Saxlanılan bir qrup erməniyə hökm oxunub

Суд - Sputnik Azərbaycan, 1920, 02.07.2021
Abunə olmaq
Prokuror çıxış edərək təqsirləndirilən şəxslərə verilən ittihamlardan yalnız Cinayət Məcəlləsinim 318-ci maddəsi ilə Avakyan Qraç, Serobyan Geğamın 5 il, digərlərinin isə həmin maddə ilə 2 il azadlıqdan məhrum edilməsini xahiş edib.

Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvü - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində iki nəfər dindirilib.

Prosesdə daha sonra sənədlərin tədqiqi mərhələsinə keçirilib və onlar elan edilib.

Məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxış edərək təqsirləndirilən şəxslərə verilən ittihamlardan yalnız Cinayət Məcəlləsinim 318-ci (sərhədi qanunsuz keçmə) maddəsi ilə Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviçin 5 il, digərlərinin isə həmin maddə ilə 2 il azadlıqdan məhrum edilməsini xahiş edib.

Prokuror çıxışında təqsirləndirilən şəxslərə verilən digər maddələrin ittihamdan xaric edilməsini istəyib.

Məhkəmə müşavirəyə gedib.

Müşavirədən sonra hakim hökmü elan edib. Hökmə əsasən, Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç 4 il, digərləri isə 6 ay azadlıqdan məhrum edilib.

Məhkəmə prosesi başa çatıb.

İyunun 29-da keçirilmiş məhkəmə iclası

Hakim Əfqan Hacıyevin sədrliyi ilə iyunun 29-da keçirilən keçirilən prosesdə təqsirləndirilən A.Petrosyan dindirilib.

O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanıldıqdan sonra ona və digərlərinə heç bir təzyiq göstərilməyib: “Saxlanılan zaman bizə insani münasibət göstərildi. Onlar su və siqaret verdilər. Silah-sursatlarımızı Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına təhvil verdik”.

Daha sonra məhkəmədə digər təqsirləndirilən Q.Qasparyan ifadə verib. O, dindirilən zaman deyib ki, ötən ilin noyabr ayında Gümrüdə yerləşən hərbi komissarlığa çağırılıb:

“Laçına getdik, sonra Hadrut istiqamətində dağda məskunlaşdıq. Biz dağdan aşağı enəndə Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanıldıq, silahlarımızı da onlara təhvil verərk təslim olduq".

Prokurorun suallarını cavablandıran Q.Qasparyan söyləyib ki, Laçın istiqamətində Rusiya sülhməramlılarının yanından silahları ilə birlikdə keçiblər.

Məhkəmədə onun istintaqa verdiyi ifadəsi elan olunub. O, istintaqda dindirilən zaman deyib ki, məqsədləri olduqları ərazilərə Azərbaycan tərəfindən kimsə gəlsə, onlara silahlı müqavimət göstərmək idi.

Daha sonra prosesdə A.Minasyan, K.Sefilyan, A.Baqasyan və S.Yenqoyan da dindirilib. Onlar da digər təqsirləndirilən şəxslər kimi eyniməzmunlu ifadə veriblər.

Təqsirləndirilən şəxslərin hər birinin istintaqa verdikləri ifadə ilə məhkəmədəki ifadələr arasında ziddiyət yaranıb. Onların istintaqa verdikləri ifadələr elan olunub.

Həmin şəxslər istintaqda bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbiçələri onların olduğu əraziyə yaxınlaşacaqları təqdirdə silahlı müqavimət göstərmək əmri alıblar.

Prosesdə təqsirləndirilən M.Minosyan da ifadə verib.

O bildirib ki, noyabr ayında Gümrüdə yerləşən hərbi komissarlıqdan çağırışçı kimi orduya çağırılıb:

"Orada silahlandırıldıq və gecə Laçına gəldik. Rusiya sülhməramlılarının yanından keçdik. Onlar bizi yoxlamadan buraxdılar. Sonra dağa qalxdıq. Komandirimiz Arsen Kazaryan idi. Bizi dəstələrə böldülər, qida ilə təmin edildik. Dekabrın 13-də tapşırıq gəldi ki, dağdan düşək. Aşağı düşən zaman Azərbaycan Silahlı Qüvvələri bizi saxladı, silah-sursatımızı onlara təhvil verərək təslim olduq".

O, prokurorun suallarını cavablandırarkən deyib ki, 2016-2018-ci illərdə Azərbaycanın Xocalı rayonu ərazisində hərbi xidmətdə olub: "Həmin ərazilərin Azərbaycana aid olduğundan xəbərim var idi. Lakin hərbi qulluqçu olduğum üçün verilən əmrləri sorğulamırdıq. Ümumi komandirim Kazaryan olub, lakin dəstələrə bölünəndən sonra bizə Avakyan Qraç rəhbərlik edirdi".

Daha sonra M.Minosyanın istintaqda verdiyi ifadəsi elan olunub. O bildirib ki, müşahidə apardıqları yerə Azərbaycan Ordusunun əsgərləri gələn zaman onlara silahlı müqavimət göstərmək tapşırığı alıblarmış.

Məhkəmədə Y.Karapetyan, R.Sedrakyan, E.Matesyan da dindirilib. Onlar Gümrüdə yerləşən hərbi komissarlıqdan silah-sursatla Azərbaycan ərazisinə daxil olduqlarını, Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanıldıqlarını deyiblər.

Xəbər lenti
0