Bu gündən bir sıra məkanlara giriş COVID-19 pasportu ilə mümkündür, toylara da yasaq var

© Sputnik / Murad OrujovПаспорт COVİD-19
Паспорт COVİD-19 - Sputnik Azərbaycan, 1920, 01.09.2021
Abunə olmaq
Peyvənd olunmayan şəxslər həmin obyektlərə daxil olarsa, həmin vətəndaş deyil, obyekt sahibi cərimələnəcək.
BAKI, 1 sentyabr - Sputnik. Bu gündən - sentyabrın 1-dən Azərbaycanda restoranlar, iri ticarət mərkəzləri, mehmanxanalar və s. yerlərə giriş üçün COVID-19 pasportu tələb ediləcək.
Sputnik Azərbaycan xəbər verir ki, yaşı 18-dən yuxarı olan şəxslər qeyd olunan qapalı məkanlarda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.
Peyvənd olunmayan şəxslər həmin obyektlərə daxil olarsa, həmin vətəndaş deyil, obyekt sahibi cərimələnəcək. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər üçün 200 manatdan 400 manatadək, vəzifəli şəxslər üçün isə 3 000 manatdan 4 000 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Bundan başqa, bu gündən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq:
- mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;
- mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;
Eyni zamanda ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması da tələb olunacaq.
Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti noyabr ayının 1-nə kimi uzadılıb.
Toyların COVID-19 pasportu olmadan 50 nəfərədək şəxsin iştirakı ilə keçirilməsi qadağan edilib
Bu gündən etibarən 50 nəfərə qədər şəxsin iştirakı ilə keçirilən şənlik mərasimlərində də COVID-19 pasportunun təqdim olunması tələb ediləcək.
“Report” xəbər verir ki, bununla bağlı müvafiq qərar sentyabrın 1-dən qüvvəyə minib.
Belə ki, hökumətin bununla bağlı imzaladığı qərara əsasən, 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır.
Eyni zamanda ictimai iaşə obyektlərində monitorinqlər, habelə 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, bundan əvvəl 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburi idi və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmurdu.
Xəbər lenti
0