06:38 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0023
  • RUB0.0230
XƏBƏRLƏR
Qısa URL
21 0 0

An-26 təyyarəsinin qəzası ilə bağlı artıq Azərbaycan prezidenti və hökumət başçısı Rusiya tərəfinə məktub ünvanlayıblar.

BAKI, 7 iyul — Sputnik. Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, Baş nazir Kamçatkada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərindən kədərləndiyini bildirib.

Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.

Azərbaycanın Prezidenti İlham Əliyev dünən Kamçatkada An-26 təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Rusiyanın dövlət başçısı Vladimir Putinə başsağlığı verib.

Qəza və sonrakı hadisələr

Qeyd edək ki, ötən gün Rusiyada sərnişin təyyarəsi radardan itib. Sputnik Azərbaycan xəbər verir ki, Petropavlovskdan Kamçatkanın Palan qəsəbəsinə uçuş həyata keçirən An-26 sərnişin təyyarəsi ilə əlaqə saxlamaq mümkün olmayıb.

İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 6 ekipaj üzvü və 22 sərnişin olub. Sərnişinlərdən ikisinin uşaq olduğu bildirilir. Təyyarənin axtarışına Rusiyanın Sakit okean donanması, bir təyyarə və iki helikopter cəlb edilib.

Rusiya Baş naziri Mixail Mişustin təyyarənin itməsinin səbəblərinin araşdırılması üçün xüsusi komissiyanın yaradılması haqqında qərar qəbul edib.

Ötən gün radarlardan itmiş An-26 təyyarəsinin göyərtəsində olan 28 nəfərin hamısı həlak olub. Təyyarənin qalıqlarını dəniz aviasiyasının İL-38 təyyarəsi tapıb.

Kamçatkada qəzaya uğrayan təyyarənin qalıqları aeroportdan 3,8 kilometr aralıda tapılıb. Bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb.

"Təyyarənin qalıqları aeroportdan 3,8 kilometr aralıda aşkarlanıb. Hadisə yerinə 26 nəfərlik xilasedicilər qrupu cəlb olunub", - deyə məlumatda bildirilir.

FHN-dən qeyd olunub ki, qaranlıq düşdüyündən və okeanda qabarma başladığından hərəkət çətinləşir.

AN-26-nın göyərtəsində kimlər olub?

An-26 təyyarəsinin mümkün düşmə sahəsi hava limanından 15-25 km radiusdakı sahil zonasıdır. Axtarışlar, həmçinin dəniz hövzəsində də aparılır. Orada katerlər də daxil olmaqla, axtarış işi davam etdirilir.

Mətbuat təyyarənin göyərtəsində Palana kənd administrasiyasının dörd əməkdaşının olduğunu bildirib: qurumun rəhbəri Olqa Moxireva, həmçinin idarənin səfərbərlik şöbəsinin müdiri Aleksandr Andreykin və onun həyat yoldaşı, maliyyə şöbəsinin müdiri Olqa Andreykina, təhsil, sosial müdafiə, mədəniyyət və idman şöbəsinin müdir müavini Yuliya Surovtseva. Siyahıda, həmçinin "PİK" tikinti şirkətinin baş direktoru Pyotr Ayanın da adı var. Təyyarənin göyərtəsində 12 yaşına kimi iki uşaq da olub.

AN-26 təyyarəsi haqqında nə məlumdur

"AviaPort" agentliyinin icraçı direktoru Oleq Panteleyev RİA Novosti-yə bildirib ki, An-26 təyyarələri vaxtilə ciddi qəzalara məruz qalsalar da, onların "ümumi texniki nasazlığı" yoxdur. "Əlbəttə, kütləvi tipli istənilən hava gəmisi kimi AN-26-ın tarixində də ağır aviaqəzalar olub. Ancaq bu təyyarələrin "ümumi texniki nasazlığa" malik olduğunu söyləmək doğru deyil", – deyə Panteleyev vurğulayıb.

O qeyd edib ki, yoxa çıxan təyyarənin istismarı ilə məşğul olan Kamçatka Aviasiya Müəssisəsinin parkında 5 ədəd An-26-100 və An-26B-100 (sərnişin versiyası) var. Bu təyyarələr 1980-1985-ci illərdə buraxılıb. Hələ də kifayət qədər əsaslı təmir müddəti nəzərə alınmaqla, uçuşa yararlı hesab olunurlar. Xidmət təqviminin müddətinə görə, təyyarələr hələ 2030-2035-ci illərə qədər havaya qalxa bilər. Təyyarələrə mütəmadi olaraq Kamçatka Aviasiya Müəssisəsinin bazasında xidmət göstərilir. Heyət təcrübəli pilotlardan ibarətdir.

Mütəxəssisin sözlərinə görə, yoxa çıxmış təyyarə 30 iyul 1982-ci ildə buraxılıb, 2012-ci ilin avqustunda isə əsaslı təmir edilib. "21-ci əsrdə bir qəza keçirib - 2012-ci ildə - əlverişsiz hava şəraitində An-26 təyyarəsi eniş vaxtı təpəciklə toqquşub və aşıb", – deyə Panteleyev əlavə edib.

Onun sözlərinə görə, aviaşirkət müntəzəm olaraq Federal Hava Nəqliyyat Agentliyinin Kamçatka Regionlararası Ərazi Nəzarətində yoxlamadan keçirilir və nəticə müsbət olur. "Xüsusilə də, 2020-ci ilin ikinci yarısındakı yoxlamadan yaxşı xəbərdaram. Nəticə - istismarçı şirkət federal aviasiya qaydalarının tələblərinə və istismar şərtlərində göstərilən tələblərə uyğun olaraq kommersiya hava daşımalarını təhlükəsiz şəkildə həyata keçirə bilər", – deyə o qeyd edib.

Həmçinin oxuyun:

İlham Əliyev Vladimir Putinə məktub ünvanlayıb

Rusiyada radarlardan itən təyyarənin qalıqları tapıldı

Əsas mövzular