Bu həftəsonu ictimai nəqliyyat necə işləyəcək?

© Sputnik / Murad OrujovАвтобус на одной из улиц в Баку
Автобус на одной из улиц в Баку - Sputnik Azərbaycan, 1920, 18.06.2021
Abunə olmaq
Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə əlaqədar olaraq ictimai nəqliyyat planı hazırlanıb. Sputnik Azərbaycan bu həftəsonu ictimai nəqliyyatın hansı qrafiklə işləyəcəyini araşdırıb.

BAKI, 18 iyun — Sputnik. Bu şənbə Bakı şəhərində avtobuslar işləməyəcək. Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Xəbərdə qeyd olunub ki, xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq: "20 iyun bazar günü olmasına baxmayaraq Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək".

Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə əlaqədar olaraq ictimai nəqliyyat planı hazırlanıb. Müvafiq dövlət qurumları ilə koordinasiyalı hazırlanan plana uyğun olaraq bilet alan azarkeşlərin Bakı Olimpiya Stadionuna və geriyə daşınması üçün ekspres marşrut xətləri təşkil ediləcək.

Qeyd edək ki, Futbol üzrə UEFA Avropa çempionatının final mərhələsinin "A" qrupunun 3 oyunundan biri 20 iyuna təsadüf etdiyindən paytaxt Bakıda ictimai nəqliyyat işləyəcək. Metro adi günlərdən fərqli olaraq iyunun 20-də gecə saat 02:00-a qədər sərnişin daşıyacaq. Onu da xatırladaq ki, Avropa çempionatına akkreditə olunmuş şəxslər Bakı metropolitenindən gediş haqqı ödəmədən və müvafiq vəsiqəni təqdim edərək istifadə edə biləcəklər. Ümumiyyətlə, oyun günləri "Koroğlu" stansiyasında operativ qərargah fəaliyyət göstərəcək. Buradan əməliyyat-qrafik üzrə tədbirlərin yerinə yetirilməsinə, hərəkətin tənzimlənməsinə və digər vacib qərarların verilməsinə şərait yaradılıb. Stansiyada müvafiq strukturların fəaliyyəti üçün lazımi imkanlar yaradılıb.

Gücləndirilmiş iş rejimi qaydasında çalışan metropolitendə müvafiq rəhbər və mütəxəssis heyətindən ibarət operativ mərkəzlər fəaliyyət göstərəcək. Onların fəaliyyəti əsas qərargahdan idarə olunacaq. Müvafiq dövlət strukturları və yarışın təşkilat komitəsi ilə sıx əlaqəli şəkildə Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən "Koroğlu" stansiyasına giriş-çıxışın tənzimlənməsi təmin olunacaq. Tədbirlər planına uyğun olaraq, ehtiyat qatarlar xəttə çıxarılmağa hazır olacaq. "Koroğlu" stansiyasında sərnişinlərin yönləndirilməsinə zərurət yaranarsa, səsucaldanlardan istifadə ediləcək.

Oyunların keçirildiyi günlərdə metropolitenin 7 stansiyasında ("İçərişəhər", "Sahil", "28 May", Gənclik", "Nəriman Nərimanov", "Koroğlu" və "Nizami") könüllülər fəaliyyət göstərəcəklər. Onlar üzərində "Ask me" yazılmış xüsusi geyimlərdə olacaq və qonaqları məlumatlandıracaq, yaranan sualların cavablandırılmasını təmin etmək üçün metropolitençilərə dəstək verəcəklər. Könüllülər sərnişinin yaddaş kitabçası, şəhər və Avropa çempionatı haqqında məlumat və digər vəsaitlərlə təmin ediləcəklər.

İyunun 20-də Abşeron dairəvi dəmir yolu xəttində isə qatarlar qeyri-iş günlərində olduğu qrafikə uyğun hərəkət edəcək.

Azərbaycanda AVRO-2020 oyunları

Xatırladaq ki, AVRO-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub. Bunlardan 20 iyunda Türkiyə - İsveçrə (saat 20:00) görüşləri təşkil olunacaq. 1/4 final mərhələsinin 3 iyuldakı qarşılaşması saat 20:00-da start götürəcək. Onu da qeyd edək ki, Azərbaycanda keçiriləcək AVRO-2020-nin qrup oyunlarına gələcək azarkeşlər koronavirus pandemiyası səbəbindən karantinə alınmayacaqlar. Türkiyə, İsveçrə və Böyük Britaniyadan olan bilet sahibləri, həmçinin 1/4 final iştirakçılarının azarkeşləri vizaları Bakıya çatarkən hava limanında əldə edəcəklər. Onlar bu sənədi onlayn şəkildə də ala bilərlər. Standart vizalar onlayn rejimdə üç iş gününə alınırsa, bunu təcili şəkildə 3-5 saata həll etmək olacaq. Bütün azarkeşlərə müvafiq qaydalara əməl etmək tövsiyə olunacaq. Azarkeşlər ölkəyə daxil olarkən sərhəddə bileti və koronavirus testinin mənfi nəticə göstərdiyini təsdiqləyən sənədi göstərməlidirlər. Stadiona giriş üçün əlavə testə ehtiyac olmayacaq. Koronavirus pandemiyası nəzərə alınaraq Bakıda fan-zonalar təşkil edilməyəcək. Bu, insanların bir yerə toplaşmaması üçündür.

 

Xəbər lenti
0