limanları münasibətində irəli sürülən bütün yüksək tələblərə uyğun şəkildə inşa edilmişdir", - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.
Füzuli beynəlxalq hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Uçuş-enmə zolağı, ICAO-nun bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün instrumental enmə və naviqasiya sistemləri, işıqtexniki, ilkin və ikincil radiolakasiya sistemləri ilə tam təchiz olunub. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcək. Perronun sahəsi 60 min kvadratmetr təşkil edir.
Avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava hərəkətini idarəetmə (HHİ) qülləsinin tikintisi başa çatıb. Bunun sayəsində Füzuli hava limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaq. Aeronaviqasiya sisteminə və işğaldan azad edilmiş ərazilər üzərindən uçuşlara tam nəzarəti təmin etmək üçün yeni beynəlxalq hava yolları tətbiq olunur.
Gələcək aerovağzal kompleksinin elektrik enerjisi ilə təmin edilməsi üçün nəzərdə tutulan əsas transformator yarımstansiyaları və elektrik ötürücü xətləri də hazırdır. Qazanxana və digər köməkçi binaların tikintisi başa çatıb.
Sentyabrın sonunda istifadəyə verilməsi nəzərdə tutulan sərnişin terminalının qarşısında 150 avtomobil üçün nəzərdə tutulan dayanacaq inşa edilib. Həmçinin, Füzuli beynəlxalq hava limanını "Zəfər Yolu" və Şuşa şəhərinə aparan magistral yolu ilə birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir. Bundan əlavə, hava limanının ərazisində yaşıllaşdırma işləri aparılır.
Qeyd edək ki, həmçinin dövlət başçısının tapşırığı ilə Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi davam edir.
Həmçinin oxuyun:
* "Qarabağ" sərnişin təyyarəsi Füzulidən Bakıya qayıdıb
* Tarixi uçuş: "Qarabağ" təyyarəsi Füzuli beynəlxalq hava limanında ilk eniş edib
* Fizulili deputat Fizuliyə eniş edən təyyarə barədə
Qarabağın hava qapısı: Bu gün Füzuli hava limanına ilk sınaq uçuşu olacaq
Xəbər lenti
0