17:29 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9944
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
10 0 0

Rəhimova Fətdanə Əsədulla qızının vəzifə səlahiyyətlərindən istifadə edərək rəhbərlik etdiyi təhsil müəssisəsinin əməkdaşlarının işə gəlməmələrinə şərait yaradaraq onlara ayrılmış 35.000 manat əmək haqqını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

BAKI, 17 avqust — Sputnik. Dövlət büdcəsi vəsaitlərinin Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C.Cahangirov adına 4 saylı tam orta məktəbdə direktor vəzifəsində işləyən Rəhimova Fətdanə Əsədulla qızı tərəfindən maliyyə vəsaitinin mənimsəməsinə dair Sabunçu rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, araşdırma nəticəsində Rəhimova Fətdanə Əsədulla qızının vəzifə səlahiyyətlərindən istifadə edərək rəhbərlik etdiyi təhsil müəssisəsinin əməkdaşlarının işə gəlməmələrinə şərait yaradıb onlara ayrılmış 35.000 manat əmək haqqını mənimsəməsinə əsaslı şübhələr müəyyən edildiyindən Sabunçu rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Fətdanə Rəhimova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət prosessual qanunvericiliyə uyğun olaraq Fətdanə Rəhimovanın xidməti otağında və yaşadığı ünvanda aparılmış axtarış zamanı məktəbin əməkdaşlarının adına olan ümumilikdə 38 ədəd əmək haqqı kartı, çoxsaylı sosial sığorta şəhadətnamələri və iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülüb.

Rəhimova Fətdanə Əsədulla qızının qanunsuz əməllərindən zərər çəkmiş şəxslərdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan 11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinin vəzifəli şəxslərinin səlahiyyətlərindən sui-istifadə edib saxtakarlığa yol verməklə külli miqdarda pul vəsaitini mənimsəmələri faktları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə külli miqdarda törədildikdə), 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaqı aparılıb.

Aparılan istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, həmin məktəbin direktoru işləmiş Gülnarə Abdullayeva 2020-ci ilin yanvar ayından 2021-ci ilin avqust ayınadək olan müddətdə şəxsən və həmin məktəbin əməkdaşları vasitəsilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə faktiki olaraq işə gəlməyən müəllimlərin guya işə gəlməklə tədris həyata keçirməsi, müəllim və tərbiyəçilərin dərs saatlarının artıq göstərilməsi, gündəlik məktəbə gələn uşaqların sayının artıq göstərilməsi ilə onların qidalanması üçün tələb olunan qida məhsulları və içməli suyun artıq rəsmiləşdirilməsinə nail olmaqla 88 min 622 manat pul vəsaitini nağdlaşdıraraq mənimsəməsinə, vəzifə saxtakarlığına yol verərək səlahiyyətlərindən sui-istifadə edib.

Cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, G.Abdullayevanın otağına keçirilmiş baxış zamanı ayrı-ayrı şəxslərin adına olan 4 ədəd plastik kart, işçilərə pul vəsaiti verməsi ilə bağlı qeydlərin aparıldığı dəftərçəsi aşkar olunaraq götürülüb.

Hazırda cinayət işi üzrə bütün təqsirli şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin oxuyun:

Teqlər:
məktəb, direktor, Cinayət

Əsas mövzular