07:12 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0023
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
21 0 0

Qala və məsciddə TİKA tərəfindən aparılacaq təmir-bərpa işləri 2021-2022-ci illərdə reallaşdırılacaq.

BAKI, 8 iyul — Sputnik. Bakının Mərdəkan qəsəbəsində yerləşən Böyük Mərdəkan qalası və Tuba Şahi məscidi restavrasiya olunacaq.

Sputnik Azərbaycan-ın xəbərinə görə, qala və məsciddə təmir-bərpa işləri Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən həyata keçiriləcək. Restavrasiya prosesi 2021-2022-ci illərdə reallaşdırılacaq.

Məlumat üçün bildirək ki, Dördkünc Mərdəkan qalası və ya böyük Mərdəkan qəsri Abşeronun ən qədim qalalarından biri və ən hündür donjonudur (digər qalalardan fərqli olaraq, donjonlar əsas qala ilə əlaqəsi olmayan divarlarla əhatə olunur; belə demək mümkünsə, qala içində qala). Qalanın hündürlüyü 22 metr, əhatə divarlarının hündürlüyü 7 metrdir. Qalınlığı aşağı hissədən 2,1 metr, yuxarıdan isə 1,6 metrdir. İstehkam içəridən 5 yarusa bölünür.

Bakının Mərdəkan qəsəbəsində yerləşən bu qala XII əsrdə - 1187-1188-ci illərdə Şirvanşah I Axsitan tərəfindən tikilib. Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmış qaladan müxtəlif vaxtlarda müdafiə məqsədilə, eləcə də müşahidə məntəqəsi, bəzi dövrlərdə isə qəsr kimi istifadə edilib.

Qalanın həyətinə daxil olarkən ilk növbədə yerdəki quyular diqqəti cəlb edir. Dərinliyi təqribən 2 metr olan bu quyular əsasən düşmən hücumu zamanı qalaya sığınarkən müxtəlif növ ərzaq məhsullarının saxlanılması üçün nəzərdə tutulub. Ümumilikdə donjonun ətrafında və həyətində vaxtilə 90-dan çox quyunun (o cümlədən su quyuları) olduğu bildirilir. Bundan başqa, həyətdə qədim daş kitabələr, daşdan yonulmuş və saxsı əşyalar, qablar da var.

İstehkamın bütün mərtəbələrinə ənənəvi birtərəfli, spiralvari pillələrlə qalxmaq mümkündür - dar pəncərələrdən zəif işıq düşən, alaqaranlıq otaq-mərtəbələr. Qalanın üstündən böyük bir ərazini - bir neçə km sahil zonasını, qonşu qəsəbələri, eləcə də şəhərin bir hissəsini müşahidə etmək olar.

Tuba Şahi məscidi XV əsrə aiddir. Tuba Şahi məscidi tikintidə geniş yayılmış ibadətgahların ən səciyyəvi növlərindən biridir.

Əsas mövzular