Azərbaycanlı xanım Finlandiyada vəzifəyə gətirildi

© Photo : Facebook / Ulviyya CabbarovaÜlviyyə Cabbarova
Ülviyyə Cabbarova - Sputnik Azərbaycan, 1920, 14.06.2021
Abunə olmaq
Finlandiya Sosial Demokrat Partiyasının üzvü olan Ülviyyə Cabbarovanın namizədliyi Uusimaa bölgəsinin Kirkkonummi icmasının bələdiyyə seçkilərində qeydə alınıb.

BAKI, 14 iyun — Sputnik. Finlandiyada yaşayan həmyerlimiz Ülviyyə Cabbarova bələdiyyə sədrinin müavini seçilib. Bu barədə o, özünün "Facebook" səhifəsində məlumat paylaşıb:

"Bələdiyyə seçkilərində Finlandiyanın Kirkkonummi şəhərinin bələdiyyə sədrinin müavini seçildim. Səs verən və dəstək olan hər kəsə çox təşəkkür edirəm. Səmimi qürur hissi keçirirəm və minnətdaram", - deyə o öz hesabında yazıb.

Qeyd edək ki, Ülviyyə Cabbarova 16 ildən çoxdur ki, ailəsi ilə birgə Finlandiyanın paytaxtı Helsinki şəhərində yaşayır. İxtisasca musiqiçi olan soydaşımız yerli məktəblərin birində müəllim kimi fəaliyyət göstərib, eyni zamanda, Azərbaycan musiqisini geniş təbliğ edib. Musiqi fəaliyyəti ilə yanaşı, Ülviyyə Cabbarova Finlandiyada Azər-Türk Gənclər Birliyinin rəhbəri kimi aktiv diaspor işi ilə də məşğul olur. 2019-cu ilin noyabrında yaradılmış Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi kimi fəaliyyət göstərir.

Ülviyyə Cabbarovanın namizədliyi Uusimaa bölgəsinin Kirkkonummi icmasının bələdiyyə seçkilərində qeydə alınıb. Seçkilərin 18 aprel tarixində keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən təxirə salınıb və 13 iyun tarixində baş tutub.

Həmyerlimiz yuxarıda sadalanan fəaliyyətlərlə yanaşı, həm də Finlandiya Sosial Demokrat Partiyasının üzvüdür. Bu ölkədə yaşadığı müddətdə o, Azərbaycan həqiqətlərinin, mədəniyyətinin və incəsənətinin təbliğinə yönəlmiş xüsusi fəaliyyəti ilə seçilib. Cabbarovanın bu fəaliyyəti ötən il ona Azərbaycan Respublikasının "Diaspor Fəaliyyətində Xidmətə görə" medalını qazandırıb.

Xəbər lenti
0